Zenzile Miriam Makeba () — Mama Afrika səhnə adı ilə də tanınan Cənubi Afrika müğənnisi, söz yazarı, aktrisa və siyasi aktivistdir. Afropop, caz və dünya musiqisi də daxil olmaqla müxtəlif musiqi janrlarında ifa edən Miriam Cənubi Afrikada aparteid və ağdərili azlıq hökumətinə qarşı mübarizə aparırdı.

Yohannesburqda svazi və kosa mənşəli ailədə anadan olan Makeba atasının ölümündən sonra uşaq ikən iş tapmaq məcburiyyətində qalıb.

İlk illəri

Uşaqlığı və ailəsi Miriam Makeba 4 mart 1932-ci ildə Yohannesburq yaxınlığındakı qaradərililər yaşayan Prospekt qəsəbəsində atasının yeganə, anasının isə altıncı uşağı olaraq dünyaya gəlmişdir. Onun kosa mənşəli atası Kasvel Makeba müəllim idi. Kasvel qızı altı yaşında olanda vəfat etmişdi. Onun svazi əsilli anası Kristina Makeba xidmətçi idi; Kristina ilk ərindən ayrılmış və qısa müddət sonra Kasvel ilə tanış olub evlənmişdi. Makeba sonralar bununla balı bildirmişdi ki, hamilə qalmazdan əvvəl anasına gələcək hamiləliyin ölümcül ola biləcəyi barədə xəbərdarlıq edilmişdi. Nə Miriam, nə də anası çətin doğuşdan sonra sağ qalacaq kimi görünmürdü. Doğuşda iştirak edən Miriamın nənəsi Kristina sağalarkən tez-tez onun qulağına "buna özün səbəb oldun" mənasını verən kosa dilindəki "uzenzile" sözünü mızıldanırdı; bu da onu qızına Zenzile adını verməyə ilhamlandırdı.

Karyerasının ilk illəri Makeba peşəkar musiqi karyerasına Cənubi Afrikanın tamamilə kişilərdən ibarət qrupu olan "Kubalı Qardaşlar" () ilə başlamışdı və onlarla birlikdə məşhur Amerika mahnılarının aranjiman edilmiş versiyalarını oxuyurdu. Tezliklə 21 yaşında o, Cənubi Afrika mahnılarını və məşhur afroamerikalı qrupların əsərlərini ifa edən "Manhetten Qardaşları" () caz qrupuna qoşuldu. Makeba qrupdakı yeganə qadın idi. O, 1953-cü ildə "Manhattan Qardaşları" ilə birlikdə ilk hiti olan "Lakutshn, Ilanga"nı yazdırdı və milli musiqiçi kimi şöhrət qazandı. 1956-cı ildə Makeba tamamilə qadınlardan ibarət yeni bir qrup olan "Skylarks"-a qoşularaq caz və ənənəvi Cənubi Afrika melodiyalarının qarışığı olan mahnılar ifa etməyə başladı. Qrup həmçinin "Sunbeams" kimi tanınırdı. Makeba "Manhetten Qardaşları" xaricə səyahət edərkən "Skylarks" ilə birlikdə mahnılar oxuyurdu; daha sonra o da "Manhetten Qardaşları" ilə birlikdə səyahət etmişdi. "Skylarks" qrupunda Makeba fəaliyyətini izlədiyi Rodeziya doğumlu musiqiçi Doroti Masuka və Dolli Ratebe ilə birlikdə mahnılar ifa edirdi. Bu dövrdə "Skylarks" qrupunun bir neçə əsəri məşhurlaşdı; musiqi tarixçisi Rob Allingem sonradan qrupu "əvvəllər heç vaxt eşidilməmiş harmoniyaya malik əsl trend yaradanlar" kimi təsvir edirdi. Bununla belə, Makeba "Skylarks" ilə işindən heç bir qonorar almamışdı.

İstinadlar