Həsən Riyazi () — azərbaycanlı şair, jurnalist, tərcüməçi və həkim. Tehranda fəaliyyət göstərən azərbaycanlı şair və yazıçıların toplandığı "Arzu Karvanı", "Həbib Sahir Ədəbiyyat və Mədəniyyət Dərnəyi"nin qurucularındandır. 2003-cü ildən 2021-ci ilə qədər “Azəri” ədəbi dərgisinin baş redaktoru olub.

Həyatı Həsən Riyazi 1959-cu ilin fevral ayında Camalabad kəndində anadan olub. İbtidai məktəbi Heris şəhərində orta məktəbi isə Təbriz şəhərində oxuyub. Orta təhsilini bitirdikdən sonra Tehranda yerləşən İran Tibb Elmləri Universitetində ali təhsil alıb. Təhsilini bitirdikdən sonra onkoloq həkim kimi Tehranda yerləşən “Doktor Şəriəti” xəstəxanasında fəaliyyət göstərib.

1975-ci ildən ədəbi fəaliyyətə başlayıb. Tehranda fəaliyyət göstərən Azərbaycan ədəbi dərnəklərinin təsisçilərindən olub və jurnalistika ilə məşğul olub. İran İslam İnqilabından sonra "Yoldaş" jurnalında yazıları ilə çıxış edib. Daha sonra digər həmkarları ilə birlikdə "Arzu Karvanı" adlı ədəbi dərnək yaradıb. Bu dərnək 1985-ci ilə qədər fəaliyyət göstərib. 1985-ci ildə "Həbib Sahir Ədəbiyyat və Mədəniyyət Dərnəyi"nin qurulmasında iştirak edib və dərnəyin idarə heyətinin üzvü və katibi olub. Tehranda fəaliyyət göstərən "Sabir ədəbi əncüməni" ilə əməkdaşlıq edib. 2003-cü ildən 2021-ci ilə qədər “Azəri” ədəbi dərgisinin baş redaktoru olub. "İldırım" ləqəbi ilə ədəbi fəaliyyət göstərib. “Ana dili – Azərbaycan Türkcəsinin qrammatikası" əsərini yazıb.

Koronavirusa yoluxduqdan sonra 2021-ci il avqustun 19-da Tehranda müalicə aldığı xəstəxanada vəfat edib. Avqustun 20-də Tehranda dəfn olunub.

İstinadlar

Kateqoriya:Sərabda doğulanlar Kateqoriya:Tehranda vəfat edənlər Kateqoriya:Tehranda dəfn olunanlar Kateqoriya:Behişti-Zəhrada dəfn olunanlar