250px|thumb|Xətai divanı Azərbaycan yazı mədəniyyəti — Azərbaycan mədəniyyətinin tərkib hissəsi. Müxtəlif kitabların və əlyazmaların köçürülməsi, istifadə edilən xəttatlıq və bəzək elementləri bu ənənənin bir hissəsidir.

Tarixi

Yazılı, klassik Azərbaycan türk ədəbiyyatının başlanğıcı monqol işğalından sonrakı dövrə təsadüf edir. XIII–XIV əsrlərdə yaşamış İzzəddin Həsənoğlu Azərbaycan türklərinin ədəbiyyatının banisidir.A. Caferoglu, "Adhari (azeri)", in Encyclopedia of Islam, (new edition), Vol. 1, (Leiden, 1986)

XVIII əsrin ikinci yarısında azərbaycan dili ilk dəfə inzibati müəssisələrdə, xüsusilə Qubalı Fətəli xanın yaratdığı şimal-şərqi birliyin dəftərxanalarında dövlət sənədlərinin, rəsmi yazışmaların dili olmuşdur. Azərbaycan dilində yazılmış sənədlərə 1768-ci ildə Qubalı Fətəli xanın köhnə və yeni Şamaxıya hücumunu xəbər verən sənədi və 1776-cı ildə Qubalı Fətəli xanın Cənubi Dağıstan feodalları ilə imzaladığı sülh sazişini misal göstərmək olar.Сумбатзаде А. С. Азербайджанцы, этногенез и формирование народа. — "Элм", 1990. — 304 с. — ISBN 5-8066-0177-3.

XVIII əsrdə erməni və gürcü aşıqları Azərbaycan aşıq şeirləri və Azərbaycan dastanlarını yaddan çıxartmamaq üçün onları erməni və gürcü yazı sistemi ilə qeydə alırdılar. Belə əlyazmaların bir çoxu hal-hazırda Matenadaranda və Kürdüstan Dövlət Muzeyində qorunur.Sayat Nova [Mətn] /tərt. ed. H. Araslı ; [tərc. ed. Ə. Cəmil [və b.]]. XVIII əsrdə gürcü yazısı ilə yazılmış mətnlərə Sayat Novanın Azərbaycan dilindəki əlyazmaları, Azərbaycan-Osmanlı qarışıq dilindəki İncil əlyazmaları misal göstərilə bilər.É. Á. Csató, B. Isaksson, C Jahani. Linguistic Convergence and Areal Diffusion: Case Studies from Iranian, Semitic and Turkic, Routledge, 2004, p. 228, ISBN 0-415-30804-6.

XIX əsr Azərbaycan yazı mədəniyyətinin inkişaf dövrü olmuşdur. Bu dövrdə Azərbaycan dilindəki kitabların sayı sürətlə artmışdır. Beləliklə, bu dövrün yazı mədəniyyəti və ədəbiyyatı milli şüurun təşəkkül və inkişafında vacib dövr kimi qiymətləndirilir.

Ənənəyə görə, türk (Azərbaycan) dili və türk yazısı ləzgilərin mədəni həyatında hakim mövqe tuturdu. Şərqi süryani dua əlyazmalarındakı türkdilli mətnlərdə də Azərbaycan dilinin xarakteristikaları tapılmışdır.Karlsson, Jonas. (2019). Characteristics of Some Turkic Garshuni Texts Preserved in an 18th Century Chaldean Prayer Book. Intellectual History of the Islamicate World. 7. 247–263. 10.1163/2212943X-00702002.

Türkdilli əlyazma abidələrinin aşkara çıxarılması, qorunması, sistemləşdirilməsi və elmi əsaslarla tədqiqi istiqamətində Əliabbas Müznib, Salman Mümtaz, Həmid Araslı, Mirzağa Quluzadə, Məmmədağa Sultanov, Cahangir Qəhrəmanov, Araz Dadaşzadə, Əzizağa Məmmədov, Şamil Cəmşidov, Məmməd Adilov, Zəminə Hacıyeva, Paşa Kərimov və Nəzakət Məmmədova kimi alimlər nailiyyətlər əldə etmişdir. Müasir dövrdə isə bu ənənə Teymur Kərimli, Azadə Musayeva, Möhsün Nağısoylu, Raqub Kərimov, Əkrəm Bağırov, Nailə Səmədova, Əli Əliyev və Aybəniz Rəhimova kimi tədqiqatçılar tərəfindən davam etdirilir.

