Edita Anna Qurniyak (; ) — Polşalı estrada müğənnisi, səsləndirmə aktrisası. O, karyerasına 1990-cı ildə musiqili teatr aktrisası kimi başlayıb. Brodveydə də nümayiş etdirilən və Polşa tarixinin ən uğurlu musiqili tamaşası olan, "Toni" mükafatına namizəd göstərilmiş "Metro"da çıxış edib. Qurniyak 1994-cü ildə "To nie ja" mahnısı ilə Avroviziya Mahnı Müsabiqəsində Polşanın ilk nümayəndəsi olub. Yarışmanı ikinci sırada başa vurub ki, bu da hələ də ölkənin sözügedən müsabiqədəki ən yaxşı nəticəsi olaraq qalmaqdadır.

Bu uğur onun həm öz ölkəsində, həm də beynəlxalq səviyyədə onilliklər boyu davam edən pop müğənnisi karyerasının əsasını qoyub. Qurniyak həmçinin "European Radio Top 50" siyahısına daxil olan 1997-ci il istehsalı "One and One" sinqlı ilə də tanınıb. O, incəsənətə verdiyi töhfələrə görə "Mədəniyyət qarşısında xidmətlərinə görə" bürünc "Gloria Artis" medalı ilə təltif edilib.

Həyatı Edita Qurniyak 14 noyabr 1972-ci ildə Zembise şəhərində anadan olub. Qorniyak qaraçı mənşəlidir.Krysiak P., Edyta Górniak: without censorship, Wydawnictwo "Akapit", 2005, ISBN 83-922376-0-9 . Vokal dərsləri alıb, 1989-cu ildə, 16 yaşında olarkən Polşa televiziyasının istedadlar şousunda ilk dəfə ictimaiyyət qarşısında çıxış edib və Sem Braunun (Sam Brown) məşhur "Stop!" mahnısı ilə qalib gəlib. 1990-cı ildə Opole Polşa Mahnı Festivalında debüt edən müğənnilərin müsabiqəsində çıxış edib və fəxri diploma layiq görülüb. Növbəti üç il ərzində o, musiqili teatrlarda çıxış edib. Polşa tarixinin ən populyar və ən uzunömürlü yerli müzikli olan və onu Brodveyə aparan "Metro" ("Metropoliten") müziklinin ulduzu olub. Nyu-Yorkda ona "Elite" model agentliyi tərəfindən iş də təklif olunub, lakin o, müğənnilik karyerasını davam etdirməyə üstünlük verib bu təklifi rədd edib. Daha sonra Polşada rok-n-rolldan əvvəlki dövrün klassik Polşa pop mahnılarından ibarət "Do grającej szafy grosik wrzuć" ("Musiqi qutusuna bir qəpik at"), Polşalı müəllif Yonaş Koftanın mahnılarından ibarət "Blues Minus" və Belçikalı müğənni-bəstəkar Jak Brelin mahnılarının Polşa versiyalarından ibarət "Brel" kimi növbəti üç müzikldə ifa edib. 1993-cü ilin iyul ayında Edita Karlshamn şəhərində keçirilən festivala dəvət alıb. Həmin ilin sentyabr ayında o, BUFFO Teatr truppasının ifasında "Musiqi qutusuna bir qroşen atın" tamaşasında iştirak etdi və bu tamaşada yaşlı tamaşaçıların sevgisini qazanan "Kaştanı" və "Malaqenya" mahnılarını ifa etdi. 1993-cü ildə Qorniak İsveçdə keçirilən Baltik Mahnı Müsabiqəsində iştirak edib və üçüncü yeri tutub.

