Təcvid () — Quranın qaydalara uyğun olaraq oxunmasından bəhs edən elm sahəsi və bu mövzuda yazılmış əsərlərin ümumi adı.
Etimalogiya Təcvidin lüğəvi mənası "bir şeyi gözəl və sağlam etmək, onu bəzəməkdir".
Tarixi konteks Təcvid elmi İslam peyğəmbəri Məhəmmədin və onun səhabələrinin dövründə təşəkkül tapmağa başlamışdır. İbn əl-Cəzərinin iddiasına görə bu sözü ilk dəfə Əli işlətmişdir, lakin bəzi müasir tədqiqatçılar təcvidin tarixinin daha qədimə — cahiliyyə dövrünə qədər gedib çıxdığını iddia edirlər.
Elmi termin kimi isə ilk dəfə Məkki ibn Əbu Talib ilə Əbu Əmr əd-Dəninin əsərlərində keçmiş və zamanla yayılmışdır.
Təcvidin məqsədi Həsən Hüseyn Varola görə bu elmin məqsədi Qurandakı ayəsinin əmrini yerinə yetirmək və bundan savab əldə etməkdir.
Təcvid qaydaları Təcvid qaydaları Quran tilavəti (oxunuşu) zamanı hərflərin düzgün tələffüzünü, uzadılmasını və oxunuş qaydalarını müəyyən edən elmi prinsiplər məcmusudur. Müsəlman müəlliflərə görə bu qaydalar Quranın İslam peyğəmbəri Məhəmmədin dövründə necə oxunurdusa, bu gündə eyni şəkildə qorunaraq oxunmasını təmin etmək üçündür.
Hərflərin məxrəcləri Təcvid elminin əsasını hərflərin məxrəcləri təşkil edir. Məxrəc hərfin çıxdığı yerə deyilir. Ərəb hərfləri boğaz, dil, dodaq və burun kimi müxtəlif nitq orqanlarından çıxarılır. Hər bir hərfin özünəməxsus məxrəci vardır və hərf qrupları çıxarıldıqları nitq orqanlarına görə qruplaşdırılırlar: həlq hərfləri (boğaz səsləri və ya laringal səslər): ء ه ع غ ح خ şəfəvi hərflər (dodaq və ya labial səslər): ب م ف ön dil (frontal səslər): ت د س ز arxa dil (dorsal və ya velar səslər): ق ك burun və ya nazal səslər: ن م dental və ya diş səsləri: ث ذ ظ Bu məxrəclər dəyişdikdə mənanın da dəyişməsi mümkündür.
Hərflərin sifətləri Hərflərin tələffüzü zamanı malik olduqları xüsusiyyətləri bildirir və bu sifətlərin iki əsas qrupu vardır: Sifəti-lazımə (hərfin daimi xüsusiyyətləri), Sifəti-arizə (müəyyən hallarda ortaya çıxan xüsusiyyətlər). Yuxarıdakı xüsusiyyətlər hərflərin qalın, incə, sərt və ya yumşaq səslənməsini müəyyənləşdirir.
Mədlər Mədd səsin müəyyən müddət uzadılmasına deyilir. Bu uzatma "mədd hərfləri" və "mədd səbəbləri" ilə əlaqədardır. Hərfin hərəkəsini bir əlif miqdarı uzadan hərflərə "mədd hərfləri" və ya "hərfi-mədd" deyilir. Mədd hərfləri bunlardır: و ى ا
Hərfin hərəkəsini bir əlif miqdarından daha çox uzatmağa səbəb olanlara isə "mədd səbəbləri" və ya "səbəbi-mədd" deyilir. Səbəbi-mədlər bunlardır: "həmzə" və "sükun" (sükunlu hərf)
Məddin əsas növləri bunlardır:
Məddi-təbii, Məddi-müttəsil, Məddi-münfəsil, Məddi-lazım, Məddi-ariz, Məddi-lin. Yuxarıdakı qaydalar Quranın ritmik və düzgün oxunuşunu təmin etmək üçün tətniq edilir.
