Vilnüs və Radom paktı (, ) — 1401-ci ildə Vilnüsdə, Litva Böyük Hersoqluğunda qəbul edilən və sonradan Radomda, Polşa krallığının Tac Şurası tərəfindən təsdiqlənən üç aktdan ibarət siyasi razılaşma idi. Bu birlik əvvəlki Krevo ittifaqını (1385) dəyişdirərək Ostruv sazişini (1392) təsdiqlədi. Vitovt II Vladislav Yagello ilə yanaşı Litvanın böyük hersoqu titulunu aldı, lakin Polşa kralı ali hakim (“supremus dux”) hüquqlarını özündə saxladı. Beləliklə, onlar formal şəkildə ortaq hakimlərə çevrildilər, lakin Yagello üstün mövqedə qalırdı. Vitovtun ölümündən sonra Litvanın II Vladislav Yagello və ya onun qanuni varisi tərəfindən idarə olunması nəzərdə tutulurdu. Birlik ümumilikdə Polşa–Litva ittifaqının gücləndirilməsi kimi qiymətləndirilir.

Arxa plan Həm Polşa kralı II Vladislav Yagello, həm də Litvanı onun adından idarə edən əmisi oğlu Vitovt 1385-ci ildən mövcud olan Polşa–Litva ittifaqını yeniləməyə çalışırdı. 1399-cu ildə Polşa kraliçası Yadviga doğuş zamanı vəfat etdi və II Vladislav Yagello varissiz qaldı. Əgər Polşa zadəganları onu taxtdan imtina etməyə məcbur etsəydilər, o Litvaya qayıdaraq böyük hersoq taxtını tələb edə bilərdi. Bu halda Vitovt ya Trakay hersoqluğuna qayıtmalı, ya da yeni vətəndaş müharibəsinə başlamalı idi.

Həmin il Vitovt Vorskla çayı döyüşündə Qızıl Ordaya qarşı ağır məğlubiyyət aldı və bundan sonra Smolensk knyazlığı, Pskov Respublikası və Velikiy Novqorodda üsyanlarla üzləşdi.

Müddəalar Danışıqlar 1400-cü ilin dekabr ayının sonunda Qrodnoda başladı. Birlik üç ayrı akt şəklində imzalandı: biri II Vladislav Yagello tərəfindən (orijinalı günümüzə çatmamışdır), digəri Vitovt və Litva zadəganları tərəfindən (18 yanvar 1401-ci ildə Vilnüsdə), üçüncüsü isə Polşa Tac Şurası tərəfindən (11 mart 1401-ci ildə Radomda). Bu sənədlər xüsusilə ona görə əhəmiyyətli hesab olunur ki, Litva zadəganları ilk dəfə olaraq siyasi aktı yalnız şahid kimi deyil, öz adlarından qəbul etdilər.

Vitovt Litvanın böyük hersoqu (“magnus dux”) elan edildi, lakin Polşa kralı II Vladislav Yagello ali hökmdar hüquqlarını (“supremus dux”) saxladı. Birlik Vitovtun Litvanın faktiki hökmdarı statusunu və “böyük hersoq” titulundan istifadə hüququnu rəsmiləşdirdi. Bununla belə, bu müstəqillik müvəqqəti xarakter daşıyırdı: Vitovtun ölümündən sonra Litva II Vladislav Yagello və ya onun qanuni varisi tərəfindən idarə olunmalı və Polşa tacının bir hissəsinə çevrilməli idi.

Polşa və Litva zadəganları qarşılıqlı məsləhətləşmə olmadan yeni Polşa kralı seçməməyə razılaşdılar. O dövrdə nə II Vladislav Yagellonun, nə də Vitovtun varisi vardı, lakin hər ikisi gələcəkdə həm Polşa Krallığını, həm də Litva Böyük Hersoqluğunu idarə edəcək qanuni oğul sahibi olacaqlarına ümid edirdilər. Vitovt həmçinin Yagelloya, Polşa tacına və Polşa xalqına sədaqət andını yenilədi və lazım gəldikdə onlara yardım etməyi öhdəsinə götürdü.

Nəticələr və qiymətləndirmələr Yenilənmiş ittifaq siyasi vəziyyəti sabitləşdirdi və Vitovta Tevton cəngavərlərinə qarşı hücuma keçməyə, həmçinin ilk Samogitiya üsyanını başlatmağa imkan verdi. Nəticədə Polşa-Litva birləşmiş qüvvələri 1410-cu ildə Qrünvald döyüşündə Tevton ordeni üzərində həlledici qələbə qazandı.

Müqavilə Litva və Polşa tarixçiləri tərəfindən müxtəlif cür şərh edilmişdir. Bəzi tarixçilər onu Vitovtun diplomatik uğursuzluğu hesab edərək bildirirlər ki, birlik onun Litva kralı kimi tacqoyma imkanını məhdudlaşdırdı. Digərləri isə Polşanın Litvanı tam şəkildə Polşa Krallığına birləşdirmək planının uğursuzluğa düçar olduğunu və bu səbəbdən güzəştə getdiyini vurğulayırlar. Üçüncü yanaşmaya görə isə birlik qarşılıqlı kompromis idi: Litva tam müstəqillik planlarından, Polşa isə Litvanı unitar dövlətə çevirmək niyyətindən imtina etmişdi.Frost 2015, p. 93

Bəzi müasir tədqiqatçılar müqavilənin əhəmiyyətini həddindən artıq qiymətləndirməməyi və onu 1392-ci ildən mövcud olan Polşa–Litva münasibətlərinin hüquqi kodifikasiyası kimi qiymətləndirməyi üstün tuturlar. Digər alimlər isə Litva zadəganlarının Polşa kralının seçilməsində iştirak hüququ əldə etməsini xüsusi vurğulayırlar. Yadviganın ölümü ilə Polşa irsi hüquqa malik son hökmdarını itirmişdi və Polşa zadəganları yeni kral seçmək hüququnu öz əllərində saxlamaq istəyirdilər. Litvalı zadəganların da bu prosesə daxil edilməsi onların “krallıq icması”na (communitas regni) daxil edilməsinin göstəricisi hesab olunur.Frost 2015, p. 96

İstinadlar

Biblioqrafiya

Borkowska, Urszula (2012). Dynastia Jagiellonów w Polsce (in Polish). PWN. . Kateqoriya:1401