Müzəffər Firuz () () — İran dövlət xadimi. O, Əbdülhüseyn mirzə Fərmanfərmanın ata tərəfdən, Mirzə Hidayətullahın isə ana tərəfdən nəvəsidir.

Erkən həyatı Firuz mirzə Nüsrətəddövlə və Məhəmməd Müsəddiqin bacısı Dəftərülmülkün böyük övladı olan Müzəffər Firuz 1906-cı ildə Tehranda anadan olmuşdur. O, uşaq yaşlarında atasının göstərişi ilə təhsil almaq üçün İngiltərəyə göndərilmiş, orta təhsil diplomu aldıqdan sonra bir müddət Kembric Universitetində iqtisadiyyat sahəsində təhsil almışdır. 1927-ci ildə İrana qayıdan Firuz 21 yaşında dövlət qulluğuna qəbul edilmişdir.کتاب «صادق هدایت ۸۲ نامه به حسن شهید نورایی»، به کوشش ناصر پاکدامن و بهزاد نوئل شهید نورایی، کتاب چشم‌انداز، پاریس، چاپ دوم، زمستان ۱۳۷۹، ص ۱۵۶

İnzibati və siyasi fəaliyyəti Onun ilk vəzifəsi Ədliyyə Nazirliyində tərcüməçilik olmuşdur. Daha sonra Xarici İşlər Nazirliyində fəaliyyətini davam etdirən Firuz İranın Vaşinqtonda yerləşən səfirliyinə ikinci katib təyin edilmişdir, lakin bir müddət sonra səfir ilə yaranan ixtilaflar səbəbindən İrana qayıtmış və vəkillik fəaliyyətinə başlamışdır. Onun bu sahədəki ilk təcrübəsi İran Milli Bankının Almaniyadan olan baş direktoru Kurt Lindenblattın vəkilliyini öz üzərinə götürməsi olmuşdur. ABŞ-dən qayıtdıqdan sonra Məhəmmədəli Dövlətşahinin qızı Məhin Dövlətşahi ilə ailə qurmuşdur. 1936-cı ildə atasının qətlə yetirilməsindən sonra Müzəffər Firuzun saraya qarşı mənfi münasibəti formalaşmışdır. 1941-ci ilin sentyabr hadisələrindən sonra Pəhləvi hakimiyyətini devirmək məqsədilə siyasət meydanına atılmışdır. Fələstin Dövlətinə səfəri zamanı Seyid Ziyaəddin Təbatəbai ilə görüşmüşdür. Bir müddət sonra Seyid Ziyaəddin XIV çağırış Milli Məclisə seçkilər zamanı İrana qayıtmış və Yəzd şəhərindən millət vəkili seçilmiş, Firuzun köməkliyi ilə "İradəyi-Milli" partiyasını təsis etmiş və "Rəədi-İmruz" qəzetini nəşr etməyə başlamışdır.

Bir müddət sonra Seyid Ziyaəddindən uzaqlaşan Firuz sol cinaha meyil göstərmiş və Əhməd Qəvam ilə yaxınlaşmışdır. 26 yanvar 1946-cı il tarixində Qəvamın baş nazir təyin edilməsindən sonra, 1 fevral 1946-cı il tarixində Firuz Təbliğat İdarəsinin rəisi və baş nazirin siyasi məsələlər üzrə müavini vəzifəsinə gətirilmişdir. Hakimiyyətinin ilk dövrlərində cənubdakı neft işçilərinin tətili zamanı baş nazirin göstərişi ilə vəziyyəti araşdırmaq üçün Abadana getmişdir. Firuz millət vəkili Abbas İskəndərinin vasitəçiliyi ilə Tudə Partiyasına yaxınlaşmış və Qəvam ilə bu partiya arasında əlaqələrin qurulmasına çalışmışdır. Azərbaycan məsələsi ilə bağlı Qəvam tərəfindən SSRİ-nin yeni elçisi Sadçikov ilə danışıqlar aparmaq üçün vəzifələndirilmişdir. İrana qayıtdıqdan sonra şahın təzyiqi ilə kabinetdə dəyişiklik edən Qəvam 30 mart 1946-cı il tarixində Müzəffər Firuzu İqtisadiyyat naziri təyin etmişdir.تاریخ شفاهی ایران در دانشگاه هاروارد مصاحبه با محمد باهری نوار شماره ۲۸

1946-cı ildə Qəvam İran Demokrat Partiyasını təsis etmiş və Müzəffər Firuzu öz müavini təyin edərək ona geniş səlahiyyətlər vermişdir. 1946-cı ilin avqust ayında Əhməd Qəvamın koalisiya kabinetində Əmək Nazirliyi təsis edilmiş və Firuz ilk Əmək naziri kimi təqdim olunmuşdur. Həmin il Seyid Cəfər Pişəvəri ilə danışıqlar aparmaq üçün ezam edilmiş və bu danışıqlarda müəyyən nəticələr əldə etmişdir. Bir müddət sonra şahın Firuza olan müxalifəti səbəbindən Qəvam onu kabinetdən kənarlaşdıraraq İranın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri təyin etmişdir, lakin bir il sonra, 1947-ci ilin sentyabrında səfir vəzifəsindən azad edilmiş və Avropaya yollanmışdır.

İram İslam inqilabından əvvəlki iğtişaşlar dövründə "Le Monde" qəzetində dərc olunan məqaləsində ABŞ və SSRİ-yə müraciət etmiş, burada Pəhləvi hakimiyyətini kəskin tənqid etmişdir.

İnqilabın qələbəsindən sonra həyat yoldaşı ilə birlikdə İrandan ayrılmış, bir müddət İsveçrədə yaşadıqdan sonra Fransaya köçmüşdür. Fransız mətbuatının Yaxın Şərq bölməsində fəaliyyət göstərən Müzəffər Firuz 1989-cu ildə Parisdə vəfat etmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Qajar Nobles and Notables, Nosrat ed-Dowleh Farmanfarmaian, Qajar pages.2010. Family tree of Farmanfarmaian family by M. M. Eskandari-Qajar, Qajar pages.2010.

Kateqoriya:Firuz-Fərmanfərmalar Kateqoriya:Qacar şahzadələri