Orb: On the Movements of the Earth, Yaponiyada tanınan adı ilə – Uoto tərəfindən yazılmış və illüstrasiya olunmuş manqa seriyası. 2020-ci ilin sentyabrından 2022-ci ilin aprelinə qədər "Shogakukan" nəşriyyatının "Weekly Big Comic Spirits" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 8 tankobon cildi buraxılmışdır. Manqa seriyasında hadisələr XV əsrin Avropasında baş verir. Katolik kilsəsi Yerin Günəş ətrafında fırlandığını bildirən heliosentrizm nəzəriyyəsini müdafiə edən hər kəsi təqib edir və cəzalandırır. Bir qrup alim öz həyatlarını riskə ataraq gizlicə bu nəzəriyyəni sübut etməyə və digərlərinə ötürməyə çalışır.

"Madhouse" studiyası tərəfindən çəkilmiş anime serialı adaptasiyası 2024-cü ilin oktyabrından 2025-ci ilin martına qədər yayımlanmışdır. Manqa seriyası 2022-ci ildə Tezuka Osamu Mədəniyyət Mükafatının, 2023-cü ildə ən yaxşı komiks kateqoriyası üzrə Seyun Mükafatının qalibi olmuşdur.

Məzmun XV əsr Avropasında kilsə informasiyaya ciddi nəzarət edir və onların təliminə qarşı gələn hər kəsi ölümlə cəzalandırır. Dahi uşaq adlandırılan Rafalın astronomiyaya böyük marağı olsa da, ögey atası Potoçki onun teologiya təhsili almasını istəyir. Lakin Rafalın həyatı Kilsə tərəfindən bidətçi elan olunmuş Hubert adlı bir alimin Yerin hərəkətləri haqqında araşdırmasına kömək etməsindən dəyişir. Rafal əvvəlcə onun nəzəriyyəsinə şübhə ilə yanaşsa da, öz hesablamaları ilə heliosentrik modelin doğruluğunu təsdiqləyir. Lakin onların gizli araşdırması inkvizitor Novak tərəfindən kəşf edilir. Hubert özünü fəda edərək günahı üzərinə götürür, nəticədə, edam olunur. Rafal araşdırmasına gizlicə davam etsə də, Potoçki bunu etməməsi barədə onu xəbərdar edir. Rafal araşdırmasına davam edəcəyini bildirəndə Potoçki onu Novaka bildirir. Məhkəmə zamanı Rafal geri çəkilməkdən imtina edir və ölümə məhkum edilir. O, edamdan öncə xaşxaş toxumları ilə intihar edir və bədəni yandırılır.

On il sonra duelçilər Okçi və Qras bir bidətçinin nəqlində mühafizəçi qismində iştirak edirlər. Onları Novak da müşayiət edir. Həvəskar astronom olan Qras Marsın hərəkətlərini qeydə almaqla məşğuldur və onun bir dövrünün tamamlanmasını gözləyir. Lakin Mars gözlənilmədən geriyə doğru hərəkət edir və Qras əsəbləşir. Müşayiət etdikləri kafir astronomik araşdırmanın saxlanıldığı qutunun yerini onlara bildirir və ölməzdən öncə Okçiyə boyunbağısını verir. Okçi və Qras qutunu tapırlar, lakin Qras körpünün uçması nəticəsində ölür. Okçi rütbəsi aşağı salınmış rahib olan Badenidən kömək istəyir, o isə Qrasın müşahidələrinə davam edəcəyi müddətdə qutudakıları araşdırmağa razı olur. Onlar heliosentrizm haqqında araşdırmanı kəşf edirlər və onlara kömək edəcək alimlər axtarırlar. Bir alimin köməkçisi olan Yolenta və Ptolemey modelin araşdırmaçısı Piastdan kömək istəyirlər. Piastın ölümündən sonra Badeni nəzəriyyəni tamamlayır, lakin Novak onların gizli araşdırmasını kəşf edir. Badeni və Okçi edam olunurlar. Novakın qızı olduğu məlum olan Yolenta bir inkvizitor tərəfindən sorğulanır və ölmüş kimi təqdim olunur. Badeninin kilsə keşişi onun Okçinin gündəliyini evsizlərin başına köçürdüyünü kəşf edir.

