Kakalos kənd məscidi — Astara rayonunun Kakalos kəndində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Haqqında Kakalos kənd məscidi Kakalos kəndində tikilib. Məscidin tikilmə ili ilə bağlı fikirlər müxtəlifdir. "Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası" kitabında məscidin XIX əsrdə, Aqşin Mistanlının "Cənub bölgəsinin abidələr ensiklopediyası" kitabında isə məscidin 1907-ci ildə tikildiyi qeyd olunub.
Məscidin binası düzbucaqlı formadadır və kərpicdən tikilib. İbadətgahın tutumu 200 nəfərdir. İbadət evinin tağvari formada beş pəncərəsi və dörd qapısı var. İbadət zalının tavanı taxtadan düzəldilib. Məscidin dördguşəli günbəzi var. İbadətgah iki hissəyə ayrılıb: kişilər və qadınlar şöbəsi. Qadınlar şöbəsi iki mərtəbədən ibarətdir.Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Kakalos kənd məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və məscidin binasından anbar kimi istifadə olunub.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Kakalos kənd məscidi dini icması fəaliyyət göstərir. Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Astara rayonunun məscidləri