Şəmsəddin Şahin () — Buxara əmirliyində yaşamış tacik şair və satirik. Əhməd Donişin tələbəsi olmuşdur.
Həyatı Atası Molla Aman əslən Xatlon bölgəsindən (indiki Kulab) olmuşdur. O, kasıb bir mollanın ailəsində anadan olmuş, valideynlərini erkən yaşda itirmişdir. Şahin kor şair Zərir Cuyiburi tərəfindən himayəyə götürülmüşdür.Поэзия народов СССР XIX — Начала XX века: [перевод: вступительная статья и составление Л. Арутюнова, примечания Л. Осиповой]. Издательство «Художественная литература», 1977. O, gəncliyində təhsil almaq məqsədilə ölkəsini tərk etmiş və Səmərqənddə oxumuş, daha sonra təhsilini Buxarada davam etdirmiş bə buradakı mədrəsələrin birində başa vurmuşdur. Mədrəsəni bitirdikdən sonra Buxarada evlənmiş və bir müddət yerli mədrəsələrin birində dərs demişdir. Şəmsəddin Şahin erkən yaşlarından oxumaq və yazmaq sahəsində qeyri-adi istedad nümayiş etdirmişdir. Müəllifin sonralar qeyd etdiyinə görə, o, hələ məktəbdə oxuyarkən, səkkiz-doqquz yaşlarında şeir yazmağa başlamışdır. Şəmsəddin Məxdum Şahin yeddi yaşına çatdıqda Hafiz Şirazinin bütün "Divan"ını artıq əzbər bilirdi.
Məktəb təhsilini bitirdikdən sonra atası oğlunun gözəl və aydın xəttini müşahidə edərək onu mirzəlik sənətini öyrənməyə yönəltmişdir. Şahin iki-üç il ərzində xəttatlıq və bədii tərtibat sənətinə dərindən yiyələnmişdir.
Təhsili Şəmsəddin Şahin təxminən on dörd-on beş yaşlarında təhsilini davam etdirmək üçün mədrəsəyə daxil olmuşdur. O, burada özünün yüksək istedad və qabiliyyəti ilə fərqlənmişdir, lakin həmin dövrdə onun maddi vəziyyəti olduqca ağır olmuşdur. Yaşlaşmış atası ailəni dolandırmaqda və oğlunun təhsil haqqını ödəməkdə çətinlik çəkirdi.
Bu cür çətinliklərə baxmayaraq, dövrün bəzi alimləri və rəsmi şəxsləri şairin qeyri-adi istedadını və elmə olan bağlılığını yüksək qiymətləndirərək ona vaxtaşırı maddi yardım göstərmişlər. Şahin özü də nadir kitabların və əlyazmaların üzünü köçürməklə dolanışığını təmin etmiş və yoxsul ailəsinə dəstək olmuşdur.
Mədrəsəni bitirdikdən sonra Şahin münasib iş tapmaqda çətinlik çəkmişdir. Bir müddət məscidlərdə imamlıq fəaliyyəti ilə məşğul olmuşdur, lakin dərvişlər kimi müxtəlif mərasimlərdə iştirak etməyi nəzərdə tutan bu iş onun qəlbinə yatmamışdır.
Buxaranın məktəb və mədrəsələrində təhsil alan Şahin məzun olduqdan sonra Buxaranın məhəllələrindən birinə imam təyin edilmişdir. 1885-ci ildə o, Əmir Əbdüləhəd xanın məmurlarından olan Əbdülqadir Pərvanəçinin yanında mirzə kimi fəaliyyətə başlamışdır. Şahinin istedad və elmini yüksək qiymətləndirən Pərvanəçi ona böyük hörmətlə yanaşmış və maddi cəhətdən dəstək vermişdir. Bu dövrdə Şahin eyni zamanda başsız qalmış ailəsinin qayğısına qalmışdır.