İyirmi beş il sonra Bidətçilərin Azadlığı Qüvvələrinin kapitanı Şmidt Yolentanın əmri əsasında Okçinin kitabını ələ keçirir. Qaraçı qadın olan Draka kitabı tapır və yandırır, nəşr prosesində iştirak etmək üçün kitabın məzmununu Yolentaya çatdırır. Novakın qüvvələri hücum edəndə Yolenta özünü fəda edir, Draka və Şmidtin qaçması üçün şərait yaradır. Şmidtin qrupu xəyanətə məruz qalır və onlar Drakanın yepiskop Antoniyə çatması üçün özlərini fəda edirlər. Draka heliosentrik nəzəriyyənin nəşri üçün Antonini razı sala bilir, lakin Novak müdaxilə edərək Antonini öldürür və kilsəni yandırır. Draka ölümcül yaralansa da, Novakı da ağır yaralaya bilir. Novak son anlarında Rafalın xəyalını görür və hekayədəki rolunun heliosentrizmin baş düşməni olduğunu dərk edir. Draka ölməzdən öncə göyərçinlə bir məktub göndərir.

1468-ci ildə bir çörəkçinin köməkçisi olan Albert Brudzevski universitetə daxil olmaqdan imtina edir, lakin bir rahib onun fikrini dəyişə bilir. Belə ki, Albert uşaq olanda astronomiyanı sevirdi və müşahidələrini atası ilə bölüşürdü. Atası onu fanatik alim Rafal ilə tanış etmişdi. Rafal Alberti alimlərin yığıncağına aparmış, lakin qadağan olunmuş tədqiqatına dəstək olmadığı üçün Albertin atasını öldürmüşdü. Rafal yaxalanmış və Albert astronomiyadan uzaqlaşmışdı. Rahiblə söhbətindən sonra Albert universitetə daxil olur. Bu zaman Drakanın məktubu Potoçkinin keçmiş ünvanına çatdırılır və Albert bundan təsirlənərək heliosentrizmi tədqiq etməyə başlayır. İyirmi il universitetdə dərs dedikdən sonra 1482-ci ildə bir astronomiya dərsliyi haqqında təfsir yazır, 1491-ci ildə gənc Nikolay Kopernik kimi alimlərə təsir göstərir.

İstehsal thumb|Uoto bir müsahibəsində Novak personajını yaradərkən Adolf Eyxmandan və bədxahlığının bayağılığı konsepsiyasından təsirləndiyini bildirmişdir.|230px Manqa Uoto 2019-cu ildə idman mövzusundakı "100 Meters" manqasını bitirəndən sonra tamamilə fərqli bir üslubda olan bir manqa yaratmaq istəmişdir. O, bir müsahibəsində bildirmişdir ki, məktəb illərindən etibarən zorakılıq və intellektuallıq arasındakı münasibətlər haqqında düşünürdü və bu mövzuda manqa yaratmaq qərarına gəlmişdir. Bir neçə mövzunu araşdırdıqdan sonra heliosentrizm mövzusunu seçmişdir. O, mövzunu araşdırarkən əslində heliosentrizmi müdafiə edənlərin göstərildiyi qədər təzyiqlərə məruz qalmadıqlarını, bu faktın sadəcə şişirdildiyini görmüşdür. Buna baxmayaraq, o, manqasında yanlış anlaşılma, təhrif və "inanılan şeyin əslində səhv olduğunu dərk etmə" mövzularını işləmək istədiyi üçün bu mövzunun manqasına tam uyğun gəldiyini düşünmüşdür. O, manqasında sadəcə elmi tərifləyib, dini alçaltmaq məqsədində olmadığını bildirmiş, elmi mütləqiyyətçiliyə və obyektivizmə qarşı olan elementlərdən istifadə etmək istədiyini demişdir. Uoto şüursuz şəkildə Yerin düz olduğunu iddia edən nəzəriyyədən təsirləndiyini də açıqlamışdır. O, babasının ölümündən öncə ona "həyatın təsadüfi qarşılaşmalardan ibarət olduğunu" dediyini və bunun ona xeyli təsir göstərdiyini qeyd etmiş, manqasında təsadüfi qarşılaşmaların böyük nəticələrə səbəb olduğunu göstərməyə çalışmışdır.

Uoto Novak personajını yaradarkən Holokostun əsas təşkilatçılarından biri olan Adolf Eyxmandan ilhamlanmış, xüsusilə, Hanna Arendt tərəfindən yazılmış "Yerusəlimdə Eyxman" kitabında təsvir olunan bədxahlığın bayağılığı konsepsiyasından təsirlənmişdir. Hekayəni yazarkən hər şeyin iki tərəfli olduğunu – həm yaxşı, həm də pis tərəflərə malik olduğunu əks etdirməyə çalışmışdır. Manqadakı işgəncə səhnələri üçün "Ushijima the Loan Shark" manqasından təsirlənmişdir.

