Seyid Abdulla İntizam () () — İran diplomatı.

Həyatı Abdulla İntizam 1895-ci ildə İranın Tehran şəhərində anadan olmuşdur.The Political Elite of Iran Princeton, Marvin Zonis, Princeton University Press, 1971 O, qacarmənşəli ailəyə mənsub olmuşdur. Onun atası İntizamüssəltənə və kiçik qardaşı Nəsrulla İntizam da diplomat və siyasətçi olmuş, babası isə Nəsrəddin şah Qacarın hakimiyyəti dövründə nəzm (asayiş) naziri vəzifəsini icra etmişdir. Onun anası Xurşidliqa Qaffari Kaşanın Qaffari ailəsindən gəlirdi. Abdulla və qardaşı Tehrandakı Almaniya Səfirliyi Məktəbində təhsil almışdır.

Təhsilini başa vurduqdan sonra, 1919-cu ildə Xarici İşlər Nazirliyinə işə qəbul olunmuş və İranın Vaşinqtondakı səfirliyində katib kimi fəaliyyət göstərmişdir. Amerika Birləşmiş Ştatlarında olduğu müddətdə maşın mühəndisliyi ixtisası üzrə təhsil almış və Marqaret Robinson Hum adlı ABŞ vətəndaşı ilə ailə həyatı qurmuş, lakin sonradan ondan boşanmışdır. Onların bu nikahdan Hum Horan adlı bir oğulları olmuşdur. O, sonradan ABŞ Dövlət Departamentində fəaliyyətə başlamış və aparıcı ərəbşünas mütəxəssislərdən biri olmuşdur. Abdulla İntəzam 1958-ci ilin may ayında ikinci dəfə ailə qurmuş, uzaq qohumluq əlaqələri olan, müxtəlif dövrlərdə bir neçə dəfə xarici işlər naziri vəzifəsini tutmuş Əliqulu Ənsari Müsəvvərül-Məmalikin nəvəsi Fərəh Ənsari ilə evlənmişdir.

Karyerası Tədqiqatçı Abbas Milani görkəmli iranlı şəxsiyyətlərə həsr olunmuş əsərində həm diplomatiyanın, həm də təsəvvüfün Abdulla İntəzamın xarakterinin və karyerasının ayrılmaz tərkib hissəsinə çevrildiyini qeyd etmişdir.

O, 1927-ci ildə İranın Fransadakı səfiri təyin olunmuş, 1933-cü ildə isə Millətlər Liqasında Britaniyaya qarşı qaldırılmış iddiada İranın mövqeyini müdafiə etmişdir. Daha sonra o, İranın Qərbi Almaniyadakı səfiri vəzifəsində çalışmışdır.

Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə maliyyə naziri, 1953–1956-cı illərdə isə xarici işlər naziri vəzifələrini icra etmişdir. Məhəmməd Müsəddiqin devrilməsindən sonra Britaniya ilə diplomatik münasibətlərin bərpa olunması və neft müqavilələrinə dair danışıqlarda fəal iştirak etmişdir. 1957–1963-cü illərdə Milli İran Neft Şirkətinin (NIOC) direktorlar şurasının sədri və idarəedici direktoru vəzifələrində çalışmışdır, lakin 1963-cü il hadisələrindən sonra islahatların sürətinin azaldılmasını təklif etdiyi üçün şah tərəfindən vəzifəsindən azad edilmişdir.Mahmoud Toloie in Raz e Bozorg (the Big Secret) p.944

