Əbüs-Səadət Məcdəddin əl-Mübarək ibn Əsirəddin Məhəmməd ibn Məhəmməd əş-Şeybani əl-Cəzəri (; ) — ədəbiyyatçı, bioqraf, hədis və təfsir alimi.

Həyatı

Mənşəyi Hicri 544-cü (1149 və ya 1050) ildə Cəzirəti-İbn Ömərdə (indiki Cizrə) anadan olub. Nisbələri "Mövsili" (uzun müddət Mosulda yaşadığı üçün) və "Şeybani"dir (Şeybani qəbiləsinə mənsub olduğu üçün). Atasının ləqəbi Əsir (Əsirəddin) olduğundan o da, "İbn əl-Əsir" etiketi ilə məşhurlaşmışdır. Qardaşları — İzzəddin ilə Ziyəddin ibn əl-Əsir də məşhur alim olmuşlar.

Təhsili İlk təhsilini qardaşları ilə birlikdə Cizrədə almışdır. Hicri 565-ci ildə (1169–1170) ailəsi ilə birlikdə Mosula köçmüşdür. Mosulda əvvəlcə nəhv (qrammatika) sonra ədəbiyyat, hədis və fiqh dərsləri almışdır. Ərəb dili və ədəbiyyatını Əbu Məhəmməd Səid ibn Dəhhan əl-Bağdadi, Əbu Bəkr Yəhya ibn Sədun əl-Məğribi, Əbül-Hərəm Məkki ibn Reyyan ibn Şəbbə əl-Məqdisi kimi alimlərdən öyrənmişdir. Cəmaləddin Əbu Abdullah ibn Səraya, mühəddis və sufi Əbu Yasir Əbdülvəhhəb ibn Hebətullah, İbn Sükeynə, Əbül-Qasım Yaiş ibn Sədəqə əl-Furati və İbn Sədundan müxtəlif hədis kitablarını oxumuşdur. Bundan əlavə, "şeyxül-qurra" adı ilə tanınan İbn Züreyq Mübarək ibn Mübarək ibn Əhmədlə bəzi əsərləri mütaliə edərək həmin əsərləri ondan rəvayət etmək hüququ əldə etmişdir.

Tələbələri Tələbələri arasında isə mənbələrdə adı çəkilməyən oğlu, bütün əsərlərinin rəvayət icazəsini verdiyi İbnül-Qifti, İbn İlalmış, Tacəddin Əbdül-Möhsün ibn Məhəmməd əl-Bəcərbəqi, Əbül-Fəth Şəhabəddin Məhəmməd ibn Mahmud ət-Tusi və Qazıl-qudat Əbu Talib Əli ibn Əli əl-Buxari kimi şəxslər göstərilir.

Fəaliyyəti Məcdəddin İbn əl-Əsir istəkli olmamasına baxmayaraq, Səlcuqlu Atabəyləri dövründə inzibati vəzifələr tutmuşdur. Mosula ilk gəlişində bir müddət Seyfəddin Qazi (II) ibn Mövdud ibn Zənginin xəzinədarlığını və Cəzirəti-İbn Ömər ətrafının divan katibliyini etmişdir. Mosul vəziri Cəlaləddin Əbül-Həsən Əli ibn Mənsur əl-İsfahani tərəfindən divanın baş katibi vəzifəsinə təyin edilmişdir. Əmir Mücahidəddin Qaymazın dövründə və onun həbs edilməsindən sonra Mosul əmiri İzzəddin Məsud ibn Mövdud əl-Atabəginin yaxın ətrafında yer almışdır. Daha sonra İzzəddin Məsudun oğlu Nurəddin Zəngi Arslanşahın yanında olmuş, onlara inşa katibliyi və müşavirlik etmiş, rəsmi yazışmalarda isə sirr katibi dərəcəsinə qədər yüksəlmişdir. Nurəddin Zəngi Arslanşah onu vəzir vəzifəsinə təyin etmək istəsə də, Məcdəddin İbn əl-Əsirin etirazından sonra onu bu vəzifəyə təyin etmək fikirindən daşınmışdır.

Məcdəddin İbn əl-Əsir iflic keçirdiyinə görə əlləri və ayaqları işləməz hala gəlmiş və əsər yaza bilməmişdir. Mosulun kəndlərindən Dərbüd-Dərracda yerləşən geniş torpağında bir ribat tikdirərək bütün mal-mülkünü buraya vəqf etmişdir. Qəsru Hərb adı ilə tanınan bu ribətdə xəstəliyi dövründə tələbələrinin köməyi ilə elmi fəaliyyətini davam etdirmiş və mühüm əsərlərinin bir qismini məhz bu dövrdə qələmə almışdır.

Vəfatı Məcdəddin ibn əl-Əsir hicri 606-cı (1210) ildə vəfat etmiş və ribətdə dəfn edilmişdir. Sonralar bu ribət ziyarətgaha çevrilmişdir.

Əsərləri Əsərlərindən bəziləri bunlardır:

Cəmiul-Üsul li-Əhadis ər-Rəsul. Ən-Nihayə fi qaribil-hədis vəl-Əsər (I–V, Qahirə: 1963). Mənalüt-talib fi şərhi-tivalil-qəraib (Mənal fi şərhi-tivalil-qəraib, Şərhu qəribit-tival Dəməşq-Məkkə-Qahirə: 1980–1983). Əl-Mürəssa fil-əba vəl-ümməhət vəl-bənin vəl-bənat vəl-əzvai-vəz-zəvat. Əş-Şafi Şərhu Müsnədiş-Şafii (əş-Şafil-ay fi şərhi-Müsnədiş-Şafii) (Hindistan: h. q. 1306; Qahirə: h. q. 1327). Əl-İnsaf fil-cəm bəynəl-Kəşf vəl-Kəşşaf (fi təfsiril-Quran). Əl-Muxtar fi mənaqibil-əxyar. Əs-Sirətün-nəbəviyyə (Dəməşq: 1971). Əl-Bədi fi elmil-Ərəbiyyə (əl-Bədi fi şərhil-füsul, əl-Bədi fin-nəhv).

İstinadlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Əmirlər