Əbu Abdillah İkrimə ibn Abdullah əl-Bərbəri əl-Mədəni (; ) — tabiin nəslinə mənsub olan təfsir alimi. O, Abdullah ibn Abbasın mövlası olub.

Bioqrafiyası Hicri 21-ci (642) ildə dünyaya gəldiyi güman olunur. Əslən məğribli və bərbəri olub, nisbələri "Qureyşi" və "Haşimi"dir. O, Bəsrə valisi olan Abdullah ibn Abbasa Hüseyn ibn Əbül-Hur əl-Ənbəri tərəfindən hədiyyə olunmuşdur. İbn Abbasın ölümündən sonra oğlu Əli, İkriməni Xalid ibn I Yezidə 4000 dinara satır. İkrimə ona "sən atanın elmini satdın" deyərək sitəm edir. Bu sözlərdən sonra Əli sövdələşməni ləğv edərək İkriməni azad edir.

Abdullah ibn Abbas İkriməyə Quran, fiqh və sünnəni öyrətmək üçün xüsusi səy göstərmişdir. İkrimənin dediyinə görə təhsili 40 il davam etmiş və dərslərini yaxşı öyrənməsi üçün bəzən Abdullah tərəfindən ayağından bağlanmışdır. Rəvayət etdiyi hədislərin çoxunu səhabə nəslindən nəql edən İkrimə, başda Abdullah ibn Abbas olmaqla Həsən ibn Əli, Uqbə ibn Amir əl-Cühəni, Aişə, Əbu Hüreyrə, Abdullah ibn Əmr, Əbu Səid əl-Xudri, Abdullah ibn Ömər, Əli ibn Əbu Talib, Cabir ibn Abdullahdan hədis rəvayət etmişdir. Zəhəbi "Təzkirətül-huffaz"ında onun Əlidən rəvayətini mümkün hesab etmiş, Nəsainin "əs-Sünən"indəki həmin rəvayətini mürsəl olduğuna eham vurmuşdur. İkrimədən yetmişdən çoxu tabiin olmaqla, müxtəlif yerlərdən 300 nəfər hədis rəvayət etmişdir. Bunlara İbrahim ən-Nəxaini, Amir əş-Şəbini, Qətadəni, Zöhrini, Amr ibn Dinarı, Asim ibn Bəhdələni, Əyyub əs-Səxtiyanini və Əməşi misal göstərmək olar. Abdullah ibn Abbas, İkrimənin elmdə püxtələşdiyini gördükdə onu xalqa fətva vermək vəzifəsinə təyin etmişdir.

Həyatının son