Felisiya Bortkyaviçine (; ) — Litvalı siyasətçi, ictimai xadim, naşir və feminist. O, "Lietuvos ūkininkas" və "Lietuvos žinios" qəzetlərinin uzunmüddətli naşiri kimi fəaliyyət göstərib. 1900-cü ildə Vilnüsə köçdükdən sonra ictimai həyatda aktivləşib və çoxsaylı siyasi, mədəni, xeyriyyə təşkilatlarının enerjili, məhsuldar təşkilatçısı, meneceri və xəzinədarı kimi tanınıb. O, Litva Demokratik Partiyası, Kəndli İttifaqı və Litva Kəndli Xalq İttifaqı da daxil olmaqla müxtəlif siyasi partiyalara qoşulub onların liderlərindən birinə çevrilərək 1905-ci ildə Vilnüs Böyük Seyminin nümayəndəsi olub, 1920-ci ildə Litva Müəssislər Məclisinə seçilib, 1918-ci ildə Təchizat və İctimai İşlər Naziri, 1926-cı ildə isə Litva Prezidenti vəzifələrinə namizədliyi nəzərdən keçirilib. Felisiya Bortkyaviçine istedadlı tələbələrə, Çar rejiminin siyasi məhbuslarına və deportasiya edilmiş Prussiya litvalılarına dəstək verən bir neçə xeyriyyə təşkilatını təşkil edib onlara rəhbərlik edib. Eyni zamanda Litva Qadınlar Assosiasiyasının fəal üzvü və Litva Qadınlar İttifaqının sədri kimi Litvada qadın hərəkatının üzvü olub. Çoxşaxəli fəaliyyətinə görə Felisiya Bortkyaviçine Çar Rusiyası, müstəqil Litva və Sovet Litvası da daxil olmaqla müxtəlif rejimlər tərəfindən dəfələrlə həbs edilib həbsxanalarda saxlanılıb.
Həyatı
Felisiya Bortkyaviçine 1 sentyabr 1873-cü ildə Rusiya imperiyasının tərkibində olan Krekenava yaxınlığındakı Linkauçiayi malikanəsində, kiçik Litva zadəganları olan Yuozas Povickas və Antanina Ona Liutkeviçiutenin ailəsində anadan olub. 1863-cü il Polşa üsyanında iştirak etdikləri üçün ailənin malikanəsi müsadirə olunub və ailə Ukmergenin cənub-şərqindəki Antakalnis kəndinə köçüb. Anasının tərəfindən bir neçə qohumu üsyanda həlak olub və ya Sibirə sürgün edilib. Uşaq ikən o, İnsarda sürgündə olan babasına və iki əmisinə baş çəkib. Beləliklə, Bortkyaviçine anti-çarizm əhval-ruhiyyəsinin hökm sürdüyü bir mühitdə boya-başa çatıb. O, anasından öyrəndiyi Litva dilində bir az danışıb. Atası polyak dilində danışsa da, özünü litvalı hesab edib. Öz etirafına görə, o, 1889-cu ilə qədər Litva Milli Dirçəlişi haqqında heç nə bilməyib.
