Mariya Baiulesku (; ) — Rumıniyalı yazıçı, sufrajist, qadın hüquqları fəalı, rumın millətçisi və feminist lideri. Həyatı Pravoslav kilsə başçısı Bartolomeu Bayuleskunun (1831–1909) qızı olan Mariya Bayulesku, Braşovun nisbətən firavan məhəllələrindən birində, ziyalı ailəsində böyüyüb. O, o dövrün rumın qadını üçün müstəsna dərəcədə yaxşı təhsil alıb. Braşovda qızlar üçün fransız institutunu və alman orta məktəbini bitirdikdən sonra Bayulesku yazıçı karyerasına tərcüməçi kimi başlayıb. İlk məqalələrinin bir qismini "Sulfina" təxəllüsü ilə nəşr etdirib. Daha sonra öz adından istifadə edərək Transilvaniya qəzetlərində geniş şəkildə çap olunmağa başlayıb. O, həmçinin "Rumıniya Ensiklopediyası"nın müəlliflərindən biri olub.
Bayulesku bütün ömrü boyu aktiv ictimai fəaliyyətlə məşğul olub. Rumıniya Teatr Fondunun Yaradılması Cəmiyyəti üçün pyeslər yazmış və tərcümə edib. Rumın Xalqının Mədəniyyəti və Rumın Ədəbiyyatı üzrə Transilvaniya Assosiasiyasının müəllifi olub, 1927-1935-ci illərdə bu qurumun tibbi və biopolitik şöbəsinin qadın bölməsinə rəhbərlik edib. Braşov Rumın Qadınları Birliyinin uzunillik fəalı kimi, 1908-ci ildən 1935-ci ilə qədər bu təşkilatın prezidenti vəzifəsini icra edib.
Mariya Bayulesku rumın milli hərəkatının ön cəbhəsində qadınları təsəvvür edirdi. Onun fikrincə, kənd icmalarının ənənəvi milli liderləri olan keşişlər və kişi müəllimlər dolanışıq vasitələrini itirmək qorxusu ilə öz rollarından böyük ölçüdə imtina ediblər. O iddia edirdi ki, rumın millətini yalnız qadınlar qoruya bilər. Bayuleskuya görə, qadınlar övladlarına lazımi qulluq göstərməklə və onlara təhsil verməklə həm səhiyyənin səviyyəsini, həm də milli özünüdərki yüksəldirdilər. O, öz vizyonunu həyata keçirmək üçün bir neçə əsas istiqamət müəyyənləşdirib: Gigiyena qaydalarına riayət etməklə uşaqlara qulluğu yaxşılaşdırmaq və körpə ölümünü azaltmaq; Rumın qadınlarını övladlarına rumın dilini və milli adət-ənənələrini öyrətməyə çağırmaq; Rumın xalq geyimlərinin qorunub saxlanılması vəzifəsini qadınların üzərinə qoymaq.
Onun fikrincə, bu milli simvollar rumınları Rumıniyadakı macarlardan, almanlardan, yəhudilərdən, qaraçılardan və digər "qeyri-rumınlardan" fərqləndirirdi.
Rumın liderləri uzun müddət öz milli birliklərini qurmaq üzərində çalışırdılar və Bayulesku bu işdə qadınlar üçün mühüm yer tutmağa can atırdı. O, tez-tez qadınları "millətimizin anaları" adlandırırdı ki, bu da onun feminizminin millətçiliyə tabe olduğunun bariz göstəricisidir. Qadın rolunun bu cür kontekstləşdirilməsi onun valideynlərinin baxışlarına uyğun idi. Onlar da rumın mülki birliklərinin liderləri kimi qadınları həm öz ailələri, həm də böyük milli ailə qarşısında mənəvi öhdəliklər daşıyan analar kimi təbliğ edirdilər.
1918-ci ildə Böyük Rumıniya qurulduqdan sonra rumın millətçilərinin prioritetləri dəyişdi. Artıq milləti mərkəzləşdirilmiş macar dövlətindən qorumağa ehtiyac yox idi, lakin gənc milli birliyi gücləndirmək və birləşdirmək zəruri idi. Bu tamamilə fərqli şəraitdə Mariya Bayuleskunun baxışları, görünür, çox dəyişməmişdi. Onun yazışmaları müharibələrarası dövrdə Rumıniyada böyüyən feminist hərəkat haqqında konkret məlumat verməsə də, ölümünə qədər davam edən fəaliyyəti göstərdi ki, o, qadın emansipasiyasını (azadlığını) dəstəkləyirdi. Çünki onun inancına görə, qadınlar millətin xeyriyyəçiliyi və təhsili sahəsində mühüm töhfələr verirdilər. Xatirəsi Braşovda bir texniki kollec onun şərəfinə adlandırılıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Rumıniyanın qadın yazıçıları Kateqoriya:XIX əsr qadın yazıçıları Kateqoriya:XX əsr qadın yazıçıları