Kamilə Şevki Mutlu (; ) — türkiyəli tibb elmləri doktoru.
O, Türkiyənin ilk qadın patoloqu və tibb üzrə ilk tibb elmləri doktorudur. Ankara Universiteti Tibb fakültəsinin qurucularından biridir. 1945-ci ildə Ankara Universitetinin tərkibində yaradılmış Histologiya-Embriologiya kafedrası və institutunu qurmuşdur. Həyatı 1906-cı ildə İstanbulda dünyaya göz açan Kamilə Şevki, vəkil Mehmed Şevki bəy və Fatma Rahimə xanımın qızıdır. 1924-cü ildə İstanbul qız liseyini, 1930-cu ildə isə İstanbul Darülfünunun Tibb fakültəsini bitirib.
1928-ci ildə hələ tələbə olarkən, limfoqranulomatoz üzərində apardığı araşdırmasının nəticələrini əks etdirən məqaləsini "Darülfünun Tibb fakültəsi Jurnalı"nda dərc olunub. Limfoqranulomatoz sahəsindəki çalışmalarını sonrakı illərdə də davam etdirib. Tibb fakültəsini bitirdikdən sonra, Həmdi Suad Aknarın rəhbərlik etdiyi Tibb fakültəsi Patologiya kafedrasında assistent olaraq çalışıb.
Kamilə Şevki, 1933-cü ildə Almaniyaya, Berlin Tibb fakültəsinə təhsil məqsədilə göndərilib. Patologiya kafedrasında iki il çalışdıqdan sonra, 1934-cü ildə böyrəküstü vəzinin medulla (beyin) nahiyəsindəki xromaffin hüceyrələrinin sitoplazmalarında olan xüsusi xromaffin qranullarını üzə çıxaran yeni texnika hazırladı. Onun hazırladığı bu texnika elmi ədəbiyyata "Şevki metodu" adı ilə daxil oldu.
1935-ci ildə İstanbula qayıtdıqdan sonra, Patologiya mütəxəssisi adını aldı. Bununla da, Türkiyənin ilk qadın patoloqu oldu. Ankara Nümunə Xəstəxanasına patologiya mütəxəssisi olaraq təyin edilən Kamilə Şevki, burada yeni patologiya laboratoriyasını qurub.
1945-ci ildə Ankara Universitetinin tərkibində açılması qərara alınan Tibb fakültəsinin Histologiya və Embriologiya kafedrasına professor elmi adı və səlahiyyəti ilə rəhbər təyin edilib. O, Türkiyənin professor elmi adını alan ilk qadın həkimi olub. 19 oktyabr 1945-ci ildə Ankara Universiteti Tibb fakültəsinin açılış mərasimində "Morfoloji elmlərin təbabətdəki əhəmiyyəti" mövzusunda ilk dərsini verib.
Universitet rəhbərliyində də vəzifə tutan Mutlu, 1951-ci ildə Ankara Universiteti Senatına üzv seçilib.
Ankara Universiteti Tibb fakültəsinin Histologiya kafedrasının müdiri Prof.Kamilə Şevki Mutlu 9 noyabr 1953-cü ildə hökumət tərəfindən Atatürkün tabutunun açılması və balzamlama işi üçün vəzifələndirilmişdir. O, cənazənin Etnoqrafiya Muzeyindəki müvəqqəti qəbirindən çıxarılmasında iştirak edib. Atatürkü ölümündən 15 il sonra görən və ona toxunan yeganə insandır.
Türkiyənin ilk elektron mikroskopu laboratoriyası 1954-cü ildə onun rəhbərlik etdiyi Ankara Tibb fakültəsinin Histologiya və Embriologiya kafedrasında açılmışdır. 1955-ci ildə o, orijinal mikroqraflara əsaslanan histoloji məlumatları özündə cəmləyən, Türkiyədə nəşr olunmuş ilk dərslik "Histologiya"nı yazmışdır.
1959–1962-ci illər arasında Pensilvaniya Universitetində müəllim kimi çalışıb. 1976-cı ildə Ankara Universiteti Tibb fakültəsindən təqaüdə çıxıb. 3 oktyabr 1987-ci ildə Ankarada vəfat edib.
1994-cü ildə TÜBİTAK tərəfindən "Xidmət mükafatı"na layiq görülmüşdür. İstinadlar
Xarici keçidlər Benim Madam Curiem- Kamile Şevki Mutlu
Kateqoriya:İstanbul qız liseyinin məzunları Kateqoriya:Patologiya