Bortkyaviçine 1885–89-cu illərdə Kaunasdakı Marinskaja Qızlar Gimnaziyasında oxumazdan əvvəl evdə xüsusi təhsil alıb. Beş digər qızı Şərqi Pravoslav Kilsəsində dua etmək tələbinə tabe olmamağa təşviq etdiyi üçün məktəbdən xaric edilib. Lakin böyük çətinliklərdən sonra Vilnüs Qızlar Gimnaziyasına qəbul olmağı və 1890-cı ildə oranı bitirməyi bacarıb. Bir il ərzində Varşavadakı gizli Səyyar universitetdə Polşa tarixi və fransız dilini öyrənib. Geri döndükdən sonra, 1898-ci ildə atasının ölümünə qədər onunla birlikdə Ukmergedəki bankda çalışıb. Bu təcrübə sonralar müxtəlif təşkilatların maliyyə işlərini tənzimləyərkən onun üçün xüsusilə faydalı olub. 1899-cu ildə o, mühəndis və uşaqlıq dostu Jonas Bortkyaviçine (1871–1909) ilə ailə qurub. Yonas zadəgan nəslindən olmadığı üçün ailəsi bu evliliyi bəyənməyib. Yeni evlənən cütlük Vilnüsə köçüb və orada ictimai həyatda fəal iştirak etməyə başlayıb. O, Litva dilini öyrənərək bu dilin dirçəlişinin aktiv tərəfdarına çevrilib. I Dünya müharibəsindən əvvəl Vilnüsdə Bortkyaviçine sonradan "Vilnüsün On İki Həvarisi" kimi tanınan qeyri-qanuni ziyalılar cəmiyyətinə qoşulub. Kitab qaçaqmalçısı Motiejus Baltūsis vasitəsilə o, qadağan olunmuş "Varpas", "Ūkininkas" və "Naujienos" kimi Litva qəzetlərinə çıxış əldə edib. 1902-ci ildə Baltüsis həbs edildikdən sonra o, həm kitab qaçaqmalçılığına, həm də bu qəzetlərin nəşrinə cəlb olunub. O, redaktorlara əlyazmalar göndərib və xərcləri ödəmək üçün vəsait toplayıb. Bəzi qeyri-qanuni nəşrlər Müqəddəs Nikolay kilsəsində gizlədilib. O, 1902-ci ilin oktyabrında yaradılmış Litva Demokratik Partiyasının (LDP) mərkəzi komitəsinin və 1905-ci ilin sentyabrında yaradılmış Litva Qadınlar Birliyinin idarə heyətinin üzvü olub. Onun evi ziyalıların toplaşma yerinə çevrilib. Hətta LDP-nin iclasları məhz onun evində keçirilib.
O, təşviqatçılara pul, material və hətta silah paylayıb. Bortkyaviçine Rusiyada 1905–1907-ci illər inqilabını dəstəkləyib. O, Vilnüs Böyük Seyminin təşkilat komitəsinin üzvü və nümayəndəsi olub. Seym zamanı Kəndli İttifaqı yaradılıb və Bortkyaviçine onun mərkəzi komitəsinin meneceri təyin edilib. İttifaq cinsindən, dinindən və milliyyətindən asılı olmayaraq hamı üçün ümumi seçki hüququ tələb edən qətnamə təklif edib və Seym bunu təsdiqləyib. Müasirlərinin xatirələrinə görə, o, az danışsa da, Seymin təşkili və idarə olunmasının demək olar ki, hər bir mərhələsində yaxından iştirak edib. Ernestas Galvanauskasın Paneveziys həbsxanasından qaçmasına və xaricə getməsinə kömək edib. 1905-ci ilin dekabrında o, Litva Müəllimlər İttifaqının xəzinədarı seçilib. 1906-cı ildə inqilab zəiflədikdən sonra Bortkevičienė fəaliyyətini artıq leqallaşmış Litva mətbuatına yönəldib. O, "Lietuvos ūkininkas" və "Lietuvos žinios" qəzetlərini nəşr edib.