Anime "Madhouse" prodüseri Oka Tsunenari manqanın birinci cildini oxuyarkən Rafalın edam olunduğu səhnədən şoka düşmüş və bu səhnəni oxuyandan sonra anime adaptasiyasını çəkmək qərarına gəlmişdir. O, xüsusilə, animedə ulduzlu səmanın animasiyasına diqqət yetirmiş, Uoto ilə məsləhətləşərək "Stellarium" proqramından istifadə etmişdir. Uoto Kensuke Uşionun musiqilərini çox sevdiyi üçün onun animenin bəstəkarı olmasını təklif etmişdir. Uotoya ssenarinin bir neçə versiyası təqdim olunsa da, o, ssenariləri oxumamış və istehsalçı heyətin işinə güvənməyə qərar vermişdir.

Media

Manqa "Orb: On the Movements of the Earth" Uoto tərəfindən yazılmış və illüstrasiya olunmuşdur. Manqa seriyası 14 sentyabr 2020-ci ildən 18 aprel 2022-ci ilə qədər "Shogakukan" nəşriyyatının "Weekly Big Comic Spirits" jurnalında serializasiya olunmuşdur. Manqa seriyasının 8 tankobon cildi buraxılmışdır. Birinci cild 11 dekabr 2020-ci ildə, sonuncu – səkkizinci cild 30 iyun 2022-ci ildə buraxılmışdır.

Cild siyahısı

Anime

2022-ci ilin iyununda anime adaptasiyası anons edilmişdir. "Madhouse" studiyası tərəfindən çəkilmiş anime serialının rejissoru Keniçi Şimizu, ssenaristi Şinqo İrie, personaj dizayneri Masanori Şino, səs rejissoru Kisuke Koizumi və bəstəkarı Kensuke Uşiodur. Anime serialı 5 oktyabr 2024-cü ildən 15 aprel 2025-ci ilə qədər NHK General TV kanalı vasitəsilə yayımlanmış və 25 seriya davam etmişdir. Animenin ilk iki seriyası eyni gündə yayımlanmışdır. Açılış mahnısı "Sakanaction" qrupu tərəfindən ifa olunan mahnısı, bağlanış mahnıları "Yorushika" qrupu tərəfindən ifa olunan və mahnılarıdır. Anime "Netflix" və "ABEMA" tərəfindən lisenziyalaşdırılmışdır.

Teatr tamaşası Manqa seriyasına əsaslanan teatr tamaşasının premyerası 8 oktyabr 2025-ci ildə Tokio Yeni Milli Teatrında baş tutmuş və 26 oktyabra qədər davam etmişdir. Teatr tamaşasının rəsmi tanıtım mahnısı PK shampoo tərəfindən ifa olunan mahnısıdır. Tamaşada Okçi rolunu Masataka Kubota, Yolenta rolunu Toko Miura, Qras rolunu Yusuke Onuki, Draka rolunu Sakura Yoşiyanaqi, Antoni rolunu Mitsuru Fukikoşi, Badeni rolunu Sonha və Novak rolunu Miray Moriyama canlandırmışdır. Rafal rolu iki aktyor – Osuke Ono və Suehiro Komay tərəfindən ifa olunmuşdur.

Qəbul Manqa seriyası 2022-ci ildə Tezuka Osami Mədəniyyət Mükafatının əsas qalibi olmuş, beləcə, Uoto bu mükafatı qazanan ən gənc şəxs olmuşdur. Manqa 2023-cü ildə ən yaxşı komiks kateqoriyası üzrə Seyun Mükafatına layiq görülmüşdür.

Qeydlər

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2020-ci ilin manqaları Kateqoriya:2024-cü ilin anime serialları Kateqoriya:Manqalara əsaslanan anime serialları Kateqoriya:Tarixi anime və manqalar Kateqoriya:Müəmma anime və manqaları Kateqoriya:Elmi fantastika anime və manqaları Kateqoriya:Netflix orijinal animeləri Kateqoriya:NHK verilişləri Kateqoriya:Seynen manqaları Kateqoriya:Shogakukan manqaları Kateqoriya:Seven Seas Entertainment komiks başlıqları