Müqəddəs İohann Yevangelist () — Donatello tərəfindən yaradılmış heykəldir. Əsər ilkin olaraq Florensiya kafedralının qədim fasadı üçün işlənmiş, hazırda isə Opera-del-Duomo muzeyində qorunub saxlanılır.
Heykəl 1408–1415-ci illərə aid edilir və özündə cəmləşdirdiyi daxili, lakin nəzarətdə saxlanılmış dinamizm ilə Mikelancelo tərəfindən yaradılmış “Musa” heykəlinin əsas bədii ilham mənbələrdindən biri hesab edilir.
Tarixi
Opera-del-Duomo qurumu oturaq vəziyyətdə təsvir edilmiş yevangelist heykəlinin hazırlanmasını Donatelloya həvalə etmişdir. Eyni dövrdə paralel olaraq digər yevangelist fiqurları da hazırlanırdı: Nanni di Banko tərəfindən "Müqəddəs Luka", Bernardo Çuffanyinin “Müqəddəs Matfey” və Nikkolo di Pietro Lambertinin “Müqəddəs Mark”. Bu əsərlərin hamısı hazırda eyni muzey zalında yerləşdirilmişdir.
Sözügedən heykəllər seriyası dağıdılmış Arnolfo fasadının mərkəzi portalının yanlarında yerləşən dörd iri nişi bəzəyirdi; bu kompozisiya Bernardino Poççetti tərəfindən çəkilmiş XVI əsr rəsmlərindən birində aydın şəkildə təsvir edilmişdir. İlkin mərhələdə isə Nanni di Banko, Donatello və Nikkolo Lamberti arasında ən yaxşı əsərin müəyyən edilməsi üçün müsabiqə keçirilməsi, qalib ustaya isə seriyanın sonuncu heykəlinin də həvalə olunması planlaşdırılmışdı. Lakin işlərin uzanması səbəbilə bu layihə artıq 1410-cu ildə dayandırılmış və nəticədə Müqəddəs Matfey heykəlinin icrası Bernardo Çuffanyiyə tapşırılmışdır.
Donatelloya öz yevangelist fiqurunu işləmək üçün Florensiya kafedralı daxilində ayrıca bir kapella ayrılmış və 1410-cu ilin iyul ayında əsərin tamamlanmasına qədər onun gizli saxlanılması məqsədilə bu məkan taxta lövhələrlə bağlanmışdır. Heykəltəraşın digər sifarişlərlə bağlı məşğulluğu səbəbindən işlər uzanmış, 1415-ci ilin aprelində isə Donatelloya evində rəsmi bildiriş təqdim edilərək əsəri həmin il ərzində başa çatdırmaq tələb olunmuş, əks halda 25 florin məbləğində cərimə tətbiq ediləcəyi bildirilmişdir.
Bunun ardınca sənətkar işi sürətlə tamamlamış, 1415-ci ilin oktyabrında heykəli təhvil vermiş və buna görə 160 florin məbləğində qonorar almışdır.
Tsəviri və stili 150px|thumb|left|Heykəlin baş hissəsinin detallı görünüşü Donatello bu yevangelist fiqurunda son qotik üslubun manierist xüsusiyyətlərinə qarşı çıxaraq, yalnız antik heykəltəraşlığın nəcib və ölçülü-biçili ifadə prinsiplərinə qayıtmaqla kifayətlənməmiş, eyni zamanda əsərdə həqiqi insanilik və təbii gerçəklik elementlərini araşdırmağa yönəlmişdir.
Müqəddəs şəxs oturaq vəziyyətdə təsvir edilmişdir; onun ənənəvi atributu olan kitab sol əlinin köməyi ilə diz üzərində dik saxlanılır. Paltar parçası geniş və dərin qatlardan ibarət olub güclü işıq–kölgə effektləri yaradır. Xüsusilə aşağı hissədəki iri qatlar, altındakı bədən üzvlərinin həcmini daha da qabardır, onları gizlətmir və eyni zamanda son qotik üsluba xas xətti ritmləri də qoruyur. Çiyinlər yüngülcə irəli əyilmiş, qollar sərbəst və hərəkətsiz təsvir olunmuş, gövdə isə yarımdairəvi örtük formasına uyğun olaraq sadələşdirilmişdir. Xüsusilə diqqət çəkən iri və güclü əllər naturadan aparılmış dəqiq müşahidələr əsasında yüksək realizmlə işlənmişdir.
Saqqallı və sıx, qıvrım saçlı baş sağa doğru çevrilmiş, baxışlar isə sabit və gərgin xarakter daşıyır. Bu xüsusiyyət Donatellonun ən yetkin əsərlərinə xas olan “daxildə cəmlənmiş enerji” təsirini yaradır; bu cəhət onun eyni dövrdə yaratdığı "Müqəddəs Mark" və "Müqəddəs Georgi" heykəllərində də müşahidə olunur. Qalın qaşlar yüngülcə çatılmış, üz ifadəsi sıxılmış və diqqətə yönəlmişdir; bu təsir alın üzərindəki dərin üfüqi qırış və sıxılmış dodaqlar vasitəsilə daha da gücləndirilir. Bu tip ifadə quruluşunun ehtimal ki, antik dövrə aid Kapitoli Yupiterinin baş hissəsinin təsiri ilə formalaşdığı qəbul edilir.
Ədəbiyyat AA.VV., Il museo dell'Opera del Duomo a Firenze, Mandragora, Firenze 2000. ISBN 88-85957-58-7 Rolf C. Wirtz, Donatello, Könemann, Colonia 1998. ISBN 3-8290-4546-8
Həmçinin bax Santa-Mariya-del-Fiore kafedralının fasadı
Kateqoriya:Mərmər heykəllər Kateqoriya:Donatellonun heykəlləri Kateqoriya:Opera-del-Duomoda saxlanan heykəllər Kateqoriya:İntibah heykəlləri Kateqoriya:İtaliyadakı kişi heykəlləri Kateqoriya:Florensiyadakı heykəllər Kateqoriya:İtaliyadakı mərmər heykəllər Kateqoriya:Müqəddəs İohann Yevangelist heykəlləri