Qasımov qiraətxanası — 1895-ci ildə Quba şəhərində maarifpərvər ziyalı Mirzə Məhəmmədəli Qasımov tərəfindən təsis edilmiş ilk kütləvi kitabxana və mədəniyyət mərkəzi.
Haqqında Kitabxana-qiraətxana 1895-ci il iyunun 14-də Quba şəhər ikisinifli ibtidai məktəbinin müəllimi Mirzə Məhəmmədəli Qasımovun təşəbbüsü və yerli əhalinin maddi dəstəyi ilə açılmışdır. XIX əsrin sonlarında Tiflisdə nəşr olunan mətbuat orqanları bu müəssisənin fəaliyyətini digər maarifpərvər ziyalılar üçün nümunə kimi göstərmişdir. 1897-ci il fevralın 17-də Bağçasarayda nəşr olunan "Tərcüman" qəzeti Qasımov qiraətxanasını Nəriman Nərimanovun Bakıda açdığı kitabxanadan sonra "Azərbaycanın ikinci böyük kitabxanası" kimi təqdim etmişdir. Mənbələrdə bu müəssisə "Darül-kütubi-islamiyyə" adı ilə yüksək qiymətləndirilirdi.
Kitabxana 21 adda qəzet və jurnal alırdı ki, bunların 13-ü Azərbaycan və fars dillərində idi. Fondda Nizami, Firdovsi, Sədi, Hafiz, Nəsimi, Füzuli kimi Şərq klassiklərinin, həmçinin M.F. Axundov, A. Bakıxanov, Puşkin, Qoqol və Lermontov kimi ədiblərinin əsərləri təbliğ olunurdu. Müəssisənin qurulmasında və yaşadılmasında xeyriyyəçi H.Z. Tağıyevin və yerli icmanın yardımları mühüm rol oynamışdır. Qasımovun fəaliyyəti təkcə yerli miqyasla məhdudlaşmamış, o, türk dünyasının böyük mütəfəkkiri İsmayıl bəy Qaspıralı ilə əlaqə saxlamışdır.
Həmçinin bax Azərbaycan Milli Kitabxanası Təbriz Milli Kitabxanası
İstinadlar
Kateqoriya:Azərbaycan mədəniyyəti