Hüseyn Əhməd Mədəni (; ) — hindistanlı İslam alimi və siyasi fəal.

Bioqrafiyası 6 oktyabr 1879-cu ildə anadan olmuşdur. Ata tərəfdən babaları seyyiddir.

İlk təhsilini atası Seyyid Həbibullahdan almış və təhsilini Diobenddə Darul-Ülumda davam etdirmişdir.

1899-cu ildə ailəsi ilə birlikdə Mədinəyə köçmüş və buradakı məscidlərdə dərs deməyə başlamışdır. Bundan sonra o, bir neçə dəfə təhsil məqsədilə Hindistana getmiş və yenidən Mədinəyə geri qayıtmışdır (1901–1912).

Sonuncu dəfə Mədinəyə qayıtdıqdan sonra hədis müəllimi və ingilis müstəmləkəsinə qarşı mübarizə aparan Mahmud Həsən Diobəndini Ənvər paşa və Camal paşa ilə görüşdürməyə cəhd etmiş, lakin Şərif Hüseyn buna mane olmuş, onların ingilislər tərəfindən həbs olunmasına nail olmuşdur. Bundan sonra o, müəllimi və iki dostu ilə birdikdə müharibə əsiri qismində Maltaya sürgünə göndərilmişdir.

Bir müddət sonra azadlığa buraxılan Hüseyn Mədəni Mumbaya gəlmiş və burada bir sıra təhsil müəssisələrində dərs deməyə başlamışdır. 1927-ci ildə isə Darul-Ülumda baş müəllim seçilmişdir.

Təxminən otuz iki il davam etdirdiyi bu vəzifələri müddətində Hüseyn Əhməd Mədəni bir çox tələbə yetişdirmişdir.

Hüseyn Əhməd Mədəni, ölkənin xarici işğaldan azad edilməsi üçün Mahatma Qandinin rəhbərlik etdiyi "Hind Milli Konqresi" ilə birlikdə çalışmış, ingilislərə qarşı silahsız passiv müqavimət hərəkatına dəstək vermişdir. "Hindistan Xilafət Hərəkatı"na qatılaraq Kəraçidə keçirilən konqresdə (iyul 1921) müsəlmanların İngilis ordusunda xidmət etmələrinin və onlara köməklik göstərmələrinin İslama zidd olduğunu elan edən yekun bəyannaməni hazırlayanlar arasında yer almışdır.

1921-ci ilin noyabrında ölkədə asayişi pozmağa cəhd ittihamı ilə Məhəmməd Əli və Şövkət Əli qardaşları ilə birlikdə iki il həbs cəzasına məhkum edilmişdir. Elmi fəaliyyətləri ilə yanaşı siyasi fəaliyyətlərini də davam etdirən Hüseyn Əhməd Mədəni, Hindistanın istiqlal mübarizəsində iştirak etdiyi üçün 1930, 1932 və 1942-ci illərdə müxtəlif vaxtlarda həbs olunmuşdur.

1940-cı ildə "Cəmiyyəti-Uləmayi-Hind" təşkilatının sədri seçildikdən sonra Hindistanın bütövlüyünün qorunması və müstəqilliyinin qazanılması istiqamətində fəaliyyət göstərmişdir. Onun sədrliyi 1957-ci ilə qədər davam etmişdir.

1947-ci ildə Hind alt qitəsinin Hindistan və Pakistan olaraq iki yerə bölünməsindən sonra Hindistanda qalmış və "Hindistan Konqres Partiyası" komitəsinin üzvlüyünü davam etdirmişdir. Bölgədə iki müstəqil dövlətin qurulmasından sonra aktiv siyasəti buraxaraq özünü elmi fəaliyyətə və təhsilə həsr etmişdir.

5 dekabr 1957-ci ildə vəfat edən Hüseyn Əhməd Mədəni, Diobənddə dəfn edilmişdir.

O, "əş-Şəhabüs-səqib aləl-müstərikil-qəzib", "Məktubəti-Şeyxul-İslam" və başqa dini-siyasi motivli əsərlərin müəllifidir.

Həmçinin bax Hənəfilərin siyahısı

İstinadlar

Kateqoriya:Diobendi Kateqoriya:Şeyxülislamlar Kateqoriya:Matüridilər Kateqoriya:Hənəfilər Kateqoriya:Hədis alimləri Kateqoriya:Pakistanda islam