Azərbaycan ədəbiyyatşünası Salman Mümtaz klassik ədəbiyyat əlyazmaları kolleksiyaçısı idi. Əlyazmaları toplamaq üçün o, bəzən qızıl verir, bəzən minnətdarlığını bildirmək kifayət edir, bəzən də "kitab verənə bir əl, qaytarana iki əl verilir" zarafatı edərək bütün Azərbaycanı gəzib dolaşırdı. Salman Mümtaz hətta qiymətli qədim kitabları axtararaq Dağıstan, Gürcüstan, Ermənistan, Rusiya və Orta Asiyaya səyahət etmişdi. Məsələn, Salman Mümtaz İsmayıl bəy Qutqaşınlının "Rəşid bəy və Səadət xanım" əsərini əldə etmək üçün Vladiqafqaza qədər gedib çıxmışdı.Tahirzadə, 2002, с. 8–9. Onun kitabxanası qədim əlyazmalarla zənginliyinə görə, Əbdülqəni Nuxəvinin kitabxanası və Tərbiyət kitabxanası ilə müqayisə edilirdi.Tahirzadə, 2002, с. 9. Salman Mümtaz repressiya qurbanı olmuş, kitabxanası sovet dövründə yandırılmışdır.Tahirzadə, 2002, с. 10.

Əlyazmaların xüsusiyyətləri

Başlıqlar thumb|right|200px|Şəbüstərinin "Gülşəni-raz" əsərinin Azərbaycan dilinə tərcüməsi (XV əsrdə Şeyx Əlvan Şirazi tərəfindən tərcümə edilmişdir) Başlıqlar əlyazma kitablarında adətən, mətndən fərqli olan, ayrı xətt növü ilə, qırmızı, göy, qızılı mürəkkəblə yazılır. Buna nümunə olaraq, Rəhməti Təbrizinin divanı köçürülmüş B-143 şifrli əlyazma (AMEA Əlyazmalar İnstitutunda) göstərilə bilər. Başlıqların yazılmasında nəsx və süls xətləri istifadə olunur və bu əlyazmanın bədii tərtibatını gözəlləşdirir. Başlıq və yarımbaşlıqların yazılmasında "fəsil", "bab", "qitə" sözlərindən istifadə olunur. Əsərin adı və müəllifini mətndən ayrı göstərmək üçün, katiblər onu qırmızı mürəkkəblə yazırlar. AMEA Əlyazmalar İnstitutunda A-373 şifrli əlyazma kitabının başlanğıcı belə yazılmışdır: Dibaçəyi-Leyli və Məcnun Mövlana Füzuli Bağdadi əleyhə ər-rəhim. Bütöv olan əlyazma kitabları digər Şərq kitablarında olduğu kimi bəsmələ ilə başlayır.

Azərbaycan türkcəsində yazılmış əlyazma kitablarında başlıqların əksər hissəsi ərəb və fars dillərində yazılmışdır. Buna daha çox poetik kitablarda rast gəlinir. İbrahim Həqqinin divanı (M-28) və Məhəmməd bəy Xaqaninin "Hədisi-ərbəin" (B-2873) əsərləri Azərbaycan dilində yazılmışdır, ancaq başlıqları da Azərbaycan dilində verilmişdir. Əhmədi Təbrizinin "Əsrarnamə" əsərinin (B-1236) başlıqları isə fars dilində verilmişdir. Bunun səbəbi odur ki, tərcümə kitablarında başlıqlar əsərin orijinal dili olan fars və ərəb dillərində saxlanılır, əsərin özü isə Azərbaycan dilinə tərcümə edilirdi. Daha sonra bu ənənəyə çevrilmiş, Azərbaycan dilindəki orijinal əsərlərdə də başlıqlar fars və ərəb dillərində verilmişdir.

Seçdirmələr Katiblər bir sözü, birləşməni və rəqəmi oxucunun diqqətinə çatdırmaq üçün onun əsas mətnindən fərqli mürəkkəblə yazırdılar. Bu seçdirmələr riyaziyyat, dilçilik və başqa elm sahələrinə aid əlyazmalarda daha çox istifadə olunur. AMEA Əlyazmalar İnstitutunda saxlanılan B-3191 nömrəli əlyazmada seçdirmələr qırmızı rəngdə yazılmışdır.

