Müqəddəs Məryəmin Himayəsi kilsəsi — Quba rayonunun Hacıhüseynli kəndində 1897-ci ildə tikilmiş kilsə və tarix memarlıq abidəsi.
Kilsə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Tarixi Kilsənin tikildiyi kənd 1892-ci ilə qədər Hacıhüseynli kəndi adlanıb. 1891-ci ildə kəndin yerli türk əhalisi köçürülüb və onların yerinə əraziyə ruslar yerləşdiriliblər. Daha sonra isə kəndin adı dəyişdirilərək Bakı qubernatoru Vladimir Roggenin həyat yoldaşının şərəfinə Yelenovka adlandırılıb. Eyni dövrdə ətraf ərazilərdə başqa 3 rus kəndi də salınıb. Yeni köçürülən rusların istəyi ilə Yelenovka kəndində kilsənin tikilməsi ilə bağlı qərar qəbul olunub. Tikinti üçün Rus imperiyasının Daxili İşlər Nazirliyi vəsait ayırıb. Kilsənin memarı mühəndis Pavel Koqnovitski, podratçısı isə Mir İsmayıl Mirzəyev olub. Kilsənin tikintisi 1897-ci ildə yekunlaşıb, və avqustun 10-da protoierey Aleksandr Yunitski tərəfindən kilsə təqdis olunub. Kilsədə ibadət edənlər əsasən Yelenovka, Aleksandrovka, Petropavlovka və Borispol kəndlərinin sakinləri olublar.
Sovet işğalından sonra Azərbaycanda 1928-ci ildə rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Müqəddəs Məryəm Ananın Dua Örpəyi Kilsəsi də bu dövrdə ibadətə bağlanıb və kilsənin binasından anbar kimi istifadə olunub.
Azərbaycan müstəqlilliyini yenidən bərpa etdikdən sonra kilsə binası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Kilsə istifadə olunmadığı üçün baxımsız vəziyyətdədir.
Memarlığı Bişmiş kərpicdən tikilmiş kilsənin bünövrəsi daşdandır. Binanın ümumi uzunluğu 9 sajen (19.2 metr), eni isə 4.5 sajendir (9.6 metr). Kilsənin ümumilikdə 10 pəncərəsi və 5 qapısı var. Qapılardan biri əsas giriş üçündür. Digər qapılar isə daha kiçikdirlər və binanın yan tərəflərində yerləşirlər. Qapı və pəncərələr ağ boya ilə rənglənib, pəncərələrə dəmir barmaqlıqlar quraşdırılıb. Kilsənin damı dəmir təbəqə ilə örtülüb və mis tərkibli boya ilə rənglənib. Damın üstündə isə qızıl suyuna salınmış 2 dəmir xaç quraşdırılıb. Hündürlüyü 7 sajen (14.9 metr) olan kilsənin zəng qülləsi giriş zalının üzərində yerləşir.
Şəkilləri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Quba rayonunun abidələri Kateqoriya:Azərbaycanda qeydiyyata alınmış yerli əhəmiyyətli memarlıq abidələri Kateqoriya:Azərbaycanda Rus Pravoslav Kilsəsi Kateqoriya:1897-ci ildə tamamlanmış kilsələr