Bəhram Abdinov və ya Mirzə Bəhram Abdinov () — azərbaycanlı əməkdar aqronom, siyasətçi və Cümhuriyyət tələbəsi.
Dərbənd Real Məktəbində orta təhsil aldıqdan sonra Moskva Kənd Təsərrüfatı İnstitutunda ali təhsil alıb. 1919-cu ildə Bakıya köçüb. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. 1921–1922-ci illərdə Göttingen Universitetində, 1922–1924-cü illərdə isə Bonn Kənd Təsərrüfatı Ali Məktəbində təhsil alıb. Təhsil aldığı müddətdə Almaniyada Azərbaycan Tələbələri Cəmiyyətinin sədri olub.
Bakıya qayıtdıqdan sonra 1926–1929-cu illərdə Naxçıvan MSSR-in baş aqronomu və Xalq Torpaq Komissarının müavini vəzifələrində çalışıb. Eyni zamanda Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. 1931-ci ildə VI çağırış Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. 1934–1939-cu illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Subtropik Bitkilər İdarəsinin rəisi olub. 1946-cı ilin may ayında Azərbaycan SSR Əkinçilik Nazirliyinin Aqrotexnika və Mexanikləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda və Kənd Təsərrüfatı Texnikumunda müəllimlik edib.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə xidmətlərinə görə ona "Əməkdar aqronom" fəxri adı alıb. Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olub və gümüş medalla təltif edilib.
Azərbaycanda feyxoa bitkisinin ilk dəfə becərilməsi onun təşəbbüsü ilə həyata keçirilib.
Həyatı
İlk illəri Mirzə Bəhram Əliövsət oğlu Abdinov 1896-cı il avqustun 1-də Dərbənd şəhərində anadan olub. Milliyyətcə Azərbaycan türküdür. İlk təhsilini evdə molladan alıb, ərəb və fars dillərini öyrənib. 1905-ci ildə Dərbənd Real Məktəbinə daxil olub, 1914-cü ildə həmin məktəbi bitirib.
1915-ci ildə Moskva Kənd Təsərrüfatı İnstitutuna daxil olub. 1917-ci il Fevral inqilabından sonra ali məktəblərin fəaliyyətinin dayandırılmasına görə Dərbəndə qayıdıb. Bundan sonra Qaytaq-Tabasaran dairəsinin zemstvo aqronomunun yanında köməkçi kimi fəaliyyət göstərib. 1919-cu ildə isə həmin ərazidə fəaliyyət göstərən partizan dəstəsinin tərkibində general Anton Denikinin qüvvələrinə qarşı döyüşlərdə iştirak edib. 250px|thumb|Bəhram Abdinov (ayaqüstə sağdan ikinci) digər cümhuriyyət tələbələri ilə birlikdə. 1919-cu il sentyabrın 1-də Azərbaycan Cümhuriyyəti Parlamenti 1919–1920-ci tədris ilində ali təhsilli mütəxəssislərin hazırlanması məqsədilə 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına xarici ali məktəblərə göndərilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün 7 milyon manat vəsait ayrılıb. Avropa ali məktəblərinə göndərilən hər bir tələbə üçün aylıq 400 frank təqaüd və 1000 frank məbləğində yol xərci müəyyən edilib.
1919-cu ildə ailəsi ilə birlikdə Bakıya köçdükdən sonra, Bəhram Abdinov Azərbaycan Cümhuriyyəti hökumətinin xaricdə təhsil almaq üçün 100 nəfər tələbə seçəcəyini öyrənib və həmin proqramda iştirak etmək məqsədilə Azərbaycan Cümhuriyyətinin Xalq Maarif Nazirliyinə müraciət edib. Bəhram Abdinov Xalq Maarif nazirinə ünvanladığı ərizədə Moskva Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsinin tələbəsi olduğunu bildirib, ali təhsilini dövlət hesabına Almaniya və ya İsveçrədə davam etdirmək istədiyini qeyd edib. Bu müraciətindən sonra Bəhram Abdinov dövlət hesabına ali təhsil almaq üçün seçilən tələbələrdən biri olub.
