Press TV (PRESSTV kimi stilizə edilir) — İran İslam Respublikasının Teleradio Yayımı (IRIB) qurumuna məxsus ingilis və fransız dillərində yayım aparan xəbər media təşkilatı. İran dövlətinə məxsus və Tehranda yerləşən 24 saatlıq kanal 8 iyul 2007-ci ildə istifadəyə verilib və Qərbdə mərkəzləşən ingilisdilli xəbər xidmətləri ilə rəqabət aparmaq üçün nəzərdə tutulub. Press TV İran hökumətinin propaqanda vasitəsi olduğu üçün dəfələrlə tənqidlərə məruz qalıb.
Yaradılması və məqsədi İranın ilk beynəlxalq ingilisdilli televiziya kanalı 1976-cı ildə yaradılıb. Daha sonra 1997-ci ildə İRİB tərəfindən ingilis dili də daxil olmaqla bir çox dildə yayımlanan Sahar TV fəaliyyətə başladı.
Press TV "BBC World News", "CNN International" və "Al Jazeera English" kimi kanallar tərəfindən təqdim edilən xəbər yayımını tarazlaşdırmaq üçün, xüsusən də Yaxın Şərqdəki hadisələrlə bağlı xəbərlər, videolar və mübahisəli materiallar paylaşmaq məqsədilə 8 iyul 2007-ci ildə fəaliyyətə başlayıb. Press TV dövlət tərəfindən maliyyələşdirilir və İran daxilində radio və televiziya verilişlərini qanuni olaraq yayımlaya bilən yeganə təşkilat olan İran İslam Respublikası Yayım Şurasının (IRIB) bir bölməsidir. Tehranda yerləşən bu telekanal Şimali Amerika, Avropa, Yaxın Şərq, Asiya, eləcə də Afrika və Latın Amerikasının bəzi yerlərinə yayımlanır.
İRİB-in rəhbəri birbaşa ali lider Ayətullah Əli Xamenei tərəfindən təyin olunurdu; "The Guardian" qəzetinin məlumatına görə, bu xəbər təşkilatının ölkənin mühafizəkar siyasi fraksiyası ilə, xüsusən də İnqilab Keşikçiləri ilə yaxın əlaqələri var.
Press TV-nin baş direktoru Məhəmməd Sərəfraz 2007-ci ilin iyun ayında keçirilən mətbuat konfransında demişdi: "11 sentyabrdan bəri Qərb qərəzliliyi medianı iki düşərgəyə bölüb: birincilər onların siyasətini dəstəkləyənlər bir qrupdan ibarətdir, qalan media isə Əl-Qaidə kimi radikal İslam qruplarına bağlıdır. Biz fərqli bir baxış ucağının olduğunu göstərmək istəyirik. İran, xüsusən də şiələr dünya təbliğatının mərkəzinə çevriliblər. Media baxımından Qərb auditoriyasına ikinci bir baxış ucağı açmağa çalışırıq."
Dünyaya İranın baxış ucağını təbliğ etmək üçün ingilisdilli televiziya şəbəkəsi və ərəbdilli El-Aləm Xəbər Şəbəkəsi yaratmaqla, İran hökuməti "İran İslam Respublikası ilə bağlı yanlış məlumatlara və böhtanlara məruz qalan qlobal auditoriyaya müraciət etmək" ümidini bildirib. Bu iki şəbəkə diqqət mərkəzini "Yaxın Şərqdəki çətin məsələlərə, məsələn, ABŞ-ın qonşu İraqı işğal etməsinə və şiə məsələsinə" yönəldib.
2007-ci ildə Londonda da Press TV fəaliyyətə başladı. Şəbəkənin veb saytı 2007-ci ilin yanvar ayının sonlarında, kanalın özü isə 2 iyul 2007-ci ildə istifadəyə verildi. Roşan Məhəmməd Salih Press TV-nin Londondakı ilk xəbər redaktoru və baş müxbiri idi. 2009-cu ilin iyul ayında The Guardian qəzetində dərc olunmuş məqalədə Salih Press TV-nin "Qərb mediasının toxunmayacağı HƏMAS və Hizbullah kimi legitim subyektlərə platforma verməyə hazır olduğunu" yazırdı.
