Almaz Mahmud (Nəsibova) — azərbaycanlı media eksperti, jurnalist, filologiya üzrə fəlsəfə doktoru, direktor.
Həyatı Nəsibova Almaz Mahmud qızı Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. O, filologiya üzrə fəlsəfə doktorudur və uzun illərdir media və kommunikasiya sahəsində elmi və praktiki fəaliyyət göstərir.
Almaz Mahmud yazıçı-jurnalist İlqar Rəsulun həyat yoldaşıdır. Ailəlidir, bir övladı var.
Fəaliyyəti Almaz Mahmud 1990-cı illərdən etibarən Azərbaycan mediasında çalışır. Müxtəlif illərdə Internews təşkilatının layihələrində, BBC radiosu ilə əməkdaşlıqda, eləcə də İctimai Televiziya və Space TV kanallarında fəaliyyət göstərmişdir.
Sonrakı illərdə Azərbaycan Televiziyasında (AzTV) ictimai-siyasi redaksiyada redaktor vəzifəsində çalışmışdır. 2019-cu ildən AzTV nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında prorektor olmuşdur. 2025-ci ildə Teleradio Akademiyasının rektoru vəzifəsinə təyin edilmişdir.
O, eyni zamanda Media və İnformasiya Savadlılığı Mərkəzinin rəhbəridir və Bakı Dövlət Universitetinin Multimedia və Elektron Kommunikasiya kafedrasında müəllim kimi fəaliyyət göstərir.
Sənədli filmlər Qarsın – Qərbi Azərbaycan yaddaşı — Türkiyənin Qars vilayətində çəkilmiş sənədli film, müəllifi Almaz Mahmud.
Qırmızı nitq: Mən itkinəm, mən əsirəm, mən girovam — Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş sənədli film, ssenari müəllifi Almaz Mahmud.
Zar mağarası: 5 ay 15 gün — 1993-cü il hadisələrinə həsr olunmuş sənədli film, ssenari müəllifi Almaz Mahmud.
Keniya. İqlim qurbanları — iqlim dəyişikliklərinə həsr olunmuş sənədli film; AZTV-nin rəsmi YouTube kanalında yayımlanıb.
Elmi əsərləri Xarici radioların Azərbaycan dilində yayımı: tarix, problemlər və perspektivlər — filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyası, Bakı Dövlət Universiteti, 2014. Media savadlılığı: jurnalistlər üçün — metodik vəsait, 2022.
Almaz Mahmud media, jurnalistika və informasiya savadlılığı sahəsində 20-dən çox elmi və publisistik məqalənin müəllifidir.
Mükafatları Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025) yubiley medalı — 2025.
İstinadlar
Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri