Viktoriya Valentinovna Lomasko (; ) — Rusiyalı qrafik rəssam və feminist. Onun əsərləri divar rəsmləri və ədəbiyyatdakı qrafik sənət vasitəsilə qrafik reportajlara yönəlib. Əsərlərini yaratmaq üçün Lomasko keçmiş Sovet İttifaqını gəzir və mediada nadir hallarda təmsil olunan insanlarla vaxt keçirir. Rusiyanın Ukraynaya müdaxiləsinə qədər o, Moskvada işləyib və yaşayıb.

Həyatı Viktoriya Lomasko 6 avqust 1978-ci ildə Rusiyanın Serpuxov şəhərində anadan olub. Atası gizli fəaliyyət göstərən metallurgiya zavodunda təşviqat və təbliğat (ajitprop) rəssamı kimi çalışıb. 19 yaşında Moskvaya köçüb və Moskva Dövlət Poloqrafiya Universitetində təhsil alıb. 2003-cü ildə buranı bitirərək kitab dizaynı və qrafika sənəti üzrə bakalavr dərəcəsi qazanıb. O, həmçinin Moskva Müasir İncəsənət İnstitutunda da dərslər keçib.

Lomasko ilk dəfə 2010-cu ilin avqustunda Həbsxana İslahatları Mərkəzinin könüllüsü kimi Mojaysk Yetkinlik Yaşına Çatmayanların Həbsxanasına baş çəkib. Orada olduğu müddətdə məhbuslara rəsm çəkməyi öyrədib. O, 2014-cü ilə qədər Novıy Oskol və Ryazandakı qadınlar cəzaçəkmə müəssisələrində, habelə Aleksindəki kişilər cəzaçəkmə müəssisəsində rəsm dərsləri keçməyə davam edib. Dərslər zamanı yaradılan bütün əl işləri toplanıb və hazırda Madriddəki "Milli Koroleva Sofiya İncəsənət Mərkəzi Muzeyi"ndə (Museo Nacional Centro de Arte Reina Sofía) saxlanılmaqdadır.

Fəaliyyəti (2010-cu ildən) 2010-cu il 2010-cu ildə Lomasko Nyu-Yorkdakı "Gelabert Studios Gallery"də Zlata Ponirovska ilə birlikdə "Məhkəməni çəkərkən" (Drawing the Court) adlı bədii sərginin kuratoru olub.

Həmin il keçmiş siyasi jurnalist Anton Nikolayev ilə əməkdaşlıq edərək "Əyalətlər" (The Provinces) adlı kitabın həmmüəllifi olub. Kitab onların əyalətlərə etdikləri səyahətdən ilhamlanaraq ərsəyə gəlib. O, Nikolayevlə birgə "Qadağan olunmuş incəsənət" (Forbidden Art) adlı ikinci kitabını da yazıb. Kitab 158 səhifəlik sənədli qrafik romandan ibarətdir və 2007-ci ildə Moskvadakı Andrey Saxarov Muzeyində keçirilən "Qadağan olunmuş incəsənət 2006" sərgisinin təşkilatçılarının məhkəmə prosesini sənədləşdirib. "Qadağan olunmuş incəsənət" romanı Sankt-Peterburqun "Boomkniga" nəşriyyatı tərəfindən çap edilib və 2010-cu ildə "İlin Media Sənəti Layihəsi" kateqoriyasında Kandinski Mükafatına namizəd göstərilib. 2012-ci il 2012-ci ildən etibarən Lomaskonun rəsmləri Moskvada, Sankt-Peterburqda və bütün Avropada sərgilənməyə başlayıb. O, "Occupy Abay" kimi nümayişlərdə və layihələrdə iştirak edib. Təxminən həmin dövrdə Nadya Plunqyan ilə əməkdaşlıq edərək əsasən rus qadınlarının qrafik əl işlərini nümayiş etdirən "Feminist karandaşı" (The Feminist Pencil) sərgisinin kuratorluğunu edib. İlk "Feminist karandaşı" sərgisi Moskvanın "Fabrika" adlı hosteldə baş tutub və orada cəmi 6 rəssam iştirq edib. Bu cütlük birlikdə işləməyə davam edərək 2013-cü ildə "Feminist karandaşı 2" sərgisini ərsəyə gətirib və bu layihə Sankt-Peterburq, Oslo və Berlində nümayiş etdirilib.

Vladimir Putinin yenidən prezident seçildiyi dövrdə Lomasko üçün Rusiyada öz əsərlərini çap etdirmək və nümayiş etdirmək inanılmaz dərəcədə çətinləşib. Bu zaman Qırğızıstandakı bir feminist qrup mühazirə və emalatxana (vorkşop) keçmək üçün onu Bişkekə dəvət edib. Sonrakı illərdə o, Dağıstan, Gürcüstan və Ermənistan kimi yerlərə səyahət edərək həmin bölgələri araşdıran və təsvir edən bir sıra mühüm əsərlər ərsəyə gətirib.

