İqtisadiyyatın dördüncü sektoru — Bilik iqtisadiyyatı anlayışına daxil olan iqtisadiyyat sahələridir. Bu sektor intellektual fəaliyyətə və ya informasiyaya əsaslanan iqtisadiyyata söykənir. İnformasiya istehsalı uzun müddət üç sektorlu modeldə üçüncü sektora (xidmət sektoru) daxil edilirdi. Lakin son onilliklərdə informasiyanın yaradılması, təhlili və yayılması xidmət bazarının nəhəng bir seqmentinə çevrildiyi üçün əksər iqtisadçılar onu ayrıca bir dördüncü sektor kimi qəbul edirlər.

Bəzən "Tədqiqat və inkişaf" (R&D) sektoru da adlandırılan dördüncü sektor, əsasən informasiya xidmətləri, intellektual fəaliyyət və gələcək artıma yönəlmiş bilik əsaslı müəssisələrdən ibarətdir. Bu sektorun məhsuldarlığını və iqtisadiyyatdakı payını dəqiq ölçmək digər sektorlara nisbətən daha mürəkkəbdir.

Xarakteristikası

Dördüncü sektordakı fəaliyyət sahələrinə elmi tədqiqat və təcrübə-konstruktor işləri (ETTKI), İKT, təhsil, Konsaltinq, informasiya idarəçiliyi və maliyyə planlaşdırılması daxildir.

Bu sektora aşağıdakı xidmətlər aiddir: İnformasiya texnologiyaları (IT); Kütləvi informasiya vasitələri (KİV); Tədqiqat və inkişaf (R&D); İnformasiya xidmətləri (məlumatın yaradılması və mübadiləsi); Bilik əsaslı xidmətlər (biznes-konsaltinq, hüquqi xidmətlər, maliyyə planlaşdırması); Əyləncə sənayesi (tele-radio yayımı, bloqçuluq, təhsil proqramları); Dizayn.

Dördüncü sektor həmçinin təbii resurslardan məhsul istehsalı üçün lazım olan elmi tədqiqatları da əhatə edir. Məsələn, meşə təsərrüfatı şirkəti yanan ağac hissələrinin kağız istehsalı üçün sellüloza kütləsinə çevrilməsi yollarını tədqiq edərkən dördüncü sektorun imkanlarından istifadə edir.

Bu sektor sənaye iqtisadiyyatı ilə yalnız dolayı və məhdud əlaqələrə malikdir. O, əsasən postindustrial və yüksək inkişaf etmiş ölkələrdə inkişaf edir və yüksək təhsilli işçi qüvvəsi tələb edir. Məsələn, Böyük Britaniyada üçüncü və dördüncü sektorlar iqtisadiyyatın ən böyük hissəsini təşkil edir və işçi qüvvəsinin təxminən 76%-ni cəlb edir.

İstinadlar

Kateqoriya:Milli hesablar sistemi Kateqoriya:İqtisadiyyatın sahələri Kateqoriya:İqtisadiyyatın dördüncü sektoru Kateqoriya:Hökumət