BBC jurnalisti Linda Pressli 2011-ci ilin dekabr ayında Press TV-ni Fələstin tərəfdarı və İrana tətbiq edilən sanksiyalara qarşı çıxan bir xəbər agentliyi kimi təsvir etmişdir. O dövrdə Londondakı "Press TV Ltd" İrana əsasən tele-şoular hazırlayıb satırdı, Tehranın "Press TV International" şirkəti isə xəbər və sənədli filmlərin əksəriyyətini istehsal edirdi.
2009-cu ildə Press TV-nin illik büdcəsi 250 milyard rial (həmin vaxtı 8,3 milyon ABŞ dollarından çox) təşkil edirdi. Həmin vaxtlarda xəbər stansiyasında dünyanın hər yerində 400-dən çox işçi çalışırdı.
Mübahisəli məsələləri
İranpərəst qərəzliliyi Press TV İranın xarici siyasətini təbliğ edir və onu İran hökumətinin təbliğat sisteminin bir aləti kimi təsvir edirlər.
Kanalda bir neçə məhbusun məcburi cinayət etirafları yayımlanmışdır və bu hadisədən sonra onun Birləşmiş Krallıqda yayım lisenziyasının ləğv olunmuşdur.
Press TV-nin xəbər buraxılışlarında tez-tez İran nazirləri, diplomatlar və ya hökumət rəsmiləri, eləcə də qonaq şərhçilər iştirak edir və İran hökumətinin "gündəliyi" ilə uyğun fikirlərini bildirirlər. 2012-ci ildə şərhçi Duqlas Mürrey yazıb ki, bu informasiya vasitəsi "İran hökumətinin təbliğat kanalı"dır.
"Associated Press"-in xəbər verdiyi kimi, prezident seçkilərdən sonrakı "informasiya hücumu" zamanı Press TV və El-Aləm "İran ictimai diplomatiyası üçün əsas platforma rolunu oynayaraq siyasi bəyanatlar, danışıqlar mövzuları və şiddətli xəbərlər axını yaratdılar".
2007-ci ildə Kanadanın həftəlik buraxılan "Maclean's" jurnalı "Press TV-nin xəbərlərinin əksəriyyətinin faktiki olaraq dəqiq olduğunu" qeyd edərək bildirmişdir ki, Press TV qəsdən “səhvlər" dərc edir. O, iddianın sübutu kimi Press TV veb saytındakı heç bir dəlil olmadan Livan hökumətinin Nəhr əl-Bared Fələstin qaçqın düşərgəsini Amerika hərbi bazasına çevirməyə çalışdığına dair xəbərləri göstərmişdir.
Press TV-də Qəzza müharibəsi barədə telefon zəngləri ehtiva edən iki verliş yayımlanırdı və onların aparıcısı Corc Qallouey idi. 2009-cu ilin avqust ayında Britaniyanın yayım tənzimləyicisi olan "Ofcom" bu verlişlərin qərəzsizlik kodeksini pozduğuna qərar verdi, çünki onlar İsrail tərəfdarlarından gələn zəngləri kifayət qədər yaymırdılar. Press TV nümayəndələri proqramlarda ifadə edilən fikirlərin ədalətli baxış nəzəriyyələri balansını qoruduğunu bildirdilər.
“The Sunday Times” qəzetinin jurnalisti Eleanor Mills 2010-cu ildə Press TV-yə müsahibə verməzdən əvvəl studiyanı tərk etmişdi, çünki o, səhvən düşünürdü ki, intervyu "Sky News" tərəfindən keçiriləcək. Millsə Tehrandan redaksiya müstəqilliyi təmin edilsə də, o, İrandakı işgəncələr və ya 2009-cu il İran prezident seçkilərindən sonra etirazlar zamanı güllələnən Neda Ağa-Soltan haqqında danışa biləcəyinə şübhə edirdi.
