Vielleicht vielleicht () — 2023-cü ildə alman müğənni-mahnı müəllifi MilleniumKid tərəfindən, alman repçisi və musiqi prodüseri JBS ilə əməkdaşlıq çərçivəsində buraxılmış mahnı.

Yazılma və yayımlanması

Mahnının sözləri, musiqisi əsas ifaçı Yasin Sert (MilleniumKid) tərəfindən yazılmış, eyni zamanda Sert həm də prodüsser kimi iştirak etmişdir. Prodüserlik prosesində ona Bencamin Fridrix (Nasskalt) dəstək vermişdir. JBS isə yalnız ifada iştirak etmiş, studiya işlərinə cəlb olunmamışdır. Hər iki ifaçı bununla 2023-cü ilin yanvarında buraxılmış “Unendlichkeit” adlı sinql ilə başlayan əməkdaşlıqlarını davam etdirmişdir.

“Vielleicht vielleicht” mahnısı ilk dəfə 20 oktyabr 2023-cü ildə Warner Music şirkəti tərəfindən sinql kimi yayımlanmışdır. Buraxılış rəqəmsal formatda, yükləmə və striminq üçün təqdim edilmişdir. 11 aprel 2025-ci ildə isə mahnı MilleniumKidin ilk studiya albomu olan “Dystopie”nin tərkibində dərc olunmuşdur (kataloq nömrəsi: 5021732623089).

Tərzi

Elektron və pop musiqisinin elementlərini birləşdirən mahnı, ürək ağrısı, həsrət və emosional parçalanma kimi mövzuları əhatə edir.

Musiqi videosu

20 oktyabr 2023-cü ildə “Vielleicht vielleicht” mahnısı üçün əvvəlcə vizualayzer yayımlanmışdır. 5 yanvar 2024-cü ildə isə mahnının rəsmi musiqi videosu video-platforma YouTube-da premyera etmişdir. Video Dan Trautweinin rejissorluğu ilə çəkilmiş və 2025-ci ilin oktyabr ayınadək 11,9 milyondan çox baxış toplamışdır.

Kommersiya uğuru

Hit-paradlarda

“Vielleicht vielleicht” mahnısı 12 aprel 2024-cü ildə Almaniya sinql çartlarına 87-ci pillədən daxil olmuş və “Unendlichkeit”dən (avqust 2023) sonra MilleniumKid üçün ikinci, “Unendlichkeit” və “Wegen dir”dən (mart 2024) sonra isə JBS üçün üçüncü çart hiti olmuşdur. 25 iyul 2025-ci ildə sinql ilk dəfə ilk onluğa daxil olaraq 7-ci pilləyə yüksəlmiş və hər iki ifaçı üçün ilk Top-10 hiti statusunu qazanmışdır. Mahnının ən yüksək mövqeyi 12 sentyabr 2025-ci ildə əldə edilmiş və 6-cı pillə olmuşdur.

Mahnı iki ay ərzində ikinci pillədə qərarlaşdıqdan sonra, 2025-ci ilin avqustunda "Breakthrough Artist Charts" siyahısında birinci yerə yüksəlmişdir. 2025-ci ilin sonuna olan yekun nəticələrə əsasən isə mahnı illik sinql çartlarında 18-ci yeri tutmuşdur.

Bundan əlavə, mahnı 2025-ci ilin yazında Avstriya sinql çartlarında 15-ci, İsveçrə sinql çartlarında isə 63-cü pilləyə yüksəlmişdir.

İstinadlar

Kateqoriya:2023-cü ilin mahnıları Kateqoriya:Pop mahnılar Kateqoriya:Alman dilində mahnılar