Qeyri-kommersiya təşkilatı (QKT) — əsas məqsədi mənfəət əldə etmək olmayan təşkilat növüdür.

Qeyri-kommersiya təşkilatları sosial, xeyriyyə, mədəni, təhsil, siyasi, elmi və idarəetmə məqsədlərinə nail olmaq, vətəndaşların sağlamlığının mühafizəsi, fiziki tərbiyə və idmanın inkişafı, vətəndaşların mənəvi və digər qeyri-maddi ehtiyaclarının ödənilməsi, vətəndaşların və təşkilatların hüquq və qanuni mənafelərinin müdafiəsi, mübahisələrin və münaqişələrin həlli, hüquqi yardımın göstərilməsi, habelə ictimai rifahın yüksəldilməsinə yönəlmiş digər məqsədlər üçün yaradıla bilər.

Qeyri-kommersiya təşkilatları sahibkarlıq fəaliyyəti ilə yalnız o halda məşğul ola bilərlər ki, həmin fəaliyyət təşkilatın yaradılmasında nəzərdə tutulan məqsədlərə xidmət etsin.

Tərifi

Britannikaya görə, qeyri-kommersiya təşkilatı — adətən mənfəət formalaşdırmayan və vətəndaşların kollektiv fəaliyyəti vasitəsilə məqsədlərə nail olmağa yönəlmiş bir təşkilatdır.

BRE-yə görə, qeyri-kommersiya təşkilatı — əsas məqsədi mənfəət əldə etmək olmayan və əldə olunan mənfəəti iştirakçılar arasında bölüşdürməyən hüquqi şəxsdir.

Rusiya Federasiyasının 12.01.1996-cı il tarixli 7-FZ nömrəli "Qeyri-kommersiya təşkilatları haqqında" Federal Qanununun 2-ci maddəsinə əsasən, əsas məqsədi mənfəət əldə etmək olmayan və əldə olunan mənfəəti iştirakçılar arasında bölüşdürməyən təşkilat qeyri-kommersiya təşkilatı hesab olunur.

QKT sosial institut kimi

Qeyri-kommersiya təşkilatları üçün təkcə fandrayzinq (vəsait əldə etmək) və xərclərin idarə edilməsi deyil, həm də ictimai, korporativ və ya peşəkar məqsədlər üçün lobbizm fəaliyyəti xarakterikdir. Məsələn, bəzi hüquq-müdafiə layihələri ictimai (sosial) maraqları müdafiə edir, sahəvi assosiasiyalar korporativ maraqların mühafizəsinə yönəlir, peşəkar ittifaqlar (məsələn, Jurnalistlər Birliyi, Kinematoqrafçılar İttifaqı və s.) isə peşə standartlarını formalaşdırır və dövlət orqanları ilə işdə sahə işçilərinin mənafelərini təmsil edir.

Həmçinin bax Qeyri-hökumət təşkilatı Xeyriyyəçilik

İstinadlar

Kateqoriya:Qeyri-kommersiya təşkilatları Kateqoriya:Növlərinə görə təşkilatlar Kateqoriya:Sosial iqtisadiyyat Kateqoriya:Həmkarlar ittifaqları Kateqoriya:Hüquqi terminlər