Antisemitizm Britaniyanın "The Jewish Chronicle" qəzeti Press TV-ni Holokostun inkarı kimi "ən mənfur marginal ideyaları" yayımlamaqda günahlandırmışdır, "Anti-Defamation League" təşkilatı isə Press TV-ni antisemitik konspirasiya nəzəriyyələrini yaymaqda ittiham etmişdir.
Press TV 2011-ci ilin dekabr ayında britaniyalı jurnalist Nik Koen tərəfindən "fövqəltəbii yəhudi gücü haqda olan tam faşist konspirasiya nəzəriyyəsi üçün platforma" kimi fəaliyyət göstərməkdə ittiham edilmişdir. O yazırdı ki, "Əgər ağdərililər Press TV-ni idarə etsəydilər, onun neonasist şəbəkəsi olduğunu deməkdə çətinlik çəkməzdilər". 2009-cu ildə Oliver Kamm "The Jewish Chronicle" qəzetində Press TV-ni Holokostun inkarı da daxil olmaqla, "ətrafdakı ən pis və ən zərərli ideyaları ictimai müzakirələrə təlqin etmək qabiliyyətinə" malik olmaqda günahlandırmışdı. Koen qeyd etdi ki, kanalda "Ağ Milliyyətçi Partiyasının lideri Piter Raşton kimi faşist ideoloqlar" yer alıb, bu təşkilat Britaniya Milliyətçi Pariyasının sağındakı yeganə cismin divar olduğu fikrini təkzib edir".
2009-cu ilin sentyabr ayında Press TV Əlcəzair və Mərakeşdə yayılan antisemitik konspirasiya nəzəriyyəsini yenidən dərc etdi. Bu nəzəriyyədə yəhudilər əlcəzairli uşaqların qaçırılması və orqanlarının satılması ilə bağlı əl birliyində ittiham olunurdular. Mərakeşli jurnalist Həsən Masiki Press TV-ni təhlükəli "fantaziya əsəri" olan və "cəfəngiyat, kabus hekayəsi"ni yaydığına görə tənqid etmişdir.
2012-ci ildə Anti-Diffamasiya Liqasının (ADL) hesabatında Press TV-nin antisemit konspirasiya nəzəriyyələri və fikirlərini yayan, o cümlədən İsrailin 11 sentyabr faciəsi və İraq müharibəsində iştirak etdiyini deyən amerikalı konspirasiya nəzəriyyəçisi Devid Dyuk kimi şəxslərlə müsahibə apardığı iddia edilmişdi. Dyuk bu fikirləri səsləndirmişdir: ""Sionistlər bu müharibəni mediada, hökumətdə və beynəlxalq maliyyədə təşkil ediblər". ADL 2013-cü ildə bildirmişdi ki, başqa bir çıxışında Dyuk "öz qeydləri ilə uyğun gələn və Press TV-də tez-tez müdafiə olunan fikirlərə xas olan antisemitizm iddiaları" irəli sürmüşdür. Mark Dankof həmçinin Press TV yayımlanan 11 sentyabr hadisələrinin "başdan-ayağa İsrail Mossadının daxili əməliyyatı" olduğu iddialarını dəstəkləmişdir.
2015-ci ilin əvvəlində Press TV Parisdə Charlie Hebdo redaksiyasındakı atışmaya görə yəhudilərin və ya İsrailin məsuliyyət daşıdığını iddia etmişdi. Kanalın vebsaytında paylaşılan Kevin Barrettin 20 yanvar 2015-ci il tarixli məqaləsində "Sionistlər İŞİD-i yaratdılar və onu Suriya və İraqda müsəlmanlar və xristianlarla mübarizə aparmaq üçün göndərdilər" iddiasını irəli sürmüşdülər, "Yeni Dünya Nizamı Sionizmi isə məhv etmək üçün ABŞ-ni hədəf alır" ifadəsini işlətmişdir. Barrett kanalın vebsaytı üçün yazdığı 17 fevral 2015-ci il tarixli məqaləsində 11 sentyabr hadisələrinin "sionistlərin ölkədə hakimiyyəti ələ keçirmək və İsrail adından islama qarşı daimi müharibə başlatmaq üçün həyata keçirdiyi dövlət çevrilişi" olduğunu iddia etmiş və 2011-ci ildə Norveçdə baş verən hücumların "sionistlərə xas peşəkar qatillər komandası"nın işi olduğunu yalan şəkildə iddia etmişdir.