Seçdirmələr həm də mətndə yanlışlıq olduğu vaxt istifadə olunur. B-3675 şifrli Füzuli divan əlyazmasında əsərin köçürülmə tarixi katibin səhvi nəticəsində pozulmuşdur. Ona görə də katib "1110" yazısını bir az aralıda, qırmızı mürəkkəblə göstərmişdir.

Sütunlar 200px|thumb|right|Qövsi Təbrizinin əlyazması Elmi və nəsr əsərlər sətirboyu bir sütunda, poetik əsərlər isə iki və daha çox sütunda əlyazmalarda yazılır. XVII əsrə aid poetik Azərbaycan əsərləri əsasən iki sütunludur. Əsərin janrı və köçürülmə tarixi də sütunların sayında rol oynayır.

Ümumiyyətlə, sütunların sayı erkən orta əsrlərdə çox, sonuncu əsrlərdə isə azdır. XVII əsrdən əvvəlki əlyazma nümunələrində daha çox sütun olmuşdur. Daha sonra isə poetik əlyazmalarda sütun sayı səkkizdən ikiyə qədər azalmışdır. XVII əsrə aid ikisütunlu əlyazmalarda mənzumələr, məsnəvilər, divanlar köçürülmüşdür. Divanların köçürülməsi digər poetik əsərlərdən ona görə fərqlənir ki, qəzəllərin son beyti iki sütunun tən ortasında yazılır.

Poetik əsərlər əlyazmaya köçürüləndə birinci misra sağda, ikincisi solda yazılır, beləliklə, iki sütun formasını alır. Bəzi sütunlar üfüqi yox, diaqonal istiqamətdə, ya da səhifə sütunlar tamamlandıqdan sonra, artıq qalan misra solda və ya sağda, şaquli istiqamətdə yazılır. Məsələn, Mahmud Əfəndi Baqinin qəzəlləri (AMEA Əlyazmalar İnstitutu, A-462 əlyazması) diaqonal istiqamətdə köçürülmüşdür. Sütunların köçürülməsində dəqiq bir qayda olmadığı üçün, katiblər müxtəlif istiqamətlərdə yazmış, işlərində sərbəst olduqlarını göstərmişdilər.

Rəngləmə XVII əsrə aid poetik əlyazmalarda vərəqlərin rənglənməsinə rast gəlinir. AMEA Əlyazmalar İnstitutunda saxlanılan Füzulinin divanı və "Leyli və Məcnun" əsəri rənglənmiş şəkildədir. Vərəqlərin rənglənməsində ardıcıl bir prinsip yoxdur. Əlyazma kitablarında vərəqlər arabir və ya on, on beş vərəq ardıcıl sarımtıl, qırmızımtıl rəngdə rənglənir. Ardıcıl və ya arabir olaraq, açıq qırmızı, açıq göy, açıq yaşıl, açıq sarı rəngdə vərəqlərin boyanması kitablara estetik gözəllik verir. Belə rəngli vərəqlər ağ, parlaq rəngli vərəqlərin arasında yerləşir ki, oxucunu yormasın.

Rəng üçün xına, zəfəran, müxtəlif bitki və ağaclardan istifadə edilir. Vərəqlər kağız hazırlanandan sonra, kraxmallanıb pardaxlanarkən boyanır.

Əlyazmaların bədii tərtibatları

Xəttatlıq

300px|thumb|right|Əfsəhəddin Hidayətullah divanı XIX əsr Azərbaycan əlyazmalarının köçürülməsində nəstəliq-şikəstə yazı növü böyük rol oynayırdı. Azərbaycanın şimal əyalətlərindəki əlyazmalara Dağıstan xətt üslubu təsir etmişdir. Kitab çapının XIX əsrdə yayılmasına baxmayaraq, XX əsrin 20-ci illərinə qədər əlyazma ənənələrinin müəyyən elementləri saxlanmışdır. Orta əsrlərdə daha çox nəfis tərtibatlı əlyazmalar hazırlanırdı, XIX əsrdə isə belə əlyazmaların sayı bir neçə dəfə azalmışdır. Bu zaman əsas diqqət kitabların köçürülməsi və yayılmasına verilirdi, əlyazmalar şagirdlər tərəfindən köçürülürdü.

