Müqəddəs Məryəm Ananın Tixvin İkonası kilsəsi — 1895-ci ildə Hacıkənd qəsəbəsində tikilmiş pravoslav kilsəsi.
Haqqında Yay aylarında Gəncədəki istilərə dözə bilməyən rus hökümət nümayəndələrinin sərin dağ havasında işləmələrini təmin etmək məqsədilə Gəncədəki hökümət idarələri müvəqqəti olaraq Hacıkəndə köçürülürdü. Bunun üçün Yelizavetpol quberniyasının baş memarı İqnati Krjiştaloviçin planı əsasında 1870-ci illərdə Hacıkənddə yeni idarə binaları tikildi. 1893-cü ildə Yelizavetpol quberniyasının vitse-qubernatoru Qustav Yakobsonun həyat yoldaşı Vera Yakobsonun təşəbbüsü ilə Hacıkənddə Müqəddəs Məryəm Ananın Tixvin İkonası kilsəsinin tikintisinə başlanıldı. Yerli insanların eləcə də Rusiyadan olan xeyriyyəçilərin ianəsi ilə kilsənin binası 2 ilə ərsəyə gəldi. memarı İqnati Krjiştaloviç olan Müqəddəs Məryəm Ananın Tixvin İkonası kilsəsinin açılışı 1895-ci il iyulun 6-da baş tutdu.
Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Müqəddəs Məryəm Ananın Tixvin İkonası kilsəsi də bu dövrdə ibadətə bağlanıb və binasından müxtəlif məqsədlər üçün istifadə olunub.
Azərbaycan müstəqlilliyini yenidən bərpa etdikdən sonra kilsənin binası bərpa olunub. 2018-ci ildən etibarən kilsə binasında 17 saylı kitabxana fəaliyyət göstərir. Memarlığı Kilsə günbəzsizdir və pravoslav memarlığı üslubunda inşa olunub. Qırmızı tuf daşından tikilən kilsənin 4 pəncərəsi və 3 giriş qapısı var. Əsas tağlı giriş qapısının üzərinə rus kiril əlifbası ilə «Храм мой храм молитвы наречетсж» (“Məbəd mənim dua məbədim adlanacaq”) sözləri yazılıb. Qapının üstündə isə kiçik zəng qülləsi yerləşir. Fasadı müxtəlif ornamentlərlə bəzədilmiş kilsənin tavanı taxtadan hazırlanmış ornamentlərlə bəzədilmiş tağların üzərində dayanıb. Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:1897-ci ildə tamamlanmış kilsələr Kateqoriya:Azərbaycanda Rus Pravoslav Kilsəsi