2020-ci ilin mart ayının əvvəlində, COVID-19 pandemiyası zamanı Press TV "sionist elementlər İrana qarşı daha ölümcül koronavirus ştammı inkişaf etdiriblər" iddiası ilə bir məqalə yayımladı və bir neçə gün sonra İsrailin virusa görə məsuliyyət daşıdığını iddia etdi.
Holokostun inkarı haqqında paylaşımlar Beynəlxalq Holokost Anım Günü (27 yanvar) mövzusu ilə bağlı 2008-ci ildə Press TV veb saytında dərc olunmuş bir redaksiya məqaləsində qeyd edilmişdir: "Bu ildönümündə hamımız tarixin saxtalaşdırılması və indiyə qədər söylənilən ən böyük yalan üzərində düşünməliyik". 2008-ci ildə "The Jerusalem Post" və Britaniyanın "Searchlight" . jurnalı Press TV-ni öz saytında britaniyalı holokostu inkar edən Nikolas Kollerstromun "Auşvitz divarları: Kimyəvi tədqiqatların icmalı" adlı məqaləsini yenidən dərc etdiyinə görə tənqid etmişdilər. Məqalə ilk dəfə "Holokostla bağlı açıq debat" komitəsi (CODOH) tərəfindən dərc olunmuşdu. Sənəddə Auşvitz qaz kameralarının yalnız "ziyansız" məqsədlər üçün istifadə edildiyi iddia edilir və "İkinci Dünya müharibəsi zamanı yəhudi xalqının qazla öldürülməsi elmi cəhətdən mümkün deyil" deyilir. Press TV, məqaləyə görə o zaman London Universitet Kollecinin (UCL) fəxri üzvü vəzifəsindən kənarlaşdırılmış Kollerstromu "görkəmli akademik" adlandırmışdır. Telekanalda çıxış edən digər Holokost inkarçıları arasında Mişel Renuf və Piter Raşton da yer alır.
2014-cü ildə Press TV-nin vebsaytında kanadalı yazıçı Brendon Martinez tərəfindən yazılan bir məqalə dərc olunmuşdur, orada Auşvits yəhudilərin vaxtlarını "mədəni və asudə vaxt fəaliyyətlərində" keçirə biləcəyi cəlbedici bir yer kimi təsvir edilmişdir. O, holokost zamanı qaz kameralarının mövcudluğunu və Avropa yəhudilərinin kütləvi qırğını üçün "Zyklon B"-nin istifadəsini inkar etmişdir. İddialarını dəstəkləmək üçün o, holokostu inkar edən Mark Uebber və Devid İrvinqin ifadələrinə istinad edirdi.
2013-cü ilin noyabr ayında Press TV-nin veb saytında "Baxış bucağı" bölməsində ilk dəfə M.İ. Bhat tərəfindən "Veterans Today" üçün yazılmış bir rəy məqaləsini yenidən dərc etdi, baxmayaraq ki, Bhat Press TV-nin daimi köşə yazarlarından biri idi. Məqalədə Holokostdakı taleyinə görə yəhudilər günahlandırılır və "nasist rejiminin yəhudi əleyhinə konspirasiya nəzəriyyələrini tarixi fakt" kimi qəbul edilir. Bhat Amerika yəhudilərinin "başqa bir Hitleri inkubasiya edib-etmədiyini" sorğulayırdı.
Məzyar Bahari işi 10 iyun 2010-cu ildə 2009-cu ildə mübahisəli İran prezident seçkilərindən sonrakı etirazları çəkərkən həbs olunmuş sənədli film rejissoru və "Newsweek"-in əməkdaşı iranlı-kanadalı jurnalist Məzyar Bahari Birləşmiş Krallığın "Channel 4 News" kanalına müsahibə verdi.