2016-cı il 2016-cı ildə Lomasko Gürcüstanın Tbilisi şəhərindəki Höte İnstitutunda nümayiş etdirilən "Feminist səyahətləri" (Feminist Travels) adlı fərdi sərgisini ərsəyə gətirib.

2017-ci il 2017-ci ildə Lomasko ABŞ-da nümayiş olunan iki fərdi sərgi yaradıb. Bunlardan birincisi — "Digər Rusiyalar: Qəzəbli" (Other Russias: Angry), Pitsburq Universiteti ilə əməkdaşlıq çərçivəsində Karnegi Mellon Universitetinin "Ellis Gallery" sərgisində nümayiş etdirildiyi halda, "İstənilməyən qadınlar" (Unwanted Women) adlı digər sərgisi Nyu-Yorkun Bruklin səmtindəki "Ortega Y Gasset Art Projects" məkanında sərgilənib.

Lomasko həmçinin Böyük Britaniyanın Mançester şəhərindəki "HOME" İncəsənət Mərkəzində nümayiş etdirilən "Bir tərtibatçı rəssamın qızı" (The Daughter of an Artist Decorator) adlı sərgi də yaradıb.

2017-ci ilin martında Lomaskonun əl işlərindən ibarət toplu Bruklinin "n+1" nəşriyyatı tərəfindən "Digər Rusiyalar" (Other Russias) adı altında işıq üzü görüb. Bu, onun ingilis dilində işıq üzü görmüş ilk kitabı (Tomas Kempbellin tərcüməsində) olub və onun əsərləri ilk dəfə bu kitabda bir araya toplanıb. 2017-ci ilin iyununda bu kitab Böyük Britaniyanın "Penguin UK" nəşriyyatı tərəfindən yenidən çap edilib və alman, fransız dilləri də daxil olmaqla bir çox xarici dillərə tərcümə olunub. 320 səhifəlik bu kitab iki hissədən ibarətdir. "Görünməz" (Invisible) adlanan birinci hissə 2012-ci il etirazlarından əvvəl cəmiyyətdən təcrid olunmuş qrupların yaşadıqlarına diqqət çəkir. Lomaskonun öz sözləri ilə desək: "Görünməz hissəsində yetkinlik yaşına çatmayanların həbsxana kameraları, kənd məktəblərindəki müəllim və şagirdlər, miqrant işçilər, Rusiya pravoslavlığında təsəlli axtaran yaşlı insanlar, seks işçiləri və Rusiyanın ucqarlarındakı tənha qadınlar haqqında hekayələr yer alıb". Kitabın "Qəzəbli" (Angry) adlanan ikinci hissəsi isə 2012-ci ildən 2016-cı ilə qədər Rusiyadakı siyasi müxalifət partiyalarına fokuslanır. Lomaskonun öz ifadəsi ilə desək: "Qəzəbli hissəsi insanların bir araya gəlmək, öz səslərini və hüquqlarını dövlətdən geri almaq cəhdlərini xronoloji ardıcıllıqla təqdim edir. Bura 2012-ci ildə Moskvada keçirilən irimiqyaslı müxalifət mitinqləri və ondan sonra nümayişçilərin məhkəmə prosesləri; hökumətin homofob qanunlar qəbul etməsinə baxmayaraq, LGBT icmasının görünən qalmaq səyləri; həmçinin 2015 və 2016-cı illərdə yerli xalq təzyiq qruplarının etirazları daxildir". Sonradan, 2017-ci ildə Lomasko kitabının təqdimatını dəstəkləmək məqsədilə ABŞ-da kitab turuna çıxıb. "Digər Rusiyalar" kitabının ingilisdilli versiyası "Ən yaxşı tərcümə kitabı" nominasiyasında 2018-ci il Puşkin Evi Rusiya Kitab Mükafatını qazanıb. 2018-ci il 2018-ci ildə Lomasko Böyük Britaniyada nümayiş etdirilən iki fərdi sərgi ərsəyə gətirib. "Sonuncu Sovet Rəssamının Zühuru" (Apparition of the Last Soviet Artist) adlı birinci sərgi Londonun "GRAD, Somerset House" məkanında, "Ərəfədə" (On the Eve) adlı ikinci sərgi isə yenə Londonda yerləşən Puşkin Evində (Pushkin House) nümayiş olunub.

Lomasko, həmçinin Almaniyanın Oldenburq şəhərindəki "Edith-Russ-Haus for Media Art" mərkəzində nümayiş etdirilən "Bizim Post-Sovet Torpağımız" (Our Post-Soviet Land) adlı sərgi də yaradıb. 2019-cu il 2019-cu ildə Lomasko ABŞ-ın Ohayo ştatındakı Mayami Universitetinin Şərqi Avropa, Rusiya və Avrasiya Araşdırmaları üzrə Hevigherst Mərkəzində "Atlaslar" (Atlases) adlı divar rəsmləri (mural) kolleksiyasını yaradıb.

