Estoniya Milli Kitabxanası () — Estoniyada fəaliyyət göstərən milli ictimai qurumdur və Estoniya Milli Kitabxanası Qanununa () uyğun olaraq fəaliyyət göstərir. Kitabxana 21 dekabr 1918-ci ildə Estoniyanın parlament kitabxanası () kimi yaradılmışdır.
Qanuna əsasən, Estoniya Milli Kitabxanası Estoniya milli yaddaşının və irsinin qoruyucusudur, Estoniya ədəbiyyatı və milli biblioqrafiyanın depozitar mərkəzi kimi fəaliyyət göstərir, Estoniya parlamenti və bir çox digər konstitusiya qurumları üçün əsas informasiya təminatçısıdır, kitabxana və informasiya elmləri üzrə milli mərkəzdir, kitabxanaçıların davamlı təhsili üçün məkan və eyni zamanda mədəniyyət mərkəzi rolunu oynayır.
1984–1991-ci illərdə İvi Eenmaa Milli Kitabxananın direktoru, 1991–1998-ci illərdə isə baş direktoru olmuşdur. 1998–2008-ci illərdə Tiiu Valm baş direktor vəzifəsində çalışmışdır. 2008–2023-cü illərdə Milli Kitabxananın baş direktoru Yanne Andresoo olmuşdur. 2023-cü ildə Martin Ouvel Milli Kitabxananın rəhbəri seçilmişdir.
Funksiyaları Estoniya Milli Kitabxanası aşağıdakı funksiyaları yerinə yetirir:
Milli kitabxana — Estoniyada və ya Estoniya haqqında nəşr olunmuş sənədləri toplamaq, saxlamaq və ictimaiyyətə təqdim etmək, Estoniya milli biblioqrafiyasının məlumat bazalarını və Estoniya çap məhsullarının statistikasını aparmaq, Estoniyanın ISSN, ISBN və ISMN agentliyi kimi fəaliyyət göstərmək; Parlament kitabxanası — Riiqikoqu, Respublika Hökuməti, Respublika Prezidenti Aparatı və dövlət orqanları üçün informasiya xidmətləri göstərmək; Elmi kitabxana — humanitar elmlər və ictimai elmlər üzrə tədqiqat fəaliyyəti üçün informasiya təmin etmək və müxtəlif informasiya xidmətləri göstərmək; Kitabxana tədqiqat və inkişaf mərkəzi — kitabxanaşünaslıq və informasiya elmi sahələrində məlumat təmin etmək, Estoniyada kitabxana tədqiqatı, inkişaf fəaliyyəti və standartlaşdırmanı əlaqələndirmək, istifadəçi sorğuları təşkil etmək, Estoniya kitabxanalarının əməkdaşları üçün təlim və peşəkar hazırlıq keçirmək, kitab və kitabxana elmləri üzrə materiallar və Estoniya kitabxana jurnalı olan Raamatukoqunu nəşr etmək, kitabxana statistikasına dair milli araşdırmalar aparmaq və beynəlxalq kitabxana əməkdaşlığında fəal iştirak etmək; Mədəniyyət mərkəzi — kitab və incəsənət sərgiləri, konfranslar, konsertlər, teatr tamaşaları, kino gecələri və digər mədəni tədbirlərin keçirildiyi məkan.
İnformasiya xidmətləri Estoniya Milli Kitabxanası aşağıdakı sahələr üzrə informasiya xidmətləri göstərir:
Humanitar elmlər: tarix, etnologiya, fəlsəfə, folklor, psixologiya, din, mədəniyyət, dilçilik və ədəbiyyatşünaslıq, Estoniya və xarici ədəbiyyat, incəsənət, musiqi, film, teatr və s. İctimai elmlər: iqtisadiyyat, hüquq, siyasət, siyasi elm, sosiologiya və s. Beynəlxalq təşkilatlar: Avropa İttifaqı, Ümumdünya Ticarət Təşkilatı (WTO), Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Valyuta Fondu (IMF) və s. Beynəlxalq məhkəmələr: Avropa Birliyi Ədalət Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) və s. İnformasiya elmləri: informasiya elmi, kitabxanaşünaslıq, kitabxana işi, kitab tarixi və s. Kartoqrafiya və coğrafiya.
