Yevgeniya Miskoltsi Meller (; ) — Macarıstanlı qadın hüquqları uğrunda mübarizə aparan feminist. O, Macarıstan Feminist Assosiasiyasının (Feministák Egyesülete) təsisçilərindən biri olub. Təşkilatın bir çox komitə və tədbirlərinə rəhbərlik edib, gender bərabərliyini və qadınların seçki hüququnu müdafiəsi ilə məşğul olub. Bir pasifist (sülh tərəfdarı) kimi, Meller Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqası (WILPF) ilə əməkdaşlıq edərək tərksilahı dəstəkləyib və qadınları qorumaq üçün vətəndaşlıq qaydalarını tənzimləyən beynəlxalq qanunların qəbul edilməsini təkidlə tələb edib. Lüteranlığı qəbul etməsinə baxmayaraq, 1944-cü ildə nasistlər Macarıstanı işğal edərkən həbs olunub və yoxa çıxıb. 1946-cı ildə humanitar fəaliyyətinə görə ölümündən sonra fəxri adla təltif edilib.
Həyatı Yevgeniya Miskoltsi 14 yanvar 1872-ci ildə Avstriya-Macarıstanın Budapeşt şəhərində, Laura (qızlıq soyadı Veys və ya Veiss) və Adolf Miskoltsinin macar-yəhudi ailəsində anadan olub. O, ailənin sağ qalan yeganə övladı idi. Belə ki, onun altı yaşlı böyük qardaşı Cozsef 1876-cı ildə, beş yaşlı bacısı İren 1879-cu ildə, dörd yaşlı bacısı Laura isə 1883-cü ildə vəfat edib. Atası əslən Xodmezövaşarxey şəhərindən olan sənətkar, anası isə əslən Budadan idi. Musiqi və dillər üzrə özəl təhsil aldıqdan sonra, Miskoltsi 1896-cı ildə Macarıstan Milli Bankının müfəttişi Artur Meller ilə ailə həyatı qurdu. Cütlüyün dörd övladı var idi, Vilmos, Laura, Erzsébet və Rozsa.
Fəaliyyəti 1904-cü ildə Yevgeniya Miskoltsi Meller gender bərabərliyinə nail olmaq üçün yaradılmış bir qadın hüquqları təşkilatı olan Feministlər Birliyinin (macarca: Feministák Egyesülete – FE) təsisçi üzvlərindən biri oldu. 1906-cı ilə qədər o, artıq təşkilatın idarə heyətində təmsil olunur və birliyin himayə etdiyi valideyn konfranslarında mühazirələr oxuyurdu. Bu mühazirələr təhsil, sağlamlıq (o cümlədən cinsi təhsil) və peşə hazırlığı kimi müxtəlif mövzuları əhatə edirdi. Bundan əlavə, o, 'Qadın və Cəmiyyət' (macarca: A Nő és a Társadalom) və 'Qadın — Feminist Jurnalı' (macarca: A Nő — Feminista Folyóirat) kimi dərgilərdə kişi və qadınlar arasındakı mülki bərabərsizliklərin aradan qaldırılmasına çağıran məqalələr yazır və dərc etdirirdi. Meller həm 'Qadın' jurnalının redaktoru oldu, həm də mühazirəçi kimi Macarıstanı gəzərək qadın problemləri mövzusunda çıxışlar etdi.
1909-cu ildə o, Londonda keçirilən Qadınların Beynəlxalq Sülh və Azadlıq Liqasının (WILPF) konqresində iştirak etdi.
Hələ 1912-ci ildən başlayaraq Meller, seçki hüququna fokuslanmış siyasi komitəyə rəhbərlik edən Rozika Şvimmer, o, öz vəzifə öhdəliklərini yerinə yetirə bilmədiyi vaxtlarda əvəz etməyə başlamışdı. 1913-cü ildə Meller Macarıstan Mülki Məcəlləsinin nikah qaydalarını tənqid edən bir əsər yazdı və eyni zamanda həmin il Budapeştdə keçirilən Beynəlxalq Qadın Seçki Alyansının (IWSA) konqresinə hazırlıq üzrə məsul komitənin üzvü kimi fəaliyyət göstərdi.
1914-cü ildə Şvimmer Londona köçdükdə, Meller siyasi komitənin de-fakto lideri oldu.
Birinci Dünya müharibəsi zamanı Meller pasifizm (sülhsevərlik) hərəkatında fəallaşdı. Digər feminist təşkilatların müharibə səylərini dəstəkləməyə fokuslandığı bir vaxtda, Feministlər Birliyini (FE) pasifizmi qəbul etməyə sövq edən əsas qüvvələrdən biri o idi. Bu mövqe 'Qadın' (A Nő) jurnalının senzuraya məruz qalmasına və hakimiyyət ormanları tərəfindən 1916-cı il Feminist Konqresinin qarşısının alınmasına səbəb oldu. Halbuki Meller bu konqresdən müharibəyə qarşı ictimai nümayiş kimi istifadə etməyi planlaşdırırdı.
