Həsən Əfşar () — 2014-cü ilin dekabr ayında, 17 yaşında olan zaman yeniyetmə bir oğlana təcavüz etdiyi iddiası ilə 18 iyul 2016-cı il tarixində İranın Mərkəzi ostanında yerləşən Ərak şəhərindəki Ərak həbsxanasında edam edilmiş 19 yaşlı İran vətəndaşı.
Əfşarın oğlana təcavüz etmədiyini və cinsi əlaqənin qarşılıqlı razılıq əsasında baş verdiyini bildirməsindən sonra bu hadisə İranda yetkinlik yaşına çatmayanların edam edilməsi və homoseksual şəxslərin təqib olunması mövzusunda geniş müzakirələrə və qınaqlara səbəb olmuşdur.
Zəmin 1979-cu il İran İslam inqilabından sonra islamçı hökumət LGBT fərdlərinin, xüsusən də gey kişilərin təqib edilməsində fəal rol oynamağa başlamışdır. Prezident Mahmud Əhmədinəjadın 2007-ci ildə Nyu-Yorkda yerləşən Kolumbiya Universitetində tələbələr qarşısında çıxış edən zaman İranda homoseksual fərdlərin varlığını inkar etməsinə baxmayaraq, ölkənin şəriət qanunlarına əsasən "livat" (pederastiya) ilə ittiham olunan kişilərin mühakimə edilməsinə dair çoxsaylı faktlar mövcuddur.
2005-ci ilin iyul ayında Məşhəd şəhərində 13 yaşlı oğlana təcavüz etməkdə təqsirli bilinən iki yeniyetmə – Mahmud Əsgəri və Ayaz Mərhoni kütləvi şəkildə asılaraq edam edilmişdir, lakin LGBT hüquqları müdafiəçisi Piter Tatçell "OutRage!" platformasında Əsgəri və Mərhoninin əslində öz aralarındakı qarşılıqlı razılığa əsaslanan homoseksual əlaqəyə görə edam edildiklərini bəyan etmişdir. 2007-ci ildə Makvan Mövludzadə adlı digər bir gənc üç təcavüz ittihamı ilə təqsirli bilinərək edam edilmiş, Tatçell isə İran hökumətini gey kişiləri qətlə yetirməkdə ittiham etmişdir. Bununla belə, Skott Lonq kimi digər bəzi LGBT+ hüquqları müdafiəçiləri Tatçellin İrandakı homofobiya məsələsinə yanaşma tərzini şübhə altına almışdılar.
2012-ci ildə İran homoseksual əlaqədə olan iki kişi arasındakı fərqi dəyişdirən yeni cinayət məcəlləsini qəbul etmişdir. Yeni qanunvericiliyə əsasən, cinsi əlaqədə aktiv rol oynayan şəxs üçün yüngülləşdirici hallar, passiv rol oynayan şəxs üçün isə ağırlaşdırıcı hallar müəyyən edilmişdir. Aktiv partnyor livat ittihamı ilə 100 şallaq zərbəsi ilə cəzalandırıldığı halda, passiv partnyor ölüm cəzasına məhkum edilir. İranda homoseksual kişilərin işləri ilə məşğul olan vəkil Mehri Cəfəri bildirmişdir ki, yeni məcəllə ziddiyyətli etirafların ehtimalını artırır. Belə ki, passiv partnyor təcavüzə məruz qaldığını dedikdə aktiv partnyor edam edilir. Təcavüzdə ittiham olunanlar isə adətən əməlin qarşılıqlı razılıq əsasında baş verdiyini iddia edirlər ki, bu da ittiham irəli sürən şəxsin edam edilməsinə yol aça bilir.