Nadir kitab kolleksiyası üzrə mütəxəssislər qədim kitablarla bağlı məsləhət xidmətləri göstərirlər. Kitabxanada həmçinin qurum və şəxsi kolleksiyalar əsasında arxiv xidmətləri, konservasiya və cildləmə xidmətləri mövcuddur.
Elektron kitabxana Elektron kitabxana 1990-cı illərin ortalarından inkişaf etdirilmişdir və Estoniya Milli Kitabxanasının rəsmi səhifəsində mövcuddur. Bu sistem oxuculara aşağıdakı imkanları yaradır:
ESTER elektron kataloqundan istifadə etmək lisenziyalı məlumat bazaları və elektron jurnallar haqqında məlumat əldə etmək humanitar və ictimai elmlər sahəsində sorğular göndərmək onlayn nəşrləri oxumaq, elektron sərgiləri ziyarət etmək və kitabxananın nəşrlərini almaq rəqəmsal kolleksiyalarla tanış olmaq Avropa Kitabxanasının informasiya resurslarından istifadə etmək
Bəzi xidmətlər yalnız Milli Kitabxananın qeydiyyatdan keçmiş oxucuları üçün əlçatandır. Onlar:
kitab, jurnal, not nəşrləri və digər materialları bron edə kitabların qaytarılma müddətini uzada surətlər sifariş edə materialları kitabxanalararası abonement vasitəsilə sifariş edə bilərlər
Kolleksiyalar 1 yanvar 2007-ci il tarixinə Estoniya Milli Kitabxanasının kolleksiyası 3,4 milyon vahid təşkil edirdi. Bunlara daxildir:
1.975.981 cild kitab 302.988 dövri nəşr komplekti 20.954 kartoqrafik material 117.777 not materialı 180.062 qrafik sənət nümunəsi 7.203 əlyazma və arxiv sənədi 2.635 texniki standart 481.088 broşür 43.477 audio-vizual material 1.852 elektron material 27.198 mikroforma materialı
1919-cu ildən etibarən Milli Kitabxana Estoniyada çap edilən bütün nəşrlərin məcburi nüsxələrini almaq hüququna malikdir.
Nadir nəşrlər 1861-ci ildən əvvəl eston dilində çap olunmuş nəşrlər və 1831-ci ildən əvvəl xarici dillərdə çap olunmuş nəşrlər, o cümlədən səkkiz inkunabula və XVI–XVII əsrlərə aid 1.500 nəşr Nadir Kitablar Kolleksiyasında saxlanılır. Sonrakı nəşrlər arasında avtoqraflı, əlyazma düzəlişli və sahiblik nişanlı nüsxələr, senzura nüsxələri, bədii cildlənmiş, bibliofil və lüks nəşrlər mövcuddur. Kolleksiyada 28.000 nadir nəşrlə yanaşı 150 əlyazma da saxlanılır. Kitabxanada qədim kitabların tədqiqi 50 ildən artıqdır ki aparılır.
Nadir kitablar kolleksiyasındakı ən qədim kitab Kölnlü ilahiyyatçı Lambertus de Montenin əsəri — Copulatasuper tres libros Aristotelis De Anima...dir (Köln, 1486). Ən qədim Estoniya nəşri isə Heinrix Stahlın eston və alman dillərində paralel mətnlərlə çap olunmuş moizələr kitabı Leyen Spiegeldir (Reval, 1641–1649).
Tarixi 21 dekabr 1918-ci ildə Estoniya Respublikasının Müvəqqəti Hökuməti Dövlət Kitabxanasının yaradılması haqqında qərar qəbul etdi. Kitabxananın ilkin kolleksiyası qanunvericilik və hökumət fəaliyyəti üçün zəruri olan təxminən 2.000 nəşrdən ibarət idi və ilk istifadəçilər Riiqikoqu üzvləri olmuşdur. Kitabxana Toompea qalasındakı parlament binasının iki kiçik otağında yerləşirdi.