XIX əsr əlyazmalarında bir neçə xətt növündən istifadə edilməsi müşahidə edilir. Nəstəliq xəttinə nəsx və şikəstə xətt nümunələri əlavə edilirdi. Belə hallara həm fars, həm də ərəb və türkdilli əlyazmalarda rast gəlinir. Azərbaycanda hazırlanmış, ərəb və fars dillərindən birlikdə istifadə edən əlyazmalarda fars dilindəki mətn nəstəliq, ərəb dilindəki mətn isə nəxs xətti ilə yazılırdı. Bu ənənə orta əsrlərdən XX əsrə qədər davam etmişdir.

Ərəbdilli Azərbaycan əlyazmaları əsasən nəstəliq və nəsx xətləri ilə, qismən divani, rüqə və süls xətləri ilə yazılmışdır. Türkdilli (azərbaycandilli əlyazmalar daxil olmaqla) əlyazmalar əsasən nəstəliq və nəstəliq-şikəstə xətlərindən istifadə edilərək yazılırdı, nəsx xəttindən nadir hallarda istifadə edilirdi. Kalliqrafik, bədii üslubların istifadə edildiyi XIX əsr əlyazmalarına Nəbati Əbdülqasım Məcnunşah Qaracadağinin divanı (1882), Məhəmməd Füzulinin "Hədiqətüs-süəda"sı (1816), Mülqəhat-i Dərbəndnamə, Gülşən-i Qüdsü və s. daxildir.

Miniatür sənəti

300px|thumb|right|Yeddi başlı əjdaha və cadugər. Qəhrəmannamə XIX əsrin məşhur miniatüristləri Əvəzəli ("Kəlilə və Dimnə", 1809), Mirzə Əliqulu ("Şahnamə", 1850), Nəcəfqulu Şamaxılıdır ("Yusif və Züleyxa", 1887). Mirzə Qədim İrəvani, Əvəzəli, Nəcəfqulu və Mir Möhsün Nəvvabın əsərlərində klassik miniatür ənənələri ilə Avropa realizminin vəhdət təşkil etməsi müşahidə edilir.

AMEA Əlyazmalar İnstitutunda iki ədəd, Azərbaycan dilində "Kəlilə və Dimnə" əlyazması mövcuddur. Biri Əvəzəli ibn Səfiquluya məxsusdur, digəri isə İran Azərbaycanında yaradılmışdır. Hər iki əsər "Ənvəri-Süxeyli"dən tərcümə edilmişdir, miniatürlərlə zəngindir. İran Azərbaycanında yaradılmış, azərbaycandilli "Kəlilə və Dimnə" əlyazmasının miniatürləri sənət baxımından daha güclüdür. Əvəzəlinin əlyazmasında 118 miniatür vardır.Çınarcı, Yrd. Doç. Dr. Mehmet Nuri. "BAKÜ EL YAZMALARI ENSTİTÜSÜ’NDEKİ TÜRKÇE EL YAZMALARI-I (HALK EDEBİYATI NUMUNELERİ)". Türklük Bilimi Araştırmaları, sy. 36, 2015, ss. 33–60, doi:10.17133/tba.77362. 1829-cu ildə Əsədullah ibn Ağa Hadi tərəfindən köçürülmüş "Nuşafərin və Gövhərtac" əsərinin miniatürləri Usta Qənbər Qarabaği tərəfindən çəkilmişdir. Əsərin 23 miniatürü var. "Sultan İbrahimin tac qoyma mərasimi", "İbrahimin Nuşafərinlə görüşmək üçün Suriyaya gəlişi", "Nuşafərinin Sultan İbrahimlə ilk tanışlığı" kimi əsər miniatürləri xüsusilə fərqlənir.

Xurşidbanu Natəvanın AMEA Əlyazmalar İnstitutunda "Gül dəftəri" saxlanılır. Buradakı rəsmlər Natəvanın rəssam-miniatürçü olduğunun, gözəl əl qabiliyyətinə malik olduğunun bir sübutudur. Albomdakı şeirlər məzmunla bağlı mənzərələrlə, quş, heyvan, gül və digər təbii təsvirlərlə birlikdə verilmişdir. Miniatür mənzərələr, xüsusilə Bakıya bənzər dəniz sahili real üslubda çəkilmişdir.