Kərim Pakraduni ( ) — erməni əsilli livanlı vəkil və siyasətçi. O, bir müddət Kataib partiyasına rəhbərlik edərək, orada böyük təsirə malik olub. O, həmçinin Livan Qüvvələrinin müxtəlif kritik mərhələlərində böyük nüfuza sahib olub. O, həm də 2004-cü ildə Rəfiq Həririnin hökumətində dövlət naziri kimi çalışıb.
İlkin illəri və təhsili Pakraduni 18 avqust 1944-cü ildə Beyrutun erməni rayonu olan Burc Hammudda anadan olub, onun atası Minas Pakradunyan erməni həvari idi, Qartabadan olan anası Lur Şallita isə maruni katolik. Atası Minas Pakradunyan 1920-ci ildə Osmanlı imperiyasını tərk edərək Osmanlı Suriyasının Hələb şəhərində məskunlaşıb. Bir neçə il sonra o, Livana köçüb və orada Şallita ilə evlənib. Pakraduninin Livandakı ənənəvi siyasi elita ilə heç bir qohumluq əlaqəsi yoxdur.
Pakraduni orta təhsilini Beyrutun şərqindəki Baabda rayonundakı "Notr-Dam de Camhur" kollecində almışdır. O, yeniyetmə yaşlarında siyasi fəallığa başlayıb və 1959-cu ildə xristian millətçi Kataib partiyasına (falanj partiyası) qoşulub. O. təhsilini livan-fransız Müqəddəs Cozef Universitetində hüquq, tarix və politologiya üzrə davam etdirmiş və 1968-ci ildə məzun olmuşdur.
Siyasi karyerası Pakraduni 1968-ci ildə partiyanın tələbə təşkilatının prezidenti seçildikdən bəri Kataib Partiyasının aparıcı simalarından biri olmuşdur. Həyat yoldaşının əmisi Salem Əbdülnur ona siyasi məqsədlərinə diqqət yetirmək üçün maddi təminat vermişdi. Ərəbçi meyllərinə sadiq qalaraq, o, Fələstin Azadlıq Təşkilatı ilə sıx əlaqələr qurmuş və 1969-cu ildə Yasir Ərəfatla görüşmək üçün İordaniyaya yollanan Kataib tələbə heyətinə rəhbərlik etmişdir.
O, 1970-ci ildə Kataib Partiyasının siyasi bürosuna seçildi və partiyanın ən yüksək eşelonunda özünə yer etdi və Suriya ilə sıx əlaqələri dəstəkləyən Kataib Partiyasının (falanj) "ərəbçi" adlanan fraksiyasına rəhbərlik etdi. 1970-ci illərdə Livan prezidenti İlyas Sarkisin hakimiyyəti dövründə o, prezidentin siyasi müşaviri təyin edildi.
Pakraduni həmçinin Livan Qüvvələrinin aparıcı fiqurlarından biri idi. Bəşir Cəmayel xristian hərbi qüvvələrini "Livan Qüvvələri" adı altında birləşdirməyə çalışdıqdan sonra Pakraduni də təşkilata qoşuldu. O, həmçinin Cəmayelin məsləhət qrupunun üzvü idi və Cəmayel respublika prezidenti seçildikdə bu qrupun vəzifəsi prezident administrasiyasının ümumərəb münasibətlərinə nəzarət etmək idi. Cəmayel prezident vəzifəsinə başlamazdan əvvəl sui-qəsd nəticəsində öldürüldü.
Çoxlarının Livan Qüvvələrinin əvvəlki rəisi Fuad Əbu Nadirə qarşı üsyan qaldırmasından və Əbu Nadiri hakimiyyətdən kənarlaşdırmasından sonra təşkilatın lideri Eliye Hobeyka olmuşdur, Pakraduni onun başçılıq etdiyi dövrdə də nüfuzlu bir şəxs idi. Lakin, Hobeykanı hakimiyyətdən uzaqlaşdırmaq üçün Samir Caacanın rəhbərlik etdiyi Livan Qüvvələrində sonrakı daxili qarşıdurmada Pakraduni, Suriyanın nəzarətindəki əraziyə qaçan Hobeykaya qarşı Caacanın tərəfini saxladı.
1994-cü ildə, suriyameyilli Livan hökuməti 21 aprel 1994-cü ildə Livan Qüvvələrinin buraxılması və Samir Caacanın həbs edilməsi əmrini verdikdən sonra Pakraduni vəzifəsindən kənarlaşdırıldı və daha sonra Kataib Partiyasına qayıtdı.
4 oktyabr 2001-ci ildə o, Kataeb partiyasının prezidenti seçildi, onun önündə olan əsas məsələ müxtəlif fraksiyalar arasında bölünmüş partiyanı birləşdirmək idi. Lakin Livanın Suriya tərəfindən işğalı dövründə onun vəzifədə olduğu müddətdə Suriya tərəfdarı partiya üzvləri vəzifələrində irəli çəkilmiş, Suriya əleyhinə olan üzvlər isə qorxudulmuş və ya qovulmuşdur. 2004-cü ildə Rəfiq Həririnin rəhbərlik etdiyi kabinetə inzibati inkişaf üzrə dövlət naziri təyin edildi.
2007-ci ilin dekabr ayına qədər o, Kataeb partiyasının fəal lideri, Livanın keçmiş prezidenti Əmin Cəmayel isə "ali lider" idi. Pakraduni 2007-ci ildə vəzifəsindən istefa verdi və 2008-ci ilin fevral ayında Cəmayel yeganə lider oldu.
Şəxsi həyatı 1968-ci ildə Pakraduni Livan Parlamentinin keçmiş üzvü, iş adamı və xeyriyyəçi Salem Əbdülnurun bacısı qızı Mona əl-Naşif ilə evləndi. Onun iki oğlu var: hazırda millət vəkili olan Cihad və Cavad.
İstinadlar
Kateqoriya:Erməniəsilli livanlılar Kateqoriya:Beyrutda doğulmuş siyasətçilər Kateqoriya:Livan Qüvvələri siyasətçiləri Kateqoriya:Livan vəkilləri Kateqoriya:Livanda vətəndaş müharibəsi iştirakçıları