1907-ci ilin sentyabrında Felisiya Bortkyaviçine Birinci Litva Qadınlar Konqresində iştirak edib və sonradan qadın hərəkatının katolik və liberal qollara bölünməsinin qarşısını almağa çalışıb. O, həmçinin xeyriyyə işləri ilə, o cümlədən istedadlı tələbələrə dəstək verən "Žiburėlis" cəmiyyəti (1903-1940-cı illərdə sədri olub) və çar hakimiyyəti tərəfindən təqib edilən fəallara yardım edən Şəhidlər Fondu (1904–14) ilə məşğul olub. Antisovet və anti-çarizm fəaliyyətinə görə o, dörd dəfə həbs edilib. İlk dəfə 1907-ci ildə qeyri-qanuni müəllimlər toplantısında iştirak etdiyi üçün tutulub. Həyat yoldaşı 1906-cı ildə Lukiçkes həbsxanasında üç ay yatıb. Bu təcrübə onun sağlamlığını sarsıdıb və uzun sürən müalicədən sonra o, 1909-cu ilin yanvarında vəfat edib. Xəstələnməzdən əvvəl onun hərbi zavodda yüksək maaşlı işi olub. Felisiya Bortkyaviçine ondan qalan mirası (təxminən 5000 rubl) "Lietuvos ūkininkas" və "Lietuvos žinios" qəzetlərinin maliyyələşdirilməsinə sərf edib. 1915-ci ildə o, Litvada ilk qadın mason olub. Müharibə illərində (1914–1919)
Birinci Dünya müharibəsi zamanı Felisiya Bortkyaviçine Rusiyaya təxliyə olunub və orada fəal ictimai işlərini davam etdirib. O, Kiçik Litvadan deportasiya edilmiş Prussiya litvalılarına yardım təşkil edib. Ural dağları və Volqa çayı boyundakı şəhərlərdə yaşayan icmalara baş çəkib. Beş ay davam edən bu səyahət zamanı onun rəhbərlik etdiyi "Litva Qayğısı" (Lietuvių globa) təşkilatı 4000-ə yaxın Prussiya litvalısına dəstək verib. Altı ibtidai məktəb və yaşlılar üçün dörd sığınacaq saxlayıb. 1917-ci ilin aprelində litvalılar Petroqradda Litva konfransı təşkil etmək qərarına gəliblər. Felisiya Bortkyaviçine təşkilat komitəsinin üzvü, may ayında keçirilən konfransda isə Təhsil Komissiyasının üzvü olub. Konfrans zamanı o, Litvanın tam müstəqilliyinə qarşı olub və Rusiya imperiyası daxilində muxtariyyət tərəfdarı kimi çıxış edib. Lakin bir neçə aydan sonra bu səsvermədən peşman olub və bunu səhv hesab edib. O, yeni yaradılmış Litva Xalq Sosialist Demokratik Partiyasının xəzinədarı olub. 1917-ci ilin oktyabrında Stokholmda keçirilən Litva konfransına nümayəndə kimi qatılıb. Konfransdan sonra Kopenhagendə yaşayıb və Qırmızı Xaç Komitəsi ilə əməkdaşlıq edərək Almaniyadakı Litva hərbi əsirlərinə yardım təşkil edib.ref name=stak/>
1918-ci ilin baharında o, Vilnüsə qayıdıb və siyasi fəaliyyətini bərpa edərək noyabr ayında "Lietuvos ūkininkas" qəzetini yenidən nəşr etməyə başlayıb. 1918-ci ilin dekabrında, Litva–Sovet müharibəsinin başladığı bir vaxtda Litva hökuməti böhran keçirərkən, Felisiya Bortkyaviçine Mikolas Slezeviçiusu rəhbərliyi ələ almağa və Baş nazir olmağa təşviq edib. Slezeviçius onu Təchizat və İctimai İşlər Naziri postuna namizəd kimi nəzərdən keçirib. Lakin hökumət üzvləri qadın nazirə qarşı tərəddüd etdikləri üçün o, bu vəzifəyə seçilməyib. Hökumət Kaunasa təxliyə olunduqda, Bortkyaviçine Vilnüsdə qalıb. 1919-cu ilin əvvəlində o, Meçislovas Reinys, Yuozas Vailokaitis və Liudas Gira kimi digər görkəmli şəxsiyyətlərlə birlikdə Vincas Mickeviçius-Kapsukasın rəhbərlik etdiyi Litva Sovet Sosialist Respublikası tərəfindən girov kimi həbs edilib. Litva SSR hökuməti Litva hökuməti tərəfindən saxlanılan kommunistlərin sərbəst buraxılmasını tələb edib. O, Lukiçkes, Dauqavpils və Smolensk həbsxanalarında altı ay yatıb. 24 iyulda Vaclovas Sidzikauskas Dauqailiaidə məhbus mübadiləsi təşkil edib və Felisiya Bortkyaviçine də daxil olmaqla on beş məşhur litvalı 35 kommunistlə dəyişdirilib.
