Keshi () — ABŞ müğənni-bəstəkarı; çalğıcı və prodüser. İlk dəfə 2017-də "Over U" mahnısı ilə dinləyicilərin qarşısına çıxıb. Lou-fay və R&B janrlarında işləyir.

2018-ci ildə ilk minialbomu "The Reaper"i təqdim edib. Keshi-nin ilk albomu "Gabriel" 2022-ci ildə, ikinci albomu "Requiem" isə 2024-cü ildə işıq üzü görüb. Hər iki albom ABŞ-nin "Billboard 200" siyahısında ilk otuzluğa daxil olub. Onun üç sinqlı Avstraliya və Kanadada qızıl sertifikat alıb. Musiqisini təbliğ etmək üçün bir neçə dünya turnesinə çıxıb.

Erkən illəri Keysi Tay Luonq 1994-cü ildə Hyustonda (Texas ştatı) Vyetnam mənşəli ailədə doğulub. Uşaqlıq və yeniyetməlik illərini Hyustonun Şuqar-Lend ərazisində keçirib. Valideynlərinin hər ikisi kompüter proqramçısı kimi çalışıb. Asiyalı amerikalıların sıx məskunlaşdığı və müxtəlif etnik qrupların yaşadığı bir məhəllədə böyüməsinə baxmayaraq, uşaqlıq və yeniyetməlik dövründə öz mədəni köklərindən, Vyetnam mədəniyyətindən uzaq düşdüyünü, özünü təcrid olunmuş hiss edib.

Gitara çalmağa olan marağı "Dreyk və Coş" adlı gənclər serialından qaynaqlanıb. İlk addımlarını babasının klassik gitarası və köhnə bir Vyetnam musiqi dərsliyindən istifadə edərək atıb. Heç bir müəllimin köməyi olmadan, tamamilə öz səyi ilə gitaranı mənimsəyib.

Təhsil həyatında da uğurlar qazanıb. Stiven F. Ostin adına orta məktəbi bitirdikdən sonra təhsilini Texas Universitetində davam etdirib və səhiyyə işçisi ixtisası üzrə bakalavr dərəcəsinə yiyələnib. Universiteti bitirdikdən sonra Texas Tibb Mərkəzində onkoloq köməkçisi kimi iki il ərzində xəstələrə qulluq edib.

"Keshi" səhnə adı nişanlısının valideynlərinin ona uşaqlıqda verdiyi ləqəbdir. O və nişanlısı bir-birini beşinci sinifdən tanıyır.

Fəaliyyəti 2017-ci ildə Luonq "Keshi" təxəllüsünü götürüb və "SoundCloud" səhifəsində musiqilərini paylaşmağa başlayıb. İlk sinqlı "Over U" də elə həmin il işıq üzü görüb. Musiqi yazmaq, prodüserlik və səs mühəndisliyi bacarıqlarını "YouTube"dakı təlim videolarından öyrənib. "Reddit"də aylıq musiqi müsabiqəsinə təqdim etdiyi ilk mahnısı "If You're Not the One for Me Who Is" ona kiçik dinləyici kütləsi qazandırıb. 13 noyabr 2018-də "The Reaper"i buraxıb. 2019-cu ildə xəstəxanadakı işindən ayrılıb və "Island Records" ilə müqavilə bağlayıb. 16 iyul 2019-da "Skeletons" minialbomunu təqdim edib və həmin il bu albomun dəstəyi ilə "Skeletons" turuna çıxıb. 24 mart 2020-də "Bandaids" minialbomunu, 23 oktyabr 2020-də isə "Always" minialbomunu yayımlayıb.

İlk studiya albomunu - "Gabriel"i 2022-ci il martın 25-də təqdim edib. Albomun təqdimatı çərçivəsində 2022-ci ildə dünya turnesi - "Hell/Heaven Tour"a çıxıb. 2023-cü ildə Deb Never, Veston Esteyt, No Roum və Ceyms Ayvi ilə birgə "Hell & Back Tour" dünya turnesini gerçəkləşdirib. Həmin il Asiya ölkələrini əhatə edən "Epilogue Tour"u da keçirib. İkinci studiya albomu "Requiem"i 2024-cü il sentyabrın 13-də təqdim edib. Bu albom "Gabriel"in buraxılışından az əvvəl dünyasını dəyişən dostu və həmkarı Sebastian Sdaigui-nin xatirəsinə həsr olunub. 2024-2025-ci illərdə Mak Ayres, Boylayf və Starfoll ilə birgə albomun təqdimatı çərçivəsində "Requiem World Tour"a çıxıb.

Təsirlər Keshi öz musiqi təsirlənmələri arasında Con Meyer, Frenk Ouşen, "The 1975" qrupu, Dreyk, Brayson Tiller, "Queen" qrupu, Maykl Cekson və Nik Dreykin adlarını çəkib.

Diskoqrafiya Studiya albomları Gabriel (2022) Requiem (2024)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ müğənniləri