Əfşar işi 2014-cü ilin dekabr ayında 17 yaşlı Əfşar digər iki gənclə birlikdə, fərqli və bir-biri ilə əlaqəsi olmayan hallarda başqa bir yeniyetmə oğlana təcavüz etmək ittihamı ilə həbs olunmuşdur. "Amnesty International" daxil olmaqla bir sıra hüquq müdafiə qruplarının məlumatına görə, Əfşarın vəkillə təmin olunmaq hüququndan imtina edilmiş və o, iki aylıq araşdırmadan sonra sürətlə ölüm cəzasına məhkum olunmuşdur. O, məcburi homoseksual anal akta bərabər olan "lavat beh onf" maddəsi ilə təqsirli bilinmişdir. "IranWire" portalı 2016-cı ilin avqust ayında məlumat vermişdir ki, hadisə törədilən zaman Əfşarın 17 yaşı olduğundan, İran məhkəmə sistemi onun edam edilməsi üçün 19 yaşının tamam olmasını gözləmişdir.
Əfşar ölümünə qədər günahsız olduğunu müdafiə etmiş, yeniyetməyə təcavüz etdiyini inkar edərək cinsi əlaqənin qarşılıqlı razılıq əsasında baş verdiyini idman etmişdir. Şikayət zərərçəkmiş şəxs kimi təqdim olunan yeniyetmənin ifadəsi olmadan, onun valideynləri tərəfindən irəli sürülmüşdür.
2016-cı ilin mart ayında Ali Məhkəmə aşağı instansiya məhkəməsinin qərarını təsdiqləmiş və Əfşarın ölüm hökmünü qüvvədə saxlamışdır. Buna baxmayaraq, məhkəmə orqanları onun ailəsinə 15 sentyabr tarixində yeni bir araşdırmanın başlayacağına dair söz vermişdilər, lakin 18 iyul 2016-cı il tarixində Əfşar guya psixoloji sarsıntı keçirməməsi üçün əvvəlcədən xəbərdarlıq edilmədən Ərak həbsxanasında asılaraq edam edilmişdir.
Reaksiyalar Əfşarın edam edilməsi 2016-cı ilin iyul ayında ən azı 10 sünni məhbusun ölüm cəzasına məhkum edilməsini əhatə edən kütləvi edam dalğasının bir hissəsi olmuşdur.
Mənzil-qərargahı Norveçdə yerləşən "Iran Human Rights" qeyri-hökumət təşkilatının sözçüsü Mahmud Əmiri-Müqəddəm bu edamları pisləmiş və məhbusların, demək olar ki, hamısının ədalətsiz məhkəmə araşdırmalarına və işgəncələrə məruz qaldığını bəyan etmişdir. "Amnesty International" təşkilatının regional ofisi Əfşarın edamını kəskin şəkildə qınamış, təşkilatın rəsmisi Maqdalena Muqrabi isə İran hökumətinin yetkinlik yaşına çatmayanları edam etməyə "iyrənc bir həvəs" göstərdiyini bildirmiş və qarşılıqlı razılığa əsaslanan gey cinsi əlaqəsinin cinayət hesab edilməsinin beynəlxalq hüquqa zidd olduğunu əlavə etmişdir.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarı Zeyd bin Rəəd də Əfşarın edam edilməsini pisləmiş, yetkinlik yaşına çatmayanlara qarşı ölüm cəzasının tətbiqini "xüsusilə nifrət doğuran" addım kimi xarakterizə etmişdir. Ali Komissar həmçinin bu məhkəmə prosesini əksəriyyəti kürd və ya sünni məhbuslardan ibarət olan şəxslərə qarşı irəli sürülmüş "qeyri-müəyyən cinayət ittihamlarının" bir hissəsi adlandırmışdır.
Əfşarın edam edilməsi bir çox İran vətəndaşı tərəfindən narazılıqla qarşılanmışdır. Ölkədə ölüm cəzasının həddindən artıq geniş tətbiqinə qarşı artan kampaniyalar və ictimaiyyətin kəskin etirazı fonunda, məhkəmə orqanları yetkinlik yaşına çatmayan digər bir məhkumun planlaşdırılan edamını təxirə salmaq məcburiyyətində qalmışdır.
İstinadlar
Kateqoriya:Antihomoseksual qanunvericiliklə məhkum olunanlar