1918–1940-cı illərdə müstəqil Estoniya Respublikası dövründə kitabxana sürətlə inkişaf etmişdir. 1919-cu ildə kitabxana Estoniyada çap olunan bütün nəşrlərin məcburi nüsxələrini almağa başladı. 1921-ci ildə ilk beynəlxalq mübadilə müqavilələri bağlandı. 1935-ci ildə Dövlət Kitabxanası eston dilində və Estoniya haqqında bütün nəşrlərin Arxiv Kolleksiyasını yaratdı. Bu, Estoniya və Baltik ölkələri haqqında çap materiallarının sistemli şəkildə toplanmasının başlanğıcı idi. 1930-cu illərdə kitabxana parlament kitabxanasından daha geniş funksiyalar yerinə yetirməyə başladı — kolleksiyalar təxminən 50.000 vahiddən ibarət idi və oxucular arasında tanınmış ziyalılar, mədəniyyət və ictimai xadimlər var idi.
Sovet işğalı dövründə kitabxana Estoniya SSR Dövlət Kitabxanası adı altında adi ictimai kitabxanaya çevrildi. Kitabxananın rolu əhəmiyyətli dərəcədə dəyişdi: xarici ölkələr və onların kitabxanaları ilə bütün əlaqələr kəsildi, əsasən ümumittifaq depozit nüsxələrindən ibarət rusdilli nəşrlər üstünlük təşkil etməyə başladı. Estoniya və xarici nəşrlərin böyük hissəsi məhdud girişli kolleksiyalarda saxlanılırdı. 1948–1992-ci illərdə kitabxana Tallinin tarixi mərkəzində yerləşən keçmiş Estoniya Cəngavərlər Evində fəaliyyət göstərmişdir.
1953-cü ildə kitabxanaya Estoniya Milli Oyanışının görkəmli nümayəndəsi və Estoniyanın milli eposu Kalevipoegin müəllifi Fridrix Reynhold Kreutsvaldın adı verilmişdir. Həmin dövrdə kolleksiya artıq bir milyon vahidə çatmışdı.
1980-ci illərdə Baltik ölkələrində başlayan azadlıq hərəkatı və 20 avqust 1991-ci ildə müstəqil Estoniya Respublikasının bərpası kitabxananın rolunu əhəmiyyətli şəkildə dəyişdirdi.
1988-ci ildə Fridrix Reynhold Kreutsvald Dövlət Kitabxanası Estoniya Milli Kitabxanası adlandırıldı və ona eston dilində, Estoniyada və Estoniya haqqında nəşr olunan bütün sənədləri toplamaq, qorumaq və istifadəyə vermək missiyası həvalə olundu.
1989-cu ildə kitabxananın parlament kitabxanası statusu bərpa edildi və ona Riigikogu və Hökumət üçün informasiya xidmətləri göstərmək öhdəliyi verildi. Müasir Estoniya Milli Kitabxanası 1998-ci ildə qəbul edilmiş, 2002 və 2006-cı illərdə dəyişiklik edilmiş Estoniya Milli Kitabxanası Qanununa əsasən fəaliyyət göstərən ictimai hüquqi şəxsdir. Onun kollegial qərarverici orqanı Riigikogu tərəfindən təyin olunan üzvlərdən ibarət Milli Kitabxana Şurasıdır.
Kitabxana binası Tallindəki Tönişmaqi ərazisində yerləşən və xüsusi olaraq kitabxana üçün layihələndirilmiş Estoniya Milli Kitabxanasının binası 1985–1993-cü illərdə inşa edilmişdir. Binanın memarı Raine Karp, interyer dizayneri isə Sulev Vahtradır. Yeraltı iki mərtəbəsi olan səkkizmərtəbəli bina bu günə qədər Baltik ölkələrinin ən böyük kitabxanasıdır. Burada 600 oxucu yeri olan 20 oxu zalı, böyük konfrans zalı, teatr zalı və çoxsaylı sərgi məkanları yerləşir. Kitab anbarları beş milyon cildin saxlanılması üçün nəzərdə tutulmuşdur. Bütün anbarlar sənədlərin qorunması üçün uyğun rəflər və kondisioner sistemi ilə təchiz edilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər