Beynəlxalq hüquqi adət (customary international law) ― beynəlxalq praktikada təşəkkül tapmış və məcburi norma kimi tanınmış davranış qaydası.

Beynəlxalq hüquqi adətin iki ünsürü vardır: 1) dövlətlərin praktikası və 2) bu praktikanın məcburi norma kimi tanınması (opinio juris). Bu məqam BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən bir neçə dəfə, o cümlədən Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə (1969-cu il) və Nikaraqua işi üzrə (1986-ci il) qərarlarda qeyd olunmuşdur.

Beynəlxalq hüquqi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına aşağıdakılar daxildir:

dövlətlərin «faktik» fəaliyyəti (hərəkət və hərəkətsizlik); konkret situasiya və ya mübahisələrlə bağlı onların etdikləri bəyanatlar; dövlətdaxili qanunvericilik; milli məhkəmələrin qərarları; beynəlxalq təşkilatların praktikası.

Müəyyən adət normasının təşəkkül tapması üçün dövlətlərin praktikası, bir qayda olaraq, aşağıdakı tələblərə cavab verməlidir:

Ardıcıl, səbatlı və eyni cür olmalıdır. Ümumi olmalıdır, yəni dünyanın əksər dövlətlərinin bu praktikada «payı» olmalıdır. Burada üç məqamı nəzərə almaq lazımdır: 1) bu və ya digər beynəlxalq adət normasının mövcud olması haqqında məsələni həll edərkən, nizama salman münasibətdə maraqları xüsusilə toxunulan dövlətlərin praktikası ön plana çəkilməlidir. Məsələn, dəniz hüququ ilə bağlı adət normalarının təşəkkül tapmasında dənizyanı dövlətlərin praktikası dənizə heç bir çıxışı olmayan Əfqanıstanın və ya Avstriyanın praktikasından daha önəmli əhəmiyyət kəsb edəcəkdir; 2) əgər bir dövlət lap əvvəldən və ardıcıl olaraq digər dövlətlərin hər hansı bir praktikasına etiraz edirsə, o, yaranmaqda olan adət norması ilə bağlı olmayacaqdır. Bu, beynəlxalq hüquqda qəbul olunmuş «təkidlə etiraz edən dövlət» («persistent objector») prinsipindən irəli gəlir. Lakin bu prinsip jus cogens normalarına şamil olunmur; 3) beynəlxalq hüquqda ümumi beynəlxalq adət normalarından başqa, iki və daha artıq dövləti əhatə edən partikulyar (lokal) adətlər də mövcud ola bilər. Partikulyar adət normalarının mövcudluğu haqqında fikri BMT-nin Beynəlxalq Məhkəməsi Sığınacaq işində (1950-ci il) və Hindistan ərazisindən keçmək hüququ haqqında işdə (1960-cı il) təsdiq etmişdir. Uzunmüddətli olmalıdır. Məhz dövlətlərin uzun tarixi vaxt ərzində təkrarlanan və üst-üstə düşən praktikası beynəlxalq hüquqi adətin əsasını təşkil edir. Doğrudur, beynəlxalq hüquqda bu müddətin nə qədər olması müəyyən edilməmişdir və bu, hər bir halda nizama salınan məsələnin xarakterindən asılıdır. Bununla belə, beynəlxalq hüquqda müstəsna hallarda ani adət də yarana bilər. Məsələn, kosmik fəzadan istifadə ilə bağlı indi mövcud olan bir sıra beynəlxalq hüquqi adətlər bu qəbildəndir. 1957-ci ildə Sovet İttifaqı kosmosa ilk dəfə süni raket buraxanda heç bir dövlət buna etirazını bildirmədi. Bununla, beynəlxalq hüquqda belə bir adət norması yarandı ki, istənilən dövlət hər hansı digər dövlətin (və ya beynəlxalq təşkilatın) razılığını almadan kosmik fəzaya raket buraxa bilər. Məcburi norma kimi qəbul edilməlidir. Praktikanın sadəcə, adət yox, məhz məcburi yerinə yetirilməli olan norma olmasına dövlətlərdə inam, yəni opinio juris olmalıdır. Lotus işində (1927-ci il) Daimi Beynəlxalq Ədalət Məhkəməsi, Şimal dənizinin kontinental şelfi haqqında işdə və Nikaraqua işində BMT-nin Beynəlxalq Məhkəməsi opinio juris-in zəruri ünsür olduğunu, bunsuz adətin harada qurtardığını və hüququn harada başladığını müəyyən etməyin mümkün olmadığını vurğulamışdır.

Əslində beynəlxalq hüquq öz mənşəyini beynəlxalq adətlərdən götürmüşdür. Lakin beynəlxalq hüquq inkişaf etdikcə və məcəllələşdirildikcə, beynəlxalq adət normaları öz əvvəlki əhəmiyyətini və nizamasalma dairəsini itirmişdir. Bununla belə, müasir beynəlxalq hüquqda müqavilələr aparıcı rol oynasa da, beynəlxalq hüquqi adətin təsiri də az deyildir. BMT-nin Beynəlxalq Məhkəməsi Men körfəzi haqqında işdə (1984-cü il) qeyd etmişdir ki, beynəlxalq adət ümumi prinsiplərin inkişafı üçün ideal dərəcədə əlverişlidir və universal səviyyədə qəbul olunmamış müqavilə rejimindəki boşluqları doldurmaq üçün zəruri bir mənbədir. Doğrudan da, hazırda faktik olaraq elə bir müqavilə yoxdur ki, dünyanın bütün dövlətləri onun iştirakçısı olsun. Hətta BMT-nin Nizamnaməsi bir sıra dövlətlər üçün formal baxımdan məcburi deyildir. Lakin Nizamnamədə təsbit olunmuş beynəlxalq hüququn əsas prinsipləri həmin bu dövlətlər tərəfindən məhz beynəlxalq adət kimi tanınmışdır. Başqa bir misal göstərək. Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyasının hazırda 141 iştirakçısı vardır. Bu o deməkdirmi ki, dünyanın 50-dən artıq dövləti soyqırım cinayəti törətməmək, soyqırım aktları törətmiş şəxslərin cəzalandırılmasını təmin etmək və s. kimi beynəlxalq hüquqi öhdəliklərdən azaddırlar? Əlbəttə ki, yox. Sadalanmış öhdəliklər ümumi beynəlxalq hüququn bir hissəsidir və dünyanın bütün dövlətləri tərəfindən məhz beynəlxalq hüquqi adət kimi tanınmışdır.

Beləliklə, beynəlxalq hüquqi adətin indiki dövrdə başlıca əhəmiyyəti ondan ibarətdir ki, o, hər hansı bir universal müqavilənin iştirakçıları ilə bu müqavilənin iştirakçısı olmayan dövlətlər arasındakı və axırıncıların özləri arasındakı müvafiq münasibətləri nizama salır.

İstinadlar Kateqoriya:Beynəlxalq hüquq

Kateqoriya:Hüquqi terminlər