Siyasətçi Marvin Zonis "İranın siyasi elitası" adlı əsərində qeyd etmişdir ki, 1963-cü ilin iyun ayında saray naziri Hüseyn Əla Ayətullah Ruhulla Xomeyninin həbsinə qarşı keçirilən nümayişlər zamanı hərbçilərin nümayişçilərə qarşı həddindən artıq sərt reaksiyasından doğan narahatlığı şaha çatdırmaq üçün nüfuzlu dövlət xadimlərindən ibarət bir şura toplamışdır. İnsanların dinc nümayiş keçirməsinə baxmayaraq, İran qoşunları kütləyə atəş açmış və nəticədə dinc sakinlər həlak olmuşdur. Bu narahatlığı şaha çatdıran şuranın tərkibinə Hüseyn Əlanın özü ilə yanaşı, Abdulla İntizam, general Mürtəza Yəzdanpənah və Sərdar Faxer Hikmət daxil idi. Bu dörd rəsmi şəxsin xəbərdarlığı şahın kəskin qəzəbinə səbəb olmuşdur. Nəticədə, Hüseyn Əla saray naziri vəzifəsindən uzaqlaşdırılmış, Mürtəza Yəzdanpənah təftiş komissiyasından xaric edilmiş, Faxer Hikmətin parlament seçkilərində namizədliyini irəli sürməsi qadağan olunmuş, Abdulla İntizam isə İran Milli Neft Şirkətindən uzaqlaşdırılaraq təqaüdə göndərilmişdir.

Bu hadisədən sonra Abdulla İntizam dəmirçilik emalatxanası açmış və növbəti 15 il ərzində dolanışığını bu yolla təmin etmişdir. 1978-ci ildə öz səhvini anlayan şah ondan geri dönməsini və baş nazir vəzifəsini qəbul etməsini xahiş etmişdir, lakin artıq çox gec idi. İntizam həm yaşlaşmışdı, həm də ölkədə inqilab hərəkatı geniş vüsət almışdı. O dövrdə iğtişaşlar içində olan neft şirkətində səmimi qarşılanmasına baxmayaraq, Abdulla İntizam tətil edən neft işçilərini fikirlərindən daşındıra bilməmişdir. O, şaha ölkədə qalmağı və Qərbə qaçmamağı məsləhət görmüş, lakin bu məsləhəti də şah tərəfindən nəzərə alınmamışdır.

Himayədarlıq Tədqiqatçı Abbas Milaninin "İran sfinksi" adlı əsərinə görə, Abdulla İntizam baş nazir Əmirabbas Hüveydanın hamisi və müəllimi olmuşdur. Hüveydanın özü də İntizama müraciət edən zaman ona "ərbab" (rəhbər, ağa) deyə xitab etmişdir. Abbas Milani "İran sfinksi" əsərində qeyd etmişdir ki, 1950-ci illərin ortalarında şah ətrafındakı hər kəsdən mütləq itaət tələb etməyə başladığı və bu tabeliyin rəmzi olaraq hər bir qəbul zamanı hamının kralın əlini öpməsini gözlədiyi bir vaxtda, hökumətdə bu qaydaya əməl etməkdən imtina edən çox az sayda şəxsdən biri məhz Abdulla İntizam olmuşdur. O, həmçinin mason təşkilatının üzvü olmuşdur. 1960-cı ildə, görünür, məhz onun tövsiyəsi ilə Əmir Abbas Hüveyda da yeni yaradılmış və böyük ustadı Abdulla İntizam olan "Füruği" lojasına daxil olmuşdur. İsmayıl Rainin İrandakı framasonluq tarixinə həsr olunmuş çoxcildlik əsərində Əmir Abbas Hüveydanın mason olduğu, Abdulla İntizamın isə İran Müstəqil Böyük Lojasının böyük ustadı (böyük magistrı) kimi fəaliyyət göstərdiyi qeyd olunmuşdur.The Persian sphinx: Amir Abbas Hoveyda and the riddle of the Iranian ... By Abbas Milani

Tədqiqatçı Lloyd Vicen Ridjon müasir İranda din və siyasət mövzusuna dair araşdırmasında bildirmişdir ki, Almaniya Birləşmiş Böyük Lojaları ilə əlaqəli olan bir neçə İran mason lojası Tehrandakı Səfi Əli Şahi Qardaşlıq Cəmiyyətinin binasında fəaliyyət göstərmişdir. Abdulla İntizam 1960-cı ildən etibarən Tehranda bu lojalardan biri olan "Mehr" lojasının təsisçi üzvü olmuş, həmçinin 1962-ci ildə qurulmuş "Səfa" lojasının fəaliyyətinə rəhbərlik etmişdir.Religion and politics in modern Iran: a reader Google Books