Siyasi fəaliyyət və Parlament illəri
1919-cu ilin iyulunda Felisiya Bortkyaviçine Kaunasa qayıdıb. 1920-ci ilin aprelində Kəndli İttifaqının namizədi kimi Litva Müəssislər Məclisinə üzv seçilib. Lakin iş qrafikinin sıxlığı səbəbindən mandatdan imtina edib. 1921-ci ilin yanvarında vəfat etmiş Yuozas Lukoçeviçiusun yerini tutaraq Müəssislər Məclisinin üzvü olub. O, Litva Universitetinin nizamnaməsinin və Xəstəlik Sığortası Fondunun qanununun hazırlanmasında iştirak edib. Bu qanun qadınlar üçün xüsusilə əhəmiyyətli olub, çünki qanun 6 həftəlik analıq məzuniyyəti nəzərdə tutub və hamiləlik səbəbilə işdən çıxarılmanı qadağan edib. Məclis iclaslarında nadir hallarda çıxış etsə də, iki əsas məsələ — torpaq islahatı və prezidentlik institutu haqqında fikirlərini bildirib. Çar rejimi tərəfindən kilsə və monastırlardan müsadirə edilmiş torpaqların geri qaytarılmasına qarşı çıxıb. Konstitusiya müzakirələri zamanı o, həmçinin prezidentlik institutunun yaradılmasının əleyhinə səs verib. 1926-cı ildə Litva Kəndli Xalq İttifaqının namizədi kimi parlament seçkilərində iştirak edib. Üçüncü Seymə seçilməsə də, Litva prezidentliyinə namizədliyi irəli sürülüb və bir səs toplayıb.
1920-ci ilin aprelində Litva Xalq Sosialist Demokratik Partiyası (LPSDP) ilə birlikdə "AB Varpas" nəşriyyat şirkətini təsis edib və 1930-cu ilə qədər ona rəhbərlik edib. 1922-ci ilin fevralında "Lietuvos žinios" və "Lietuvos ūkininkas" qəzetlərinin nəşrini bərpa edib. Bu nəşrlər öz idealları barədə açıq danışır və hökuməti tənqid etməkdən çəkinmirdi, buna görə də Felisiya Bortkyaviçine dəfələrlə cərimə və həbslərlə üz-üzə qalıb. Təkcə 1923-cü ildə onun məsul tərəf kimi göstərildiyi 17 məhkəmə işi olub. 1925-ci ilin oktyabrında Baş nazir Vytautas Petrulis və Müdafiə naziri Leonas Bistrasın karikaturasını dərc etdiyi üçün o, 2000 litas cərimə edilib və ya bir ay yarım müddətinə həbs olunub. Cəriməni ödəməyə imkanı olmadığı üçün o, dostları kifayət qədər pul toplayana qədər həbsdə yatıb. Felisiya Bortkyaviçine bütün ömrü boyu demokratik azadlıqlar uğrunda mübarizə aparıb və Antanas Smetonanın avtoritar rejimini gətirən 1926-cı il dekabr çevrilişindən dərhal sarsıntı keçirib. Onun nəşrləri rejimi gah birbaşa, gah da dolayısı yolla tənqid edib. 11 mart 1927-ci ildə mətbəə naməlum şəxslər tərəfindən bombalanıb. Partlayış binanın iki mərtəbəsini uçuracaq və çap maşınlarını məhv edəcək dərəcədə güclü olub. Buna baxmayaraq, qəzetin nəşri dayandırılmayıb. Həmin gün "Lietuvos žinios" başqa bir mətbəədə çap olunub. 1928-ci ilin oktyabrına qədər o, mətbəəni yenidən qurub.
Son illəri və vəfatı 1922-ci ildə o, Litva Qadınlar Birliyinin yenidən qurulmasına kömək edib və 1928-ci ilə qədər ona sədrlik edib. 1940-cı ildə Sovet İttifaqı Litvanı işğal etdikdə, mətbəə milliləşdirilib, bu isə Felisiya Bortkyaviçinenin həyat amalını və dolanışıq vasitəsini əlindən alıb.
1945-ci ildə o, NKVD tərəfindən bir neçə dəfə həbs edilib və dindirilib. Bu, onun sağlamlığına mənfi təsir göstərib və o, 1945-ci ilin oktyabrında Kaunasda vəfat edib. Onun dəfn mərasimi NKVD-nin nəzarəti altında keçirilib. Cənazəsi sadə bir yük maşınında Troşkūnaiyə aparılıb və bacısının yanında dəfn edilib.
İstinadlar
Ədəbiyyat LNB-Rankraščių sk.-F.68-(Борткевичус Фелиция) Būtėnas J. Felicijos Bortkevičienės pasakojimai // Istoriografo užrašai.-V., 1974 Trumpos Steigiamojo Seimo narių biografijos su atvaizdais.-Klaipėda, 1924 Lietuvos albumas. K., 1921 Bortkevičienė Felicija, Lietuvių enciklopedija, Boston, 1954, t. 3, p. 149.