Dəhhak ibn Qeys əş-Şeybani (; ) — Əməvi xəlifəsi II Mərvana qarşı üsyan qaldırmış xaricilərin lideri.
Həyatı Həyatı haqqında məlumatlar olduqca azdır. Mənbələrdə yalnız onun qaldırığı üsyan haqqında məlumatlar vardır.
Səid ibn Bəhdəlin ölümündən sonra xaricilərin lideri olan Dəhhak ibn Qeys əş-Şeybani, ətrafında təxminən 4 min nəfər cəmləmişdi. Şəhrizurdan Dəməşqə getməyə hazırlaşsa da, tərəfdarlarının istəyi ilə İraqa doğru hərəkətə başlamış və Nuhəyləyə gələrək qərargah qurdu. Əməvilər (Yezidin valisi Abdullah ibn Ömər ilə Mərvanın yeni təyin etdiyi vali Nədr ibn əl-Hərəşi) isə qüvvələrini Kufədə cəmlədilər. 745-ci ilin aprelində baş vermiş döyüşdə məğlub olan Əməvi qüvvələri Vasitə çəkildilər. Kufə isə Dəhhak ibn Qeys əş-Şeybaninin əlinə keçdi. Kufəyə Milhən əş-Şeybani vali təyin edən Dəhhak ibn Qeys əş-Şeybani, oradan da Vasitə getdi. Abdullah ibn Ömər isə Mənsur ibn Cümhuru xaricilərin üzərinə yolladı. Mənsur ibn Cümhur da xaricilərlə bir müddət mübarizə apardıqdan sonra, onlarla vuruşmağın əbəs olduğu qərarına gəldi. O, Abdullah ibn Ömərə onlarla vuruşmamağı, hətta II Mərvana qarşı xaricilərlə birləşməyi məsləhət gördü. Abdullah ibn Ömər isə hadisələrin nəticəsini gözləmək və tələsməmək haqda düşündü. Dərhal sonra Mənsur ibn Cümhur xaricilərin yanına gedərək onlara beyət etdi.
Abdullah ibn Ömər də Mərvana üsyan etmiş Süleyman ibn Hişam ilə birlikdə (bəzi bölgələrin onda qalması şərti ilə) Dəhhak ibn Qeys əş-Şeybani ilə razılığa gəldi və II Mərvana qarşı mübarizəsində ona kömək etdi.
Dəhhak ibn Qeys əş-Şeybani mosulluların çağırışından sonra Mosula yollandı. Dəhhak ibn Qeys əş-Şeybani orada kiçik müqavimətlə üzləşsə də, Mosulu və ətraf əraziləri işğal etməyi bacardı. Hadisələrdən xəbər tutan Mərvan, oğlu Abdullahın komandanlığında 7–8 min nəfərlik ordunu Nusaybinə göndərdi.
Dəhhak ibn Qeys əş-Şeybani isə təxminən 12 min nəfərlik ordusu ilə Nüseybini mühasirəyə aldı. 4 min və ya 5 minlik bir dəstəni də Rəqqaya göndərdi.
Xaricilərin Rəqqaya hücum etdiyini eşidən II Mərvan ordusunun bir hissəsini ora göndərdi. Bundan sonra xaricilər geri çəkilmək məcburiyyətində qaldılar. Mərvanın birləşmələri də onları təqib etdi. Mərvan özü də Rəqqadan Dəhhak ibn Qeys əş-Şeybani üzərinə hərəkətə keçdi.
746-cı ildə iki ordu Mardin ərazisindəki Kəfərtusədə üz-üzə gəldilər. Bu döyüşdə Dəhhak ibn Qeys əş-Şeyban məğlub edildi və öldürüldü. Onun 747-ci ildə öldüyü də rəvayət edilmişdir.
Dəhhak ibn Qeys əş-Şeybaninin ölümündən sonra onun ardıcılları əş-Şeyban əl-Həruriyə beyət etdilər.
Həmçinin bax
Şəbib ibn Yezid əş-Şeybani
İstinadlar Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Xaricilər Kateqoriya:Əməvilər xilafətinə qarşı üsyanlar Kateqoriya:İraq tarixi Kateqoriya:Üsyan rəhbərləri