Karyerası Avroviziya uğuru

1994-cü ildə Edita Qurniyak Avroviziya Mahnı Müsabiqəsində iştirak edən ilk Polşa sənətçisi olub və burada olduqca yüksək olan ikinci yeri qazanıb. Bu nəticə indiyə qədər Polşanın müsabiqədəki ən yaxşı göstəricisi olaraq qalır. Onun ifa etdiyi mahnı "To nie ja" ("Bu mən deyiləm") olub, hansı ki, ingilis dilində sinql olaraq "Once in a Lifetime" ("Həyatda bir dəfə") adı ilə də işıq üzü görüb. "To nie ja" mahnısı Polşada onun üçün dönüş nöqtəsi olub və 1994-cü ilin ən böyük hitinə çevrilib. Edita Qurniyak "EMI" şirkətinin Polşa bölməsi ilə müqavilə imzalayıb. Onun ilk studiya albomu olan "Dotyk" ("Toxunuş") bir il sonra, 1995-ci ilin mayında buraxılıb və Polşada yarım milyon nüsxə satılaraq Polşa Fonoqrafiya Sənayesi Cəmiyyəti (ZPAV) tərəfindən brilyant sertifikat alıb. Bu albom ona "Jestem kobietą" ("Mən qadınam") və 1995-ci ilin ən böyük Polşa hiti olan albomla eyni adlı "Dotyk" kimi yeni hitlər qazandırıb. Edita Qurniyak güclü səsi və orijinal gözəlliyi ilə tez bir zamanda Polşada gənc nəslin kumirinə çevrilib. 1996-cı ildə o, Londonda beş albom üçün "EMI International" şirkəti ilə müqavilə bağlayıb. Bununla belə, o, Polşa bazarı üçün də yazılışları davam etdirib və Polşada daha üç hitə imza atıb. Bunlara Disneyin "Pokahontas" cizgi filmindən "Colors of the Wind" mahnısının Polşa versiyası olan "Kolorowy wiatr" ("Rəngli külək"), Kayli Minoq (Kylie Minogue) tərəfindən yazılmış "Love Is on the Line" klub hiti və 1996 Yay Olimpiya Oyunlarının Polşa himni olan "To Atlanta!" ("Bu, Atlantadır!") daxil olub.

Beynəlxalq karyerası

Edita Qurniyak tarixdə albomu ən çox satılan polşalı sənətçilərdən biridir. Edita Qurniyak bir il sonra, 1997-ci ilin noyabrında ingilis dilində olan ilk "Edyta Górniak" albomunu çıxarıb. Buradakı mahnılar bir çox əfsanəvi pop klassiklərinin müəllifləri tərəfindən yazılıb. Bura Billi Staynberq (Madonna üçün "Like A Virgin"), Saymon Klaymi (Areta Franklin və Corc Maykl üçün "I Knew You Were Waiting (For Me)"), Corc Merill və Şennon Rubikan (Vitni Hyuston üçün "I Wanna Dance With Somebody"), Sida Qarret (Maykl Cekson üçün "Man in the Mirror") və ya Rik Nouels (Selin Dion üçün "Falling into You") daxil olub. Bununla belə, "When You Come Back to Me" (xüsusilə Skandinaviya və Portuqaliyada populyar olub) və "One & One" (Fransa və Almaniyada kiçik bir hit olub və "Music & Media" nəşrinin "European Radio Top 50" radioda ən çox səslənən mahnılar siyahısına düşən ilk Polşa layihəsi olaraq tarixə keçib) sinqllarının orta dərəcəli uğuru albomun qlobal miqyasda 150 mini Polşada olmaqla, beynəlxalq səviyyədə ümumilikdə 500 min nüsxə satılması ilə nəticələnib. Əfsanəvi "Billboard" jurnalının jurnalisti Fred Bronson bu albomu 1998-ci ildə bütün dünyada ilin ən yaxşı 20 albomundan biri seçib.

Həmin albomdan iki mahnı digər sənətçilər tərəfindən uğurla yenidən ifa edilib (kaver olunub). Bunlardan "One & One" mahnısı 1996-cı ildə (Qorniyakın orijinal versiyası sinql kimi buraxılmazdan əvvəl) Robert Maylz tərəfindən oxunub və Avropa sinqlları siyahısında 1 nömrəyə yüksəlib, "Perfect Moment" mahnısı isə 1999-cu ildə Martin MakKatçen tərəfindən ifa olunaraq Böyük Britaniyada 1 nömrə olub. Beynəlxalq albomunun təbliği zamanı Qorniyak Polşada əfsanəvi tenor Xose Karreras ilə konsert verib və 1997-ci ildə onunla birlikdə "Hope For Us" adlı yeni hit yazdırıb. O, həmçinin Polşa auditoriyası üçün daha iki hit ərsəyə gətirib. Bunlardan biri 1998-ci ildə Disneyin "Mulan" cizgi filmindən "Reflection" mahnısının Polşa versiyası olan "Lustro" ("Güzgü"), digəri isə Polşanın "Odla və qılıncla" filmindən götürülmüş və 1999-cu ilin ən böyük Polşa hiti olan "Dumka na dwa serca" ("İki qəlbin duması") mahnısı olub.

1999-cu ildə Qorniyak Polşa turnesinə çıxıb və beynəlxalq səviyyədə "Live '99" konsert albomunu 1999-cu ilin sentyabrında təqdim edib. 2000-ci ildə İspaniya Televiziyasında (TVE) onun 1994-cü ildəki Avroviziya mahnısı son onilliyin ən yaxşı Avroviziya mahnısı seçilib. 2002-ci ildə o, "EMI International" şirkətindən ayrılıb və "Virgin Germany" ilə müqavilə bağlayıb. Onun ikinci beynəlxalq studiya albomu beynəlxalq premerasından bir il əvvəl, 2002-ci ilin martında Polşada "Perła" ("Mirvari") adı altında işıq üzü görüb. Bu albom əsasən daha əvvəl Tina Törner və "The Spice Girls" qrupunun son albomları üzərində işləmiş "Absolute" komandası tərəfindən yazılıb və istehsal olunub. Yeni mahnılar həmçinin Stiv Kipner (Kristina Aqilera üçün "Genie in a Bottle") və Con Rid (Tina Törner üçün "When The Heartache Is Over") tərəfindən qələmə alınıb. Albomun Polşa nəşri ikiqat albom şəklində buraxılıb və bura Polyak dilində olan tamamilə yeni əlavə mahnılar, o cümlədən "Jak najdalej" ("Mümkün qədər uzaq") və "Nie proszę o więcej" ("Daha çoxunu istəmirəm") hitləri daxil edilib.

Qorniyaka həmçinin Cənubi Koreyanın Busan şəhərində keçirilən 2002 FİFA Dünya Kubokunda Polşanın dövlət himnini ("Mazurek Dąbrowskiego") oxumaq xahiş olunub və o, bunu yerinə yetirib. Bununla belə, onun çıxışı adəti üzrə olduğundan daha yavaş tempdə ifa edildiyi üçün birmənalı qarşılanmayıb və qarışıq rəylər alıb. 2003-cü ilin martında "Perła" albomunun beynəlxalq versiyası "Invisible" ("Görünməz") adı altında işıq üzü görüb. Albomdan olan tamamilə yeni "Impossible" klub musiqisi ilk beynəlxalq sinql olub. Onun yalnız Almaniya, Avstriya və İsveçrədə əldə etdiyi orta dərəcəli uğuru "Invisible" albomunun kommersiya uğursuzluğuna çevrilməsinə səbəb olub və əvvəlki studiya albomundan on dəfədən də az beynəlxalq satış göstəricisi qeydə alınıb. "Perła" adlı Polşa versiyası isə fonoqrafiya böhranı dövründə sənətçinin vətənində 40 min nüsxə satılaraq qızıl sertifikat qazanıb. Bir il sonra o, "Virgin" şirkətindən ayrılıb və on illik əməkdaşlıqdan sonra Polşadakı leyblını da tərk edib. Həmin ərəfədə o, Polşanın "Sweet Noise" metal qrupu ilə birlikdə yazdırdığı "Nie było" ("Heç vaxt olmayıb") mahnısı ilə ölkəsində növbəti hitinə imza atıb.

Müstəqil musiqi

Həmin il o, oğlu Allanı (27 mart 2004-cü il təvəllüdlü) dünyaya gətirib. Uşağın atası onunla gitaraçı kimi çalışan Dariuş Krupa olub. Krupa ilə birlikdə onlar "EG.Production" adlı öz müstəqil leybllarını təsis ediblər və Krupa onun meneceri olub. İlk olaraq o, tamamilə yeni üslubda, "chill-out" klub musiqisindən ibarət yeni Polşa albomunu yazdırmaq üçün Polşanın "Mathplanete" prodüser komandası ilə əməkdaşlığa başlayıb. 2005-ci ildə o, fransız dilində ifa olunan "Lunatique" sinqlını buraxıb. Həmin il o, Dariuş Krupa ilə ailə həyatı qurub.