1919-cu il dekabrın 29-da o, təhsilini başa vurduqdan sonra Azərbaycan Cümhuriyyəti hökumətinin təyinatı ilə göstərilən yerdə dörd il işləyəcəyinə, həmçinin təhsil aldığı ölkənin ərazisində heç bir siyasi və ya partiya fəaliyyətində iştirak etməyəcəyinə dair iltizamnamələr təqdim edib. 1920-ci il yanvarın 13-də Bəhram Abdinova Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilməsi haqqında 517 saylı vəsiqə təqdim edilib.
Xaricə göndərilən tələbələrin bir hissəsi 1920-ci il yanvarın 14-də Parlament və Hökumət üzvlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakı ilə Bakı Dəmiryolu Vağzalından yola salınıb. Fevralın 11-də Parisə çatan tələbələri Paris Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşının rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayıb. Əlimərdan bəy tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər verib və uğurlar arzulayıb.
Bir müddət Parisdə qaldıqdan sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə göndəriliblər. Bəhram Abdinov Almaniyaya yollanıb, bir müddət Berlində yaşayaraq alman dilini öyrənib. 1921-ci il oktyabrın 17-də Göttingen Universitetinə qəbul olub və burada 1922-ci ilədək təhsil alıb. 1922-ci il iyulun 24-də Bonn Kənd Təsərrüfatı Ali Məktəbinə daxil olub, təhsilini həmin ali məktəbdə davam etdirib. Almaniyada təhsil aldığı illərdə Almaniyada Azərbaycan Tələbələri Cəmiyyətinə sədrlik edib. 1923-cü ildə Almaniyada təhsil alan azərbaycanlı tələbələrin vəziyyəti barədə Azərbaycan hökumətinə məlumat vermək və onlara maddi yardım göstərilməsi məsələsini qaldırmaq məqsədilə Azərbaycan Tələbələri Cəmiyyətinin nümayəndəsi kimi Bakıya gəlib. Daha sonra Almaniyaya qayıdıb. 1924-cü il noyabrın 10-da Bonn Kənd Təsərrüfatı Ali Məktəbini bitirib. 1925-ci ildə Azərbaycana qayıdıb.
Azərbaycan SSR-də frameless|201x201px|left Azərbaycana qayıdan Bəhram Abdinov Azərbaycan Xalq Torpaq Komissarlığının göndərişi ilə pambıqçılıq sahəsində təcrübə qazanmaq və bu sahədə görülən işlərlə tanış olmaq məqsədilə Özbəkistana ezam olunub. 1926-cı ildə Bakıya qayıtdıqdan sonra Naxçıvana göndərilib. O, 1926-cı ilin noyabr ayından, 1929-cu ilin avqustunadək Naxçıvan MSSR-in baş aqronomu həmçinin Xalq Torpaq Komissarının müavini vəzifələrində çalışıb. Həmin dövrdə eyni zamanda Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib.
1929-cu ildə Bakıya çağırılıb və Azərbaycan Xalq Torpaq Komissarlığının Kənd Təsərrüfatı İdarəsi rəisinin müavini, həmçinin toxumçuluq şöbəsinin müdiri vəzifələrinə təyin edilib. 1931-ci ildə VI çağırış Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin üzvü seçilib. 1932-ci ildə Sosial Bərpa İnstitutunda elmi işlər üzrə direktor müavini, daha sonra isə elm şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərib. 1934–1939-cu illərdə Azərbaycan SSR Xalq Torpaq Komissarlığının Subtropik Bitkilər İdarəsinin rəisi olub və subtropik bitkilərin, xüsusilə çayçılığın inkişafı istiqamətində həyata keçirilən işlərə rəhbərlik edib.