Ələddin Ruhaninin qeydlərinə görə, İkinci Dünya müharibəsindən sonra İranda Almaniya ilə əlaqəli mason lojalarının yaradılmasının səbəbı bu lojaların, Britaniya lojalarından fərqli olaraq, müstəmləkəçilik və imperializm tarixi ilə bağlı mənfi bir nüfuza sahib olmaması idi.Aspects of the History of Freemasonry in Iran by Alaeddin Rouhani, Ibex Publishers 2002

Mahmud Tuluyinin məlumatına əsasən, Abdulla İntizam bu İran lojalarının təsisçi üzvü olmasına baxmayaraq, 1970-ci ildə Seyid Həsən Tağızadənin vəfatından sonra onlardan uzaqlaşmış və bir daha lojaların iclaslarında iştirak etməmişdir.

Təsəvvüf Atasının vəfatından sonra Abdulla İntizam İrandakı Səfi Əli Şahi dərviş ordeninin rəhbəri olmuşdur. Onun sufizmə baxışları tədqiqatçı Mattays van der Bos tərəfindən təqdim və tərcümə edilmiş "Mistika və təsəvvüfə yeni bir baxış: Abdulla İntizam" adlı araşdırmada öz əksini tapmışdır.

Abdulla İntizam 1977-ci ildə "Mistika və təsəvvüfə yeni bir baxış" (Nəzəri-tazeh be erfan va tassavof) adlı məqalələr silsiləsi qələmə almışdır. O, bu yazılarda "Bilmirəm" (Lə ədri) təxəllüsündən istifadə etmiş, məqalələrdə isə bir sufi mürşidinin sual-cavab sessiyaları işıqlandırılmışdır. Sözügedən oçerklər İslam inqilabından sonra, 1984-cü ildə "Vahid" nəşriyyatı tərəfindən Abdulla Azadə təxəllüsü ilə yenidən çap olunmuşdur.

Son illəri İran İslam inqilabının başlanğıcında, 1978-ci ildə şah tərəfindən 86 yaşlı Abdulla İntizama baş nazir vəzifəsi təklif olunmuş, lakin onun səhhəti ilə bağlı problemləri əsas gətirərək bu təklifdən imtina etdiyi bildirilmişdir. Bəzi mənbələrdə onun yeni qurulan islamçı rejim tərəfindən həbs edildiyi, lakin 1983-cü ilin baharında, ölümündən qısa müddət əvvəl sərbəst buraxıldığı qeyd olunur.

Britaniyanın İrandakı keçmiş səfiri ser Denis Rayt tərəfindən 23 aprel 1983-cü il tarixində "The Times" qəzetində dərc olunan nekroloqda Abdulla İntizamın korrupsiyadan uzaq, təmiz bir şəxsiyyət olduğu vurğulanmışdır. Onu yaxından tanıyan bir Britaniya səfirinin sözlərinə istinadən qeyd edilmişdir ki, Abdulla İntizam yüksək cazibəyə, təvazökarlığa və böyük istedada malik bir insan olmuşdur. İngilis, fransız və alman dillərini mükəmməl bilən bu şəxs kübar cəmiyyətdən uzaq durmuş, şöhrətpərəstlikdən qaçmış, lakin dostluq münasibətlərinə böyük dəyər vermiş və onu tanıyan hər kəsin hörmətini qazanmışdır. Nekroloqda həmçinin, şahın Abdulla İntizam kimi şəxsiyyətlərə qulaq asacağı və onların potensialından tam istifadə edəcəyi təqdirdə taxt-tacını heç vaxt itirməyəcəyi qeyd olunmuşdur.

İstinadlar

Kateqoriya:Qacarlar Kateqoriya:İranın Fransadakı səfirləri Kateqoriya:İranın xarici işlər nazirləri Kateqoriya:İran şəxsləri