Yaradıcılığı Şəmsəddin Şahin mirzəlik vəzifəsini icra etməklə yanaşı, şeirlər də qələmə almış, həmçinin Pərvanəçinin istəyi ilə Əmir Əbdüləhəd xanı mədh edən bəzi qəsidələr yazmışdır. Pərvanəçi bu vasitə ilə Şahinin əmirin nəzərində nüfuz qazanmasını və onun maddi rifahının daha da yaxşılaşmasını hədəfləmişdir. Bu fəaliyyətlər sayəsində şair sarayda, hətta qiyabi olaraq əmirin yanında böyük hörmət qazanmışdır, lakin sarayda çoxluq təşkil edən azsavadlı və cahil şəxslər şairin nüfuzunun artmasını qısqanclıqla qarşılamış və onun əmirə yaxınlaşmasının qarşısını almaq üçün müxtəlif vasitələrə əl atmışdılar. Bu dövrdə Pərvanəçi — Əbdülqadir əmir tərəfindən Şirabad hakimi təyin edilmiş və Buxaranı tərk etmişdir. Şahinin himayəçisiz qaldığını görən rəqibləri onun ətrafında fitnə-fəsad və qeybət kampaniyasına başlamışdılar. Şair məhz bu zaman əmir sarayının nə dərəcədə rəzil bir mühit olduğunu, dövlət vəzifələrinin hansı cahil və qərəzli şəxslər tərəfindən tutulduğunu aydın şəkildə dərk etmişdir. Şahini öz övladı kimi sevən Əbdülqadir Pərvanəçi, insanların onun Şirabad hakiminin kürəkəni olduğunu bilib düşmənçilikdən əl çəkmələri məqsədilə qızını şairə nikahlamışdır. Bu evlilik Şahini müəyyən dərəcədə rəqiblərinin hücumlarından qorumuşdur. Digər tərəfdən, özünü şeir sərrafı və ədəbiyyat hamisi kimi təqdim etməyə çalışan Əmir Əbdüləhəd xan da Şahini öz məclislərinə dəvət etməyə başlamışdır. Əmir şairi vaxtlı-vaxtsız öz eyş-işrət məclislərinə çağırır, onun istək və rəyinə əhəmiyyət vermədən özü ilə birgə müxtəlif səfərlərə aparırdı. Bu səbəbdən Şahin saray işlərinə o qədər vaxt sərf edirdi ki, hətta öz ailəsinə belə lazımi diqqət göstərə bilmirdi. Bu gərgin dövrdə onun gənc həyat yoldaşı övlad dünyaya gətirsə də, bir həftə keçmədən vəfat etmişdir. Həyat yoldaşının qəfil ölümü şair üçün böyük bir faciəyə çevrilmişdir.
Bu ağır hadisə Saminin bir çox məsələlərin mahiyyətini daha dərindən anlamasına şərait yaratmışdır. O, təkcə əmirin ətrafının deyil, həm də əmirin özünün dövlət idarəçiliyində bacarıqsız, cahil və zalım bir hökmdar olduğunu başa düşmüşdür. Şahin, əmirdən dövlət idarəçiliyinə dair nəsihət xarakterli əsərlər yazaraq hökmdarlara yol göstərən keçmiş şairlərin ənənəsini davam etdirmək qərarına gəlmişdir. O, əmirə ədalətli idarəçilik yollarını göstərmək məqsədilə "Töhfeyi-dostan" adlı mənzum əsər qələmə almışdır. Bu məsnəvidə gənc şair əmirə nəsihət vermək vasitəsilə ədalət və insaf prinsiplərini, eləcə də dövlətin ən yaxşı idarəetmə üsullarını aşılamağa çalışsa da, onun bu cəsarəti hökmdarın xoşuna gəlməmişdir. Əmir Əbdüləhəd xan qəzəblənərək şairdən intiqam almaq yolunu seçmişdir. O, Şahini öz şəninə mədhiyyə və qəsidələr yazmağa, ədəb normalarından uzaq şeirlər bəstələməyə, həmçinin əyləncəsi üçün bəsit və mənasız sözləri nəzmə çəkməyə məcbur etmişdir. Bundan əlavə, əmir şairi daim öz yanında saxlayır, uzaq səfərlərə aparır və onu bir növ eyş-işrət alətinə çevirirdi. Bu yanaşma şair üçün böyük bir təhqir sayılır və əmir tərəfindən ən ağır cəza növü kimi tətbiq edilirdi. Məhz bu dövrdən, yəni 1890-cı illərin əvvəllərindən etibarən Şahinin yaradıcılığında taleyindən giley-güzar, dövrün və cəmiyyətin nöqsanlarının kəskin tənqidi əsas motivə çevrilmişdir. Bu ərəfədə Əhməd Danişin "Nəvadirül-vaqaye" əsəri ilə tanış olan şair, dövrün ictimai problemlərini daha dərindən dərk etmişdir. O da belə bir qənaətə gəlmişdir ki, sadəcə nəsihətlər və cüzi islahatlarla ölkənin və dövlətin vəziyyətini yaxşılaşdırmaq qeyri-mümkündür, çünki əmir və onun ətrafındakılar bu növ məsləhətləri qəbul etməyəcək dərəcədə cahildirlər. Şahin həmin illərdə "Bədayeüs-sanaye" risaləsini meydana gətirmişdir. Müəllif bu risalədə gizli kinayə və rəmzlər vasitəsilə dövrün sosial eybəcərliklərini, dövlət məmurlarının və şəxsən əmirin rəzalətini kəskin satira ilə ifşa etmişdir. Eyni zamanda o, gəncliyini əmir və onun yaxınlarının mədhinə boş yerə sərf etdiyini, öz elm və sənətinin həmin cəmiyyətə fayda verəcəyi barədə xülyalara qapıldığını anlamışdır. Ömrünün sonuna yaxın qələmə aldığı bir məsnəvidə keçmiş gənclik illərini təəssüf və peşmançılıqla nəzərdən keçirərək, dövrünə və cəmiyyətinə qarşı ağır bir ittihamnamə irəli sürmüşdür.
Şəmsəddin Şahinin yaradıcılığının öyrənilməsi rəhbəri Əhməd Doniş olan XIX əsrin sonlarındakı mütərəqqi ədəbi hərəkatın və ictimai fikrin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şahin bədii ədəbiyyatda klassik irsin ən yaxşı ənənələrini davam etdirərək əsərlərində ədalət, insanpərvərlik, azadlıq və dövrünün qabaqcıl ideyası olan maarifpərvərlik prinsiplərini ifadə etmişdir. Bu nöqteyi-nəzərdən şairin yaradıcılığını inkişaf xüsusiyyətlərinə görə 3 dövrə ayırmaq mümkündür:
Klassik ədəbiyyatın öyrənilməsi və onun təsiri altında əsərlərin yaradılması, digər bir ifadə ilə klassik irsə təqlid dövrü. Şahinin bu dövr yaradıcılığının əsas bədii məhsulu "Leyli və Məcnun" dastanıdır. Xalqın azadlıq ideyalarını irəli aparmaq üçün əmirlərin köməyinə ümid bəsləmək, onları gah tənqid, gah da mədh yolu ilə ədalətə, elmə və ədəbiyyata himayədarlıq etməyə çağırmaq dövrü. Bu mərhələnin ən bariz nümunəsi "Töhfeyi-dostan" əsəridir. Əmirlik sisteminin idarəçilərinin daxili mahiyyətini dərk edərək onlardan ümidini kəsmək, Əhməd Donişin mütərəqqi maarifpərvər və tənqidi fikirləri ilə tanış olaraq əmirlik quruluşunu qətiyyətlə tənqid etmək dövrü. Bu dövrün ən görkəmli abidəsi "Bədayeüs-sanaye" risaləsidir.
Şair qısa ömür sürməsinə baxmayaraq, özündən sonra yaradıcılıq irsi qoyub getmişdir. Onun yaradıcılığı qəzəllər divanından, "Leyli və Məcnun" məsnəvisindən, yarımçıq qalmış "Töhfeyi-dostan" məsnəvisindən və "Bədayeüs-sanaye" risaləsindən ibarətdir. Şahinin XIX əsrin ikinci yarısı tacik poeziyasında mütərəqqi ideyaların ifadəçisi kimi xidmətləri olduqca böyükdür. O, öz dövrünü, cəmiyyətin ciddi nöqsanlarını, ölkədəki cəhaləti və özbaşınalığı kəskin şəkildə tənqid etmişdir.
Ailəsi Şahin 1887-ci ildə o dövrdə Şuraabadın hakimi olan Əbdülqadir Pərvanəçinin qızı ilə ailə həyatı qurmuşdur, lakin evlilikdən 10 ay sonra həyat yoldaşı vəfat etmişdir. Şairin "Leyli və Məcnun" poeması məhz vəfat etmiş xanımının xatirəsinə ithaf olunmuşdur.
Mirası Həyat yoldaşının atasının hakim olduğu Şuraabad rayonunun adı sonralar şairin şərəfinə Şəmsəddin Şahin rayonu olaraq dəyişdirilmişdir.
Mənbə İstinadlar
Ədəbiyyat
Kateqoriya:Tacik şairlər Kateqoriya:XIX əsr şairləri