1937-ci il Stalin repressiyaları zamanı həyat yoldaşı Sara xanımın qardaşı Hüseyn Axundov, əmisi Səftər Axundov və bacısının həyat yoldaşı Əlimirzə Fiqarov həbs olunublar. Bundan sonra Abdinovun ailəsi də təqiblərə məruz qalıb. Bəhram bəy 1939–1941-ci illərdə orta məktəblərdə alman dili müəllimi kimi çalışıb, eyni zamanda Azərbaycan Pedaqoji İnstitutunda saat hesabı müəllimlik edib.
1941–1945-ci illərdə Balakən Rayon Kənd Təsərrüfatı Bankının direktoru və Balakən rayonunun baş aqronomu vəzifələrində işləyib. 1946-cı ilin may ayında Azərbaycan SSR Əkinçilik Nazirliyinin Aqrotexnika və Mexanikləşdirmə İdarəsinin rəisi vəzifəsinə təyin olunub. İdarənin yenidən təşkili nəticəsində şöbə rəisi həmçinin Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin Torpaq Quruluşu İdarəsinin baş aqronomu kimi fəaliyyətini davam etdirib. Nazirlikdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, Azərbaycan Pedaqoji İnstitutunda və Kənd Təsərrüfatı Texnikumunda müəllimlik edib. Bəhram Abdinov məhsul növbələşməsi, qarğıdalının Azərbaycanda becərilməsi və çay bitkisinin aqrotexnikası sahələrinə həsr olunmuş bir sıra elmi əsərlərin müəllifidir.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1957-ci il avqustun 7-də verdiyi fərmanı ilə respublikanın kənd təsərrüfatının inkişafı sahəsindəki xidmətlərinə görə ona "Əməkdar aqronom" fəxri adı verilib. O, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin iştirakçısı olub və gümüş medalla təltif edilib. Bəhram bəy Tərtərdə dənli bitkilər üzrə seleksiya stansiyasının yaradılmasında iştirak edib, Lənkəranda SSRİ-də ikinci olan subtropik bitkilər və çay bazasının formalaşdırılmasında iştirak edib. Azərbaycanda feyxoa bitkisinin ilk dəfə becərilməsi də onun təşəbbüsü ilə həyata keçirilib.150px|thumb|right|Həyat yoldaşı Sara xanımla. 1929-cu il.Bəhram Abdinov 1969-cu il oktyabrın 5-də Bakıda vəfat edib.
Ailəsi Bəhram Abdinovun babası Hacı Zeynalabdin Dərbəndli tacir olub. Dərbəndin Çortəpə adlanan birinci məhəlləsində böyük evi, dükanları və üzüm bağı olub. Hacı Zeynalabdinin Əliövsət, Mehdi və Kərbəlayı Əsgər adlı üç oğlu olub.
Bəhram Abdinovun atası Əliövsət Hacı Zeynalabdin oğlu Dərbəndli 1846-cı ildə Dərbənddə anadan olub. Reyhanatbikə Ağamirzə bəy qızı ilə ailə qurub. Bu evlilikdən Əlimiran, Bəhram və Məsi adlı oğulları olub. 1883-cü ilin mayında Moskvada keçirilən Rusiya imperatoru III Aleksandrın tacqoyma mərasimində Dərbənd şəhərinin nümayəndəsi kimi iştirak edib. Həmin il o, "Töhfeyi-əhbab və sovqati-əshab" ("Sevimlilərin töhfəsi və ağaların sovqatı") adlı əsər yazıb. Əsərin əlyazması Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur.
Bəhram Abdinov 1929-cu ildə Dərbəndin tanınmış Axundovlar nəslindən olan Sara xanım Məşədi Hacıbaba qızı ilə ailə qurmuşdur. Sara xanımın atası Məşədi Hacıbaba Dərbənd Şəhər Dumasının üzvü olub. Bu evlilikdən onların Asya, Adilə və Övsət adlı üç övladı olub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin tələbələri Kateqoriya:Azərbaycan SSR əməkdar aqronomları Kateqoriya:Zaqafqaziya SFSR Mərkəzi İcraiyyə Komitəsinin üzvləri Kateqoriya:XTNS gümüş medalı laureatları