Yeni Şuşa məscidi — Şuşa şəhərində inşa olunan məscid.

Tarixi Məscidin təməli 2021-ci il mayın 12-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə qoyulub. Layihə Heydər Əliyev Fondunun və “Paşa Holdinq”in dəstəyi ilə həyata keçirilir.

2025-ci il iyulun 17-də isə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov, 2025-ci il sentyabrın 16-da isə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan məsciddə aparılan tikinti işləri ilə tanış olublar.

Məscidin inşasının 2026-cı ildə yekunlaşdırılması nəzərdə tutulur.

Memarlıq xüsusiyyətləri Yeni Şuşa məscidi Şuşa şəhərinin yuxarı hissəsində inşa edilir və memarlıq həlli rəmzi xarakter daşıyır. Məscidin layihələndirilən ümumi forması 8 rəqəmini xatırladır ki, bu da Şuşanın işğaldan azad edildiyi günü – Zəfər Gününü təcəssüm etdirir. Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzi kimi məscidin iki minarəsinin 11 rəqəmi formasında inşa edilməsi nəzərdə tutulub.

Layihəyə əsasən, məscidin minarələrinin hündürlüyü 72 metr olacaq. Məscidin xarici səthi Şuşanın qədim məscidlərinin minarələrində istifadə olunan həndəsi naxışlarla bəzədiləcək, günbəzi mozaika ilə işlənəcək.

Yeni Şuşa məscidinin layihələndirilməsi azərbaycanlı və italyan memarların birgə iştirakı ilə aparılıb.

Həmçinin bax Azərbaycandakı məscidlərin siyahısı

İstinadlar

Kateqoriya:Şuşa məscidləri Kateqoriya:İkinci Qarabağ müharibəsi sonrası edilən quruculuq işləri