Müharibə bitdikdə Meller seçki hüququ üçün təzyiqlərini yenidən bərpa etdi. 1919-cu ildə qismən seçki hüququ verildikdə, o, FE üzvlərini 1920-ci il parlament seçkilərində iştirak edən yeganə qadın namizəd Marqit Şlaxtanı dəstəkləməyə çağırdı. Baxmayaraq ki, Slaxtanın bəzi mövqeləri birliyin fikrincə anti-feminist xarakter daşıyırdı. Elə həmin il Meller və ailəsi lüteranlığı qəbul etdilər və o, Cenevrədə keçirilən WILPF konfransında iştirak etdi.
O, həmçinin qadınlar üçün təhsil imkanlarının genişləndirilməsini tələb edirdi. 1923-cü ildə o, digər FE üzvləri tərəfindən də imzalanan və Budapeşt Tibb Universitetinin qadın tələbələrin qəbuluna qoyduğu qadağanı pisləyən memorandumu hökumətə göndərdi. Meller eyni zamanda bərabər əməkhaqqı və kişi və qadınlar üçün işsizlik müavinətlərinə çıxışın vacibliyini vurğulayan məqalələr yazırdı.
Müharibələr arası dövrdə ingilis və fransız dillərini mükəmməl bilən Meller, Budapeştin Sosial Muzeyində (Társadalmi Múzeum) çalışır, eyni zamanda dil müəllimi kimi fəaliyyət göstərirdi. 1923-cü ildə o, Drezdendə keçirilən WILPF-in icraedici iclasında məsləhətçi, 1926-cı ildə isə Paris Sülh Konqresində nümayəndə kimi iştirak etdi. Növbəti il, FE-nin prezidenti Vilma Qlüklix (Vilma Glücklich) vəfat etdikdə, Meller təşkilatın tanınmış lideri oldu.
1920-ci illərdən 1935-ci ilə qədər o, IWSA (Beynəlxalq Qadın Seçki Alyansı) və WILPF-in beynəlxalq konqreslərində iştirak edərək tərksilah olunmağa çağırış edir, qadın problemlərinin Millətlər Liqasının platformasına daxil edilməsi üçün lobbiçilik fəaliyyəti göstərir və vətəndaşsızlıq, habelə qadınlar üçün hüquqi müdafiənin olmaması problemlərini həll etmək məqsədilə beynəlxalq qanunvericiliyin qəbul edilməsi üçün təzyiq göstərirdi. Bu səfərlərdən birində, 1924-cü ildə Meller Amerika Birləşmiş Ştatlarına səfər edib və WILPF adından bir neçə mühazirə proqramında iştirak edib. 1932-ci ildə Şandor Fürst və İmre Sallainin edam edilməsinə etiraz olaraq, Meller siyasi cinayətlərdə ittiham olunanlara qarşı ölüm hökmünün tətbiq edilməsinə qarşı bir broşür yazıb. 1938-ci ildə nasistlər Avstriyanı ilhaq etdikdə (Anşluss), Mellerin həmkarı Rozika Şvimmer, Kerri Çapman Ketti həm Mellerin, həm də Şarolta Şteynberqerin ABŞ-a mühacirət etməsinə icazə verən rəsmi zəmanət sənədini (affidavit) imzalamağa razı salmağa çalışdı. Kett öz yaşını və belə bir sənədin gətirəcəyi məsuliyyəti əsas gətirərək bundan imtina etdi.
Feministlər Birliyi (FE) 1941-ci ildə hakimiyyət tərəfindən məcburi şəkildə ləğv edildi və Meller onu dörd dəfə həbs edən Gestaponun hədəfinə çevrildi. 1944-cü ilin martında almanlar Macarıstanı işğal etdikdə, Meller həbs olundu və iyul ayında Kistarça (Kistarcsa) həbs düşərgəsinə aparıldı.
Ölümü və irsi Mellerin ölüm şəraiti qaranlıq qalmaqdadır. Bəzi mənbələr onun 1944-cü ilin sonlarında Kistarçada əsirlikdə öldüyünü bildirir. Lakin tarixçi Andrea Petö Mellerin müharibədən sağ çıxmış ola biləcəyinə dair bəzi sübutlar tapıb. Onun adından yazılmış 13 avqust 1945-ci il tarixli bir kredit müraciəti Budapeşt bələdiyyə orqanlarına təqdim edilib. Məqsəd həyat yoldaşına məxsus olmuş mülkün bərpası idi. Lakin müraciətdə Mellerin imzası olmadığı üçün sənəd təsdiqlənməyib. 12 oktyabr 1945-ci ildə anasının qəyyumluğu oğlu Vilmos Mellerə verildi və o, sonda 1948-ci ildə mülkün bərpası üçün öz adından müraciət etdi.
1946-cı ilin dekabrında "Magyar Közlöny" (rəsmi dövlət qəzeti) Mellerin ölümündən sonra Macarıstanın "Azadlıq" ordeninin gümüş fəxri mükafatı ilə təltif edildiyi barədə məlumat dərc etdi.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Avstriya-Macarıstan şəxsləri Kateqoriya:XIX əsr macar yəhudiləri