O, fəaliyyətini davam etdirərək Böyük Britaniyanın London şəhərindəki "Edel Assanti" qalereyasında "Ayrılmış dünya" (Separated World) adlı növbəti divar rəsmləri kolleksiyasını ərsəyə gətirib.

Bunun ardınca İsveçrənin Bazel şəhərindəki Karikatura Muzeyində (CartoonMuseum) "Nənənin bağçası" (Grandma's Garden) adlı yeni bir mural layihəsi reallaşdırıb.

Lomaskonun yaratdığı növbəti sənət əsəri isə ABŞ-ın Nyu-Hempşir ştatının Hanover şəhərində, Dartmut Kollecinin Rus dili departamentində hazırlanan diptix (iki hissəli rəsm) olub.

2021-ci il Lomasko "Sonuncu Sovet Rəssamı" (The Last Soviet Artist) kitabını qələmə alıb, rejissor Qeraint Ris isə o, Moskvada olarkən onun haqqında sənədli film çəkib. 2025-ci ilin iyununda Lomasko bu kitabla bağlı "Industrial Worker" jurnalına geniş müsahibə verib. Həmin söhbət zamanı o, Rusiya və Belarus hökumətlərinə qarşı yönələn siyasi fəallığından danışıb, həmçinin şəxsi həyatından hekayələr paylaşıb. 2022-ci il Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra Lomasko Rusiyanı tərk edərək Belçikanın Brüssel şəhərinə qaçıb. Bu dövr onun Avropadakı son kitabının tanıdılması və Breşia Sülh Festivalı çərçivəsində İtaliyanın Breşia şəhərində bu kitab əsasında təşkil olunan sərgi ilə eyni vaxta təsadüf edib. Kitabları "Əyalətlər" (The Provinces) — 2010 "Qadağan olunmuş incəsənət" (Forbidden Art) — 2010 "Digər Rusiyalar" (Other Russias) — 2017 "Sonuncu Sovet Rəssamı" (The Last Soviet Artist) — 2021 İctimai kolleksiyalardakı əsərləri və jurnallardakı yazıları Lomaskonun əl işləri İspaniyanın Madrid şəhərindəki "Milli Koroleva Sofiya İncəsənət Mərkəzi Muzeyi"ndə, Rusiyanın Moskva şəhərindəki Müasir İncəsənət Milli Mərkəzində, Polşanın Bialistok şəhərindəki "Arsenal" Qalereyasında, habelə Mançester, Breşia və Anqulem şəhərlərindəki ictimai kolleksiyalarda qorunub saxlanılmaqdadır. Onun yaradıcılığı və əsərləri "Russian Art and Culture", "The Guardian", "Art in America" və "The New Yorker" kimi dünyaşöhrətli nüfuzlu jurnallarda da geniş şəkildə işıqlandırılıb. Tənqidi Lomaskonun sərgilərindən birinin kuratorları olan N.Qonçarova və A.Litvinin qeyd etdiyi kimi: "Lomaskonun fenomeni onun aktivist müasir incəsənət dünyası, sosial komiks mədəniyyəti və ciddi şəkildə qəbul edilmiş modernist qrafika ənənəsi arasındakı qeyri-adi aralıq mövqeyində dayanır. Rəssamı bu günün aktual hadisələri maraqlandırır: sosial və siyasi proseslər, "kiçik insanın" kamera (şəxsi) hekayələri, qocalıq, psixiatriya xəstəxanaları və ictimai şüurdan fəal şəkildə sıxışdırılıb çıxarılan digər mövzular onun diqqət mərkəzində olub".

Tənqidçi İqor Qulinin fikrincə isə: "Viktoriya Lomaskonun 'Müqavimət xronikası' əsəri — bu günə qədər etiraz hərəkatını nəinki dərk etmək, həm də onu tarixə həkk etmək üçün göstərilən ən uğurlu cəhddir".

İstinadlar

Qalereya

Ədəbiyyat

Xarici keçidlər Страница на сайте АртГид Блог художницы Работы в проекте «Рисуем суд» Графическая серия «Девочки» Жанна Крёмер, «Сексизм зашкаливает»: Интервью // Журнал «Я». — 2013. — № 1 (32). Виктория Ломаско: «Рисунки уже существуют, а мне их надо только проявить»: Интервью // Deutsche Welle, 21.02.2013. Ток-шоу «Свобода в клубах», тема передачи — графическая выставка «Рисуем суд-2» Виктория Ломаско в проекте Artists’ Private Collections Подборка интервью