Nun sakinə və tənvin Sükunlu "nun" (نْ) və tənvin (-in, -un, -ən) müəyyən hərflərlə qarşılaşdıqlarında müxtəlif oxunuş qaydaları ilə tələffüz edilirlər. Bunlar aşağıdakılardır:
İzhar (açıq oxuma), İdğam (birləşdirərək oxuma), İqləb ("m" səsinə çevrilmə), İxfə (gizlin oxunuş).
Bu qaydalar sözlərin düzgün səslənməsini və ahəngini təmin edir.
İdğam İdğam bir hərfin digərinə daxil edilərək birləşdirilməsi deməkdir. Sükunlu "nun"dan və ya "tənvin"dən sonra ي ر م ل و ن hərfləri gələrsə, bu zaman birinci hərf oxunmur, ikinci hərf isə "şəddə"li (qoşa samitli) kimi tələffüz edilir. İdğamın növləri bunlardır: İdğam məal-ğunnə (م ي و və ن hərfləri gələrsə), İdğam bilə-ğunnə (ل və ر hərfləri gələrsə), İdğami-misleyn (ب hərfi gələrsə), İdğami-mütəcəniseyn, İdğami-mütəqaribeyn, İdğami-şəmsiyyə.
Bu qayda oxunuşu asanlaşdırmaq və axıcılığı artırmaq üçündür.
Tərqiq və təxfim Tərqiq (incə oxuma) və təfxim (qalın oxuma) bəzi hərflərin səslənmə xüsusiyyətlərini müəyyən edir. Xüsusilə "ر" hərfi və "Allah" kəlməsinin oxunuşunda bu qaydalar xüsusi əhəmiyyət kəsb edir.
Qalqalə Qalqalə bəzi hərflərin sükun halında titrəyərək (çalxalanaraq) səsləndirilməsidir. Bu xüsusiyyət oxunuşun aydınlığını artırır və müəyyən hərflərə xüsusi vurğu verir. Qalqalə hərfləri bunlardır: ق ط ب ج د
Vəqf və ibtida Vəqf tilavət (oxunuş) zamanı dayanmaq, ibtida isə yenidən başlamaq deməkdir. Bu qaydalar ayələrin mənasının düzgün anlaşılması və sonrakı nəsillərə düzgün çatdırılması üçün müsəlmanlar tərəfindən mühüm hesab olunur.
Vəsl və səktə Səktə nəfəs almadan qısa fasilə vermək, vəsl isə dayanmadan oxunuşu davam etdirməkdir. Bu qaydalar tilavətin (oxunuşun) axıcılığını təmin edir.
Təshihül-hüruf (hərflərin düzgün tələffüzü), ləhn (oxu xətaları), tilavət qaydaları və oxuma üsulları Təcvid elmi çərçivəsində araşdırılan digər mövzulardır. Bu mövzular təcvidin praktik tətbiqi ilə sıx bağlıdır.
Təcvidlə bağlı qələmə alınmış əsərlər Təcvid elmi ilə bağlı qələmə alınmış ilk əsər Musa ibn Ubeydullah əl-Xaqaninin "əl-Qəsidətür-rəiyyə" (və ya "əl-Qəsidətül-Xaqaniyyə") adlı əsəridir. Digər ən mühüm ilk iki əsər bunlardır:
Məkki ibn Əbu Talib, "ər-Riayə li-təcvidil-qiraə və təhqiqi-ləfzit-tilavə". Əbu Əmr əd-Dəni, "ət-Təhdid fil-itqan vət-təcvid". Təcvidlə bağlı əsər qələmə almış digər müəlliflər isə Əbül-Həsən Əli ibn Cəfər ibn Məhəmməd əs-Səidi, İbn Sina, İbn Bənna əl-Bağdadi, Əbül-Fəzl ər-Razi, Əbül-Qasım Əbdülvəhhab ibn Məhəmməd əl-Qurtubi, İbn Ətiyyə əl-Əndəlüsi, Ələməddin əs-Səxavi, İbn əl-Cəzəri, Əbdürrəhman Çətin və başqalarıdır.
Həmçinin bax Qiraət
İstinadlar
Kateqoriya:İslam terminləri Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Fonologiya Kateqoriya:Dini davranış və təcrübə Kateqoriya:Ərəb dili Kateqoriya:İslam mədəniyyəti Kateqoriya:Quran