Pavel Aleksandroviç Romanov (; ) — Rusiya imperatoru II Aleksandrın oğlu, böyük knyaz.
Həyatı 1860-cı ildə Sankt-Peterburqdakı Böyük Yekaterina sarayında dünyaya gəldi. Atası Rusiya imperatoru II Aleksandr, anası isə Böyük Hesse hersoqu II Lüdovikin qızı Hesseli Vilhelmina Mariyadır. Dünyaya gəldiyi əsnada anası vərəmdən əziyyət çəkirdi və həkimlər onun yenidən övlad sahibi olmasını qadağan etdi. Bu səbəblə valideynləri arasındakı münasibətlər soyudu. 1865-ci ildə böyük qardaşı çareviç Nikolayın ani vəfatından sonra bu münasibət tamamilə kəsildi. Hətta ertəsi il atası II Aleksandr Şahzadə Yekaterina Dolqorukova ilə eşq yaşamağa başladı.
Uşaqlıq illəri Çarskoye seloda və Qış sarayında keçirən Pavel, yay aylarında Krımda yaşadı. Anasının səhhətinin pisləşməsi səbəbilə, qardaşı Sergey və bacısı Mariya ilə birlikdə Darmştadta göndərilən anasını müşayiət etdi. İlk təhsilini xüsusi saray müəllimlərindən aldı. Ardından admiral Dmitriy Arsenyevin tələbəsi oldu və gözlənilənin əksinə, hərbi sahəyə deyil, incəsənətə yönəldi. Buna baxmayaraq çar övladı olması səbəbilə hərbi rütbələr aldı. Bunlardan ilki isə 1874-cü ilin yanvarında aldığı leytenant rütbəsi oldu. Yaşının az olması səbəbilə, II Aleksandrın Rusiya-Osmanlı müharibəsinə qatılmayan yeganə oğlu idi. 1880-ci ildə anasının vəfatı və qısa müddət sonra çarın məşuqəsiylə evlənməsiylə sarsıldı. Qardaşı Sergeyin də təklifiylə, fikrini yayındırmaq üçün Avropaya səyahət etdi. 13 mart 1881-ci ildə atası II Aleksandrın sui-qəsdi əsnasında iki qardaş İtaliyada idi və paytaxtda qalan böyük qardaşları III Aleksandr taxta çıxdı.
Qardaşı Sergeyin Hesseli Yelizaveta ilə evlənməsindən sonra da, münasibətləri davam etdi. Hətta Pavel bir müddət qardaşı və yeni ailəsiylə birlikdə yaşamağa davam etdi. 1888-ci ildə baş tutan Yerusəlim səfərində cütlüyün yanında oldu. Zəif ağciyərləri səbəbilə tez-tez ölkə xaricində müalicə olunurdu. Həkimlərin tövsiyəsiylə 1887-ci ildə Yunanıstana yollandı. Bu səfərlərin birində Yunanıstan kraliçası olan əmisi qızı Olqa Konstantinovnanın böyük qızı Aleksandra ilə tanış oldu. 10 noyabr 1888-ci ildə nişanlanan cütlüyün toy mərasimi 17 iyun 1889-cu ildə Sankt-Peterburqdakı Qış sarayında baş tutdu. Xanımıyla birlikdə Sankt-Peterburqdakı şəxsi sarayında yaşamağa başladı. İlk evliliyi xoşbəxt amma qısa çəkdi. Xanımı çətin keçən ikinci hamiləliyin ardından yeddi aylıq bir oğlan uşağı dünyaya gətirdi. Ancaq özü doğuşdan sonrakı 6 gün boyunca komada qaldı və 24 sentyabr 1891-ci ildə hələ 21 yaşında ikən vəfat etdi.
Xanımının vəfatından sarsılan Pavel bir daha sarayına qayıtmadı və qalan ömrünü Çarskoye seloda yaşamağa başladı. Anasız qalan övladları isə qardaşı Sergey və xanımı Yelizavetanın qayğısıyla böyüdü. Qardaşı III Aleksandrın 1894-cü ildə ölümünün ardından qardaşı oğlu II Nikolay taxta çıxdı. Qardaşı oğluyla arasında 8 yaş fərq vardı və Pavel gənclik illərində Darmştadt səfərlərində yeni çariça Aleksandra Fyodorovnanı kiçik bir qız ikən tanımışdı. Bu səbəblə, yeni çar və çariça tərəfindən sevildi.
1895-ci ildə Pavel zadəgan olmayan Olqa Valerianovna Karnoviç ilə eşq yaşamağa başladı. Ancaq o əsnada Olqa, qardaşı Böyük knyaz Vladimirin yavəri ilə evli idi və 3 övladı vardı. Bu eşq münasibəti ilk başda gizli tutulsa da, Olqa Karnoviçin anası Mariya Aleksandrovnaya aid almas bir boyunbağıyla saraydakı mərasimlərdən birinə qatılması bu münasibəti aşkara çıxardı. Pavelin qardaşı III Aleksandrın xanımı olan dul çariça Mariya Fyodorovna qayınanasına aid zinyət əşyasını tanıdı və Olqanı dərhal mərasimdən uzaqlaşdırdı. Çar II Nikolay cütlüyün ayrılması üçün əlindən gələni etsə də, artıq gec idi. Çünki Olqa artıq Paveldən hamilə idi. 1897-ci ilin yanvarında Vladimir adlı bir oğlan dünyaya gəldi və əri Olqadan boşanmaq üçün məhkəməyə müraciət etdi. Ancaq bu məhkəmə yalnız 1902-ci ildə nəticələndi.
Pavel Olqayla evlənmək və doğulan oğluna atalıq vermək istəsə də, ailəsi, xüsusilə də qardaşı Böyük knyaz Vladimir və çar II Nikolay bunu qəbul etmədi. Uşaqlıq illərindən bəri ən yaxın dostu olan qardaşı Sergeylə xanımı Yelizavetanın da bu evliliyə qarşı çıxmasıyla, iki qardaşın münasibəti pozuldu və bir daha düzəlmədi. Ailəsinin qarşı çıxmasına baxmayaraq, ilk evliliyindən doğulan övladlarına etinasız yanaşdı və məşuqəsiylə birlikdə ölkə xaricinə səyahətlər etdi. 10 oktyabr 1902-ci ildə İtaliyanın Livorno şəhərindəki bir yunan pravoslav kilsəsində gizlicə Olqayla evləndi. Ailəsi tərəfindən qəbul edilmədiyi üçün Pavel Rusiya mülkündən sürgün edildi. Hərbi vəzifələrindən uzaqlaşdırıldı, bütün mül-mülkü müsadirə edildi və böyük qardaşı Sergey övladları Mariya və Dmitrinin hamisi təyin olundu.
Sürgün qərarı əsnasında İtaliyada olan cütlük qərarın ardından Parisdə məskunlaşdılar və qızları İrina burada dünyaya gəldi. 1905-ci ildə qardaşı Böyük knyaz Sergeyin sui-qəsd nəticəsində öldürülməsinin ardından, cənazə mərasiminə qatılması üçün xüsusi icazə verildi. Qardaşının ölümünü bəhanə edərək övladlarının hamiliyinə tələb etsə də, çar II Nikolay uşaqları dul qalan knyaginya Yelizavetaya həvalə etdi. Böyük qızı Mariyanın İsveç vəliəhdi Vilhelmlə evlənməsində icazəsi alınmasa da, qızının 3 may 1908-ci ildə baş tutan toyunda iştirak etdi. 1912-ci ildə böyük oğlu Dmitriyin yetkinliyə çatması səbəbilə çar II Nikolay əmisini bağışladı və bütün ünvanlarının geri verilməsinə qərar verdi. Üstəlik onun ikinci evliliyini də rəsmi olaraq tanıdı. Buna baxmayaraq cütlük 1914-cü ilin mayına qədər Parisdə yaşamağa davam etdi.
Birinci Dünya müharibəsinin başlamasıyla böyük oğlanları Dmitriy və Vladimir əsgər, qızı Mariya isə hərbi tibb işçisi olaraq cəbhəyə yollandılar. 1915-ci ilin avqustunda çar II Nikolay Pavelin xanımı Olqaya Paley şahzadəsi ünvanı verdi və bu səbəblə övladları Paley soyadı daşıdılar. Çariça Aleksandra Fyodorovnanın təklifiylə, knyaz Pavel 1915-ci ildə İmperator Mühafizəçiləri birliyi I ordu komandanlığına təyin olundu. Ancaq vəzifə başına keçmədən öncə səhhəti pisləşdi və 1915-ci ilin qışını xəstə yatağında keçirdi. Həkimlərin etirazına baxmayaraq 1916-cı ilin mayında süvari generalı rütbəsiylə aktiv faəliyyətə başladı. 1916-cı ilin sonunda Krımdan dönüş yolunda ikən dul çariça Mariya Fyodorovna ilə görüşdü. Rasputinin fəaliyyəti və çarın üzərindəki təsirindən narazı olduğunu bildirdi. Dönüşdə çar və çariçayla bu barədə söhbət etsə də, onları bu yoldan döndərə bilmədi. 1916-cı ilin dekabrında baş tutan Rasputin sui-qəsdində oğlu Dmitriyin də iştirakına baxmayaraq, çar ailəsiylə münaisbətlərini qorudu. Üstəlik oğlunu müdafiə etdi və qısa ev həbsinin ardından uzaq cəbhəyə sürgün edilməsinə nail oldu. 1917-ci ilin fevralında çariça Aleksandra yenidən cəbhəyə qayıtmağını istəsə də, knyaz Pavel bu təklifi geri çevirdi. Üstəlik çar ailəsinin hakimiyyətdə qalması şərtiylə imperiyanın konstirusiyalı monarxiyaya keçməsini planlaşdıran bir manifest hazırladı. Ancaq artıq gec idi. Manifest çar, manifest imzasına təqdim edilmədən öncə, 2 martda taxtdan çəkildiyini elan etdi. Çarın taxtdan çəkilməsi xəbərini isə çariça Aleksandraya knyaz Pavel məlumat verdi.
1917 fevral inqilabının ardından ailəsini Çarskoye seloda toplayan knyaz Pavel 9 sentyabrda ev həbsinə alındı. Telefon xətti kəsildi və yaşadığı saray əsgərlər tərəfindən mühasirədə saxlandı. 1917-ci ilin oktyabrında bolşeviklərin hakimiyyəti ələ almasının ardından Romanovların həyatı dəyişdi. 13 noyabrda knyaz Pavelin evi yağmalandı və qiymətli silah kolleksiyası əlindən alındı. Knyaz Pavel həbs olundu və 2 həftə boyunca bolşeviklərin qərargahında tutuldu. Ardından səhhətinin pis olması səbəbilə azad edildi və Çarskoye selodakı ailəsinin yanında yaşamağına icazə verildi. 27 dekabrda banklardakı əmlaklar bolşevik hökuməti tərəfindən müsadirə edildi və beləcə, knyaz Pavel valideynlərindən qalan bütün dəyərli zinyət əşyalarını itirdi. 1918-ci ilin yanvarında artıq yaşadığı Çarskoye selo sarayının məsrəflərini qarşılaya bilmədi və yaxınlıqda yerləşən daha kiçik bir ailə mülkünə köçdülər. Ancaq çox keçmədən bu villa da hökumət tərəfindən milliləşdirildi və muzeyə çevrildi. Oğlu Vladimir digər öndə gələn Romanov əsilzadələriylə birlikdə 1918-ci ilin iyulunda güllələndi. Səhhəti daha da ağırlaşan knyaz Pavel 2 avqust 1918-ci ildə qızı Mariya ilə vidalaşdı. Ardından qızı Mariya və kürəkəni ölkədən qaçdılar. Danimarka səfirinin onu Avstriya uniformasında ölkədən çıxarmaq təklifini geri çevirdi.
13 avqust 1918-ci ildə səhər saat 3 radələrində həbs edilən knyaz Pavelin həbsdə səhhəti ağırlaşdı. 6 dekabrda həbsxana hospitalına alındı. Qızları İrina və Nataliyanın son dəfə atasına vida etməsinə icazə verildi. Ardından qızlar gizlicə Finlandiyaya qaçırıldı və bir daha atalarını görmədilər. Əmisi oğlanları Dmitriy, Nikolay və Georqla birlikdə Pyotr və Pavel qalasına aparıldı. 28 yanvar 1919-cu ildə onlarla birlikdə güllələndi. Cəsədləri toplu məzarlığa atıldı və ölümləri 3 gün sonra elan edildi. 1981-ci ildə Rusiya Pravoslav kilsəsi tərəfindən şəhid elan edildi.
Övladları İlk evliliyində 2 övladı doğuldu.
Mariya Pavlovna Dmitriy Pavloviç
İkinci evliliyindən isə 3 övladı doğuldu. Ancaq bunlardan ilki nikahdan öncə dünyaya gəldi.
Vladimir Pavloviç Paley İrina Pavlovna Paley Nataliya Pavlovna Paley
Qalereya
Mənbə
Ədəbiyyat Alexander, Grand Duke of Russia. Once a Grand Duke. Cassell, London, 1932, ASIN: B000J3ZFL2 Belyakova, Zoia. Grand Duchess Maria Nikolayevna and her palace in St Peterburg. Ego Publishers, Chavchavadze, David. The Grand Dukes, Atlantic, 1989, Cockfield, Jamie H. White Crow: The Life and Times of the Grand Duke Nicholas Mikhailovich Romanov, 1859–1919. Praeger, 2002, King, Greg. The Court of the Last Tsar. Wiley, 2006. . Hall, Coryne. Danish efforts to Help the Imprisoned Romanovs. Published in Royal Russia N 6. 2014. . Hall, Coryne. The English Dacha at Tsarkoe Selo. Royalty Digest Quarterly. 2007 N 1. ISSN 1653–5219 Marie Georgievna, Grand Duchess of Russia. A Romanov Diary: the Autobiography of the Grand Duchess Marie Georgievna of Russia. Gilbert's Books, 2012. Papi, Stefano. Jewels of the Romanovs. Thames & Hudson, 2013. Paley, Princess. Memories of Russia, 1916–1919. Herbert Jenkins Ltd, 1924. ASIN: B000O5UBBE Perry, John and Pleshakov, Constantine. The Flight of the Romanovs. Basic Books, 1999, . Van der Kiste, John. The Romanovs 1818–1959. Sutton Publishing, 1999, . Vassiliev, Alexandre. Beauty in Exile: The Artists, Models, and Nobility who Fled the Russian Revolution and Influenced the World of Fashion. Harry N. Abrams, 2001. Zeepvat, Charlotte. Dear Unforgettable Alix. Royalty Digest Quarterly. 2012 N 3. ISSN 1653–5219 Zeepvat, Charlotte. The Camera and the Tsars. Sutton Publishing, 2004. . Zeepvat, Charlotte. Romanov Autumn: stories from the last century of Imperial Russia. Sutton Publishing, 2000. Zeisler, Wilfried. Vivre la Belle Époque à Paris : Olga Paley et Paul de Russie. Paris, Mare et Martin, 2018.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Öldürülmüş Romanovlar Kateqoriya:Sovet İttifaqında Qırmızı Terrorun qurbanları