Niderland Kral Elmlər Akademiyası (, qısaltması: KNAW) — Niderlandın əsas elmi müəssisəsi olan, ölkədə elmin və ədəbiyyatın inkişafına xidmət edən milli təşkilatdır. Mənzil-qərargahı paytaxt Amsterdam şəhərində yerləşir.

Təşkilat hökumətə elm sahəsində məsləhətlər verir, ekspert fəaliyyəti göstərir, elmi məqalələrin rəy bildirilməsi prosesini, elmi konfrans və forumların keçirilməsini əlaqələndirir. Akademiyanın himayəsi altında profil elmi-tədqiqat institutları fəaliyyət göstərir. Akademiya bir sıra nüfuzlu mükafatlar, o cümlədən fizika sahəsində "Lorens medalı"nı təqdim edir.

Müəssisə Napaleonun qurduğu Hollandiya krallığı dövründə, I Lüdovik Bonapartın fərmanı ilə 4 may 1808-ci ildə "Kral Elm, Ədəbiyyat və Təsviri Sənət İnstitutu" () kimi təsis edilmişdir. 1851 və 1855-ci illərdəki bir sıra yenidənqurma tədbirlərindən sonra akademiya statusu almışdır. Müəssisənin indiki adı 1938-ci ildən bəri istifadə olunur.

Niderland Kral Elmlər Akademiyasının tərkibində iki bölmə fəaliyyət göstərir: riyaziyyat və təbiət elmləri bölməsi; filologiya, ədəbiyyat, tarix və fəlsəfə bölməsi. Akademiya öz bülletenini, illik hesabatlarını, məruzələrini və bölmələrin dövri nəşrlərini dərc edir.

Akademiya üzvləri (65 yaşından kiçik olan təxminən 200 üzv) ömürlük olaraq kooptasiya yolu ilə seçilirlər; Akademiyadan kənar şəxs və təşkilatların namizədlik təklifləri də qəbul edilir. 65 yaşında akademik təqaüdə çıxmalıdır (fəxri üzv kimi fəaliyyətini davam etdirir). Akademiyanın müxbir və xarici üzvləri də mövcuddur. Xarici üzvlər arasında SSRİ alimlərindən Pyotr Kapitsa (1969-cu ildən), Andrey Kolmoqorov (1963-cü ildən) və Aleksandr Frumkin (1965-ci ildən) var idi.

Niderland Kral Elmlər Akademiyasının 2008-ci ilin mayından prezidenti fizik-riyaziyyatçı Robert Deykqraf olmuşdur. O, öz açılış nitqində Niderlandda elmin maliyyələşdirilmə səviyyəsinin digər Qərbi Avropa ölkələri ilə müqayisədə aşağı olması barədə narahatlığını ifadə etmişdir.

İstinadlar

Xarici keçidlər

Royal Netherlands Academy of Arts and Sciences, official website Young Academy (De Jonge Akademie), official website Society of Arts (Akademie van Kunsten), official website Netherlands Institute of Ecology (Nederlands Instituut voor Ecologie) (NIOO-KNAW), official website

Kateqoriya:Niderland Kral Elmlər Akademiyası