2006-cı ildə digər bir klub sinqlı olan "Sexuality"ni təbliğ etmək üçün Qorniak üçüncü dəfə "Playboy" jurnalının Polşa nəşrinin üz qabığında yer alıb. "Mathplanete" ilə yazdırılan hər iki sinql hit-paradlarda uğursuzluğa düçar olub, buna görə də o, klub musiqisi yazdırmaq ideyasından imtina edib. Elə həmin il o, yeni bir böyük səsyazma şirkəti axtarışına çıxaraq özünün yeni beynəlxalq pop albomu üzərində işləməyə başlayıb. O, "Sony BMG" şirkətini seçib və bu yeni istiqamətin ilk bəhrələri "Cygańskie serce" ("Qaraçı ürəyi") və "Loving You" mahnıları olub. 2007-ci ildə o, daha bir film musiqisini ifa edib. Bu dəfə İspaniyanın "Dragon Hill" cizgi filminin Polşa dilindəki versiyası üçün oxuyub.

2007-ci ilin martından 2009-cu ilin noyabrınadək Qorniyak ulduzların səsyazma müqaviləsi üçün yarışdığı "Soapstar Superstar" adlı Polşa televiziya şousunun altı mövsümündə münsif qismində çıxış edib. Onun beş ildən sonra işıq üzü görən ilk studiya albomu "E.K.G." nəhayət ki, öz şəxsi leyblında yazdırılıb. Albom 2007-ci ilin oktyabrında buraxılıb və təxminən beş ildən sonra çəkilən ilk videosu olan "List" ("Məktub") sinqlı ilə təbliğ olunub. Bu mahnı əslində ilk olaraq ona təklif edilmiş Selin Dionun "I Surrender" mahnısının Polşa versiyası olub. "E.K.G." albomu Polşada 40 min nüsxə tirajla satılıb.

Sonrakı karyerası

2008-ci ilin noyabrında o, Polşanın "To nie tak jak myślisz, kotku" komediya filminin musiqisi olan "To nie tak jak myślisz" ("Bu, sənin düşündüyün kimi deyil") sinqlını buraxıb. Bu mahnı Polşa radiosu və musiqi televiziyalarında altı illik fasilədən sonra onun karyerasında növbəti bir dönüş nöqtəsinə çevrilib. O, həmçinin "Zakochaj się na Święta w kolędach" ("Milad bayramında himnlərə aşiq ol") adlı Milad albomunu yazdırıb və bu albom dekabr ayında Polşanın ən böyük qəzeti olan "Gazeta Wyborcza" ilə birlikdə işıq üzü görüb. 2009-cu ildə onun Krupa ilə evliliyi başa çatıb və o, öz müstəqil leyblını tərk edib. 2010-cu ildə o, "Dancing with the Stars" televiziya şousunun Polşa versiyası olan "Taniec z gwiazdami" layihəsində iştirak edib.

2011-ci ildə o, beşinci studiya albomunun ilk sinqlı olan "Teraz – tu" ("İndi – Burada") mahnısını təqdim edib və onun klipinə rejissorluq edib. Digər bir sinql olan "On The Run" mahnısının klipinin də həmtəsisçisi və rejissoru özü olub. Həmin ilin sonlarında o, Polşanın "Pokaż kotku, co masz w środku" komediya filminin musiqisi olan "Oj... kotku" ("Oh... Pişik balası") sinqlını buraxıb. Tam albom olan "My" ("Biz") bir neçə dəfə təxirə salındıqdan sonra, nəhayət, 2012-ci ilin fevralında işıq üzü görüb. Albom sənətçinin yeni müstəqil leyblı olan "Anaconda" tərəfindən buraxılıb və özü ilə tamamilə yeni elektro-pop sədaları gətirib. Növbəti hitlər isə "Nie zapomnij" ("Unutma") sinqlı və "Impossible" mahnısından bəri ilk rəqs tərzində olan "Consequences" (bu mahnının klipinin də həmrəjissoru özü olub) sinqlı olub.