Ukrayna Konstitusiya Məhkəməsi () — Ukraynada konstitusiya yurisdiksiyasının yeganə orqanı. Qurumun əsas vəzifəsi dövlətin ali qanunu olan Ukrayna Konstitusiyasının aliliyini ölkənin bütün ərazisində təmin etməkdən ibarətdir. Məhkəmə yeni Konstitusiya əsasında öz fəaliyyətinə 18 oktyabr 1996-cı il tarixində başlamışdır.
Tarixi 1989-cu ildə 1978-ci il Ukrayna SSR Konstitusiyasına edilmiş dəyişikliklərlə Ukrayna SSR Konstitusiya Nəzarəti Komitəsi yaradılmışdır, lakin həmin müddəanın Konstitusiya mətnində mövcud olduğu bütün dövr ərzində bu orqan faktiki olaraq formalaşdırılmamışdır. 1990-cı ildə Konstitusiyaya edilən dəyişikliklərdən sonra Konstitusiyanın hüquqi müdafiəsini həyata keçirəcək yeni orqanın — Ukrayna SSR Konstitusiya Məhkəməsinin yaradılması nəzərdə tutulmuşdur. Məhkəmə üzvlərinin Ukrayna SSR Ali Soveti tərəfindən seçilməsi planlaşdırılmışdır, lakin həmin dövrdə bu qurum da fəaliyyətə başlamamışdır. Ukrayna müstəqillik qazandıqdan sonra, 3 iyun 1992-ci il tarixində Ukrayna Ali Radası bu orqanın formalaşdırılması qaydasını və funksiyalarını müəyyən edən "Ukrayna Konstitusiya Məhkəməsi haqqında" Qanunu qəbul etmişdir. 1992–1996-cı illər aralığında məhkəmənin fəaliyyəti aşağı səmərəliliklə xarakterizə olunmuşdur. Belə ki, Ali Rada yalnız Konstitusiya Məhkəməsinin sədri Leonid Yuzkovu təyin etmiş, sədr müavini və digər hakimlərin seçilməsi cəhdləri isə nəticəsiz qalmışdır. Bu səbəbdən həmin dövrdə Konstitusiyanın mühafizəsi funksiyasını Ukrayna Prezidenti və Ali Radası yerinə yetirmişdir.
28 iyun 1996-cı il tarixində qüvvədə olan Konstitusiyanın, 16 oktyabr 1996-cı il tarixində isə "Ukrayna Konstitusiya Məhkəməsi haqqında" yeni qanunun qəbul edilməsi ilə Konstitusiyanın müdafiə sistemi dəqiq müəyyən edilmiş və Konstitusiya Məhkəməsinin real fəaliyyətinin əsası qoyulmuşdur.
30 sentyabr 2016-cı il tarixində Ukrayna Konstitusiyasına bir sıra dəyişikliklər edilmişdir ki, bura Konstitusiya Məhkəməsinin islahatı da daxil olmuşdur. Bu dəyişikliklər çərçivəsində hakimlərin müstəqilliyinə dair təminatlar gücləndirilmiş və "konstitusiya şikayəti" institutu tətbiq edilmişdir. Bu institut vətəndaşların qanunların Ukrayna Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı birbaşa müraciət etmək imkanını nəzərdə tutmuşdur.
Avromaydandan sonra 24 fevral 2014-cü il tarixində Ukrayna Ali Radası "andın pozulması" səbəbi ilə Ukrayna Konstitusiya Məhkəməsinin 4 hakiminin vəzifədən azad edilməsi və onlara qarşı cinayət işlərinin açılması barədə qərar qəbul etmişdir. Buna cavab olaraq, 27 fevral tarixində Konstitusiya Məhkəməsi öz iclasında Ukrayna Hakimlər Şurasına müraciət etmiş, hakimlərin azad edilməməsini və onların hüquqi müdafiəsinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda, beynəlxalq təşkilatlara və hüquq-müdafiə institutlarına müraciət edilərək diqqətin Ukrayna Konstitusiya Məhkəməsi ətrafında yaranmış vəziyyətə yönəldilməsi istənilmişdir. Qəbul olunmuş sənədlərdə Ali Radanın qərarının qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadan və müvafiq prosedur qaydaları pozulmaqla qəbul edildiyi, habelə bu addımın hakimiyyətin bölgüsü və hüququn aliliyi prinsiplərinə zidd olduğu vurğulanmışdır. 20 mart 2014-cü il tarixində Beynəlxalq Hüquqşünaslar Komissiyası Ukrayna Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədən uzaqlaşdırılması və cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı narahatlığını ifadə etmişdir.Ukraine: Dismissal and criminal prosecution of judges undermine independence of the judiciary
2020-ci ilin sonunda Ukrayna Prezidenti Vladimir Zelenski ilə Ukrayna Konstitusiya Məhkəməsi arasında kəskin münaqişə yaranmışdır. Münaqişəyə səbəb məhkəmənin Ukrayna Cinayət Məcəlləsinin qeyri-dəqiq bəyanetmə, qanunsuz varlanma və elektron bəyannamələrin təqdim edilməsi ilə bağlı 366-1-ci maddəsini ləğv etməsi olmuşdur. Qeyd edilməlidir ki, Ukraynada elektron bəyannamə sistemi 2016-cı ildə prezident Petro Poroşenkonun dövründə korrupsiya halları ilə mübarizə və dövlət qulluqçularının özləri ilə yanaşı yaxın qohumlarının da əmlakının şəffaflığını təmin etmək məqsədilə yaradılmışdır. Məhkəmənin bu qərarına reaksiya olaraq Vladimir Zelenski Ali Radaya "Konstitusiya mühakiməsinə ictimai etimadın bərpası haqqında" qanun layihəsini təqdim etmişdir. Layihədə mövcud hakimlərin səlahiyyətlərinə xitam verilməsi, məhkəmənin yeni tərkibinin təyin edilməsi və qəbul edilmiş qərarın hüquqi qüvvəyə malik olmayan (puç) hesab edilməsi nəzərdə tutulmuşdur.
Prezident Zelenski "Xalqın xidmətçisi" fraksiyasını bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməyə və qanun layihəsini dəstəkləməyə çağırmış, əks halda küçə qarşıdurmalarının qaçılmaz ola biləcəyini qeyd etmişdir. Dövlət başçısının qənaətinə görə, məhkəmənin qərarı köhnə elita və oliqarxların prezidentə və ölkəyə qarşı sui-qəsdi xarakteri daşımışdır. Öz növbəsində, Konstitusiya Məhkəməsinin sədri Aleksandr Tupitski dövlət başçısının bu addımlarının "konstitusiya çevrilişi" əlamətləri daşıdığını bəyan etmişdir.
29 dekabr 2020-ci il tarixində Vladimir Zelenski Aleksandr Tupitskinin Konstitusiya Məhkəməsinin sədri vəzifəsindən iki ay müddətinə kənarlaşdırılması barədə fərman imzalamışdır. Lakin Konstitusiya Məhkəməsi prezidentin bu qərarını qanunsuz hesab edərək fərmanın icrasından imtina etmişdir.
9 dekabr 2021-ci il tarixində ABŞ tərəfindən Aleksandr Tupitskiyə qarşı sanksiyalar tətbiq edilmişdir. Sanksiyanın əsası kimi onun Ukrayna məhkəmə sistemində çalışarkən rüşvət alma da daxil olmaqla ciddi korrupsiya əməllərində iştirakı göstərilmişdir. Həmçinin, qeyd olunmuşdur ki, onun həyat yoldaşı Olqa Tupitskaya da bu korrupsiya əməllərinin iştirakçısı kimi tanınmışdır.Elevating Anti-Corruption Leadership and Promoting Accountability for Corrupt Actors U.S. Department of State
Rusiya–Ukrayna müharibəsi 17 avqust 2023-cü il tarixində Ukrayna Prezidenti Vladimir Zelenski Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsi haqqında qanunu imzalamışdır. Bundan əvvəl, 2023-cü ilin iyul ayının sonunda Ukrayna Ali Radası beynəlxalq ekspertlərin iştirakı ilə Konstitusiya Məhkəməsi hakimlərinin seçilməsini nəzərdə tutan qanun layihəsini qəbul etmişdir. Qanuna əsasən, seçimlər Ekspertlərin Məşvərət Qrupunun iştirakı ilə həyata keçiriləcəkdir. Bu qrupun üzvlərinin yarısı beynəlxalq təşkilatlar və Venesiya Komissiyası tərəfindən nümayəndə heyəti kimi göndərilən şəxslərdən ibarət olacaqdır. Onlar namizədlərin seçilməsi prosesində həlledici səs hüququna malik olacaqlar. Sözügedən qanun Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlaması üçün Avropa Komissiyası tərəfindən irəli sürülən əsas tələblərdən biri hesab olunmuşdur.
Formalaşdırılması Ukrayna Konstitusiya Məhkəməsi on səkkiz hakimdən ibarətdir. Bu hakimlər bərabər sayda olmaqla — hər birindən altı nəfər Ukrayna Prezidenti, Ukrayna Ali Radası və Ukrayna Hakimlər Qurultayı tərəfindən təyin olunur.
Ukrayna Konstitusiyasına əsasən, təyinat gününədək 40 yaşına çatmış, ali hüquq təhsilinə və ixtisası üzrə (praktiki, elmi və ya pedaqoji fəaliyyət) azı on il iş təcrübəsinə malik olan, son iyirmi il ərzində Ukrayna ərazisində yaşamış və dövlət dilini sərbəst bilən Ukrayna vətəndaşı Konstitusiya Məhkəməsinin hakimi ola bilər. Konstitusiya Məhkəməsinin hakimi doqquz il müddətinə təyin edilir və onun eyni vəzifəyə təkrar təyin olunmaq hüququ yoxdur.
Ukrayna Prezidenti 6 hakimi müsabiqə əsaslı seçim prosedurunun nəticələrinə uyğun olaraq təyin edir. Müsabiqə yolu ilə seçim proseduru birbaşa Ukrayna Prezidenti tərəfindən müəyyən olunur.
Ukrayna Ali Radası Konstitusiya Məhkəməsinin hakimlərini bülletenlər vasitəsilə gizli səsvermə yolu ilə təyin edir. Ən çox səs toplamış, lakin Ukrayna Ali Radasının konstitusiya tərkibinin deputat səslərinin yarısından çoxunu qazanmış namizədlər Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş hesab olunurlar. Əgər bir neçə namizəd bərabər sayda səs toplayarsa və onların təyinatından sonra tələb olunan hakim sayı aşılarsa, həmin namizədlər barəsində təkrar səsvermə keçirilir.
Ukrayna Hakimlər Qurultayı Ukrayna Hakimlər Şurasının təklifi əsasında gizli səsvermə yolu ilə 6 hakimi təyin edir. Gizli səsvermə nəticəsində Ukrayna Hakimlər Qurultayının seçilmiş nümayəndələrinin say etibarilə səs çoxluğunu qazanmış namizəd Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmiş hesab olunur.
Konstitusiya Məhkəməsinin hakimi Ukrayna Konstitusiya Məhkəməsinin xüsusi iclasında and içdiyi gündən vəzifəsinin icrasına başlamış hesab olunur. Hakimin səlahiyyət müddəti 9 ildir. Bu müddət bitdikdən sonra hakimin səlahiyyətlərinə avtomatik olaraq xitam verilir. Hakim öz arzusu ilə və ya səhhətinə görə səlahiyyətlərindən vaxtından əvvəl imtina edə bilər. Ukrayna Konstitusiya Məhkəməsi öz tərkibinin azı 2/3 səs çoxluğu (12 hakim) ilə hakimi qanunvericiliyin kobud şəkildə pozulmasına və ya vəzifə borclarını yerinə yetirmədiyinə görə vəzifədən azad edə bilər. Həmçinin, hakim barəsində məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi təqdirdə, o, avtomatik olaraq vəzifəsindən kənarlaşdırılmış sayılır.
Hüquqi əsasları Ukrayna Konstitusiya Məhkəməsinin fəaliyyəti hüququn aliliyi, müstəqillik, kollegiallıq, hakimlərin bərabərhüquqluluğu, aşkarlıq, işlərin tam və hərtərəfli nəzərdən keçirilməsi, eləcə də qəbul edilmiş qərarların əsaslandırılması prinsiplərinə söykənmişdir.
Ukrayna Konstitusiya Məhkəməsinin təşkili, səlahiyyətləri və fəaliyyət qaydası Ukrayna Konstitusiyası və "Konstitusiya Məhkəməsi haqqında" Qanunla müəyyən edilir. Ukrayna Konstitusiya Məhkəməsi, "Konstitusiya Məhkəməsi haqqında" Qanuna uyğun olaraq, öz daxili işinin təşkilini tənzimləyən aktları (Ukrayna Konstitusiya Məhkəməsinin reqlamentini) qəbul edir.
Ukrayna Konstitusiya Məhkəməsinin hakimi plenar iclasda, Konstitusiya Məhkəməsinin iclasında və Ukrayna Konstitusiya Məhkəməsinin Hakimlər Kollegiyasında öz vəzifələrini yerinə yetirərkən mantiya geyinməlidir. Ukrayna Konstitusiya Məhkəməsi hakiminin döş nişanı mövcuddur. Onun təsviri və forması Ukrayna Ali Radası tərəfindən təsdiq olunmuşdur.
Ukrayna Konstitusiya Məhkəməsi hakiminin statusu Ukrayna Konstitusiyası və qanunları ilə müəyyən edilir. Ukraynada və ya ölkənin ayrı-ayrı ərazilərində hərbi və ya fövqəladə vəziyyət elan edildiyi təqdirdə, Ukrayna Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətləri, habelə onun konstitusiya hüquq və azadlıqları məhdudlaşdırıla bilməz.
Ukrayna Konstitusiya Məhkəməsinin hakimləri siyasi partiyalara və həmkarlar ittifaqlarına üzv ola bilməz, nümayəndəlik mandatına malik ola bilməz, hər hansı siyasi fəaliyyətdə iştirak edə bilməz və digər ödənişli vəzifə tuta bilməzlər. Ukrayna Konstitusiya Məhkəməsinin hakimi yalnız o işlər üzrə öz fikrini ictimaiyyətə açıqlamaq hüququna malikdir ki, həmin işlər barəsində artıq Konstitusiya Məhkəməsi tərəfindən qərar qəbul edilmiş və ya rəy verilmişdir.
Ukrayna Konstitusiya Məhkəməsinin hakimi, Konstitusiya Məhkəməsi və ya Konstitusiya Məhkəməsinin Hakimlər Kollegiyası tərəfindən baxılmağa hazırlanan məsələlər üzrə istənilən hüquq münasibətləri subyektindən zəruri sənədləri, materialları və digər məlumatları tələb etmək hüququna malikdir. Ukrayna Konstitusiya Məhkəməsinin hakiminə izahat verməkdən boyun qaçırma və ya məlumat təqdim etməkdən imtina hallarında, təqsirkar şəxslər Ukrayna qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinin əsasları "Konstitusiya Məhkəməsi haqqında" Qanunla müəyyən edilir.
Fəaliyyət forması Ukrayna Konstitusiya Məhkəməsi kollegial orqandır, buna görə də onun əsas fəaliyyəti Ukrayna Konstitusiya Məhkəməsinin iclaslarında və plenar iclaslarında müəyyən hüquqi qərarların qəbul edilməsi ilə bağlıdır. Ukrayna Konstitusiya Məhkəməsinin əsas fəaliyyət forması plenar iclaslardır. Bu iclaslarda qurum konstitusiya təqdimatları və konstitusiya müraciətləri üzrə işlərə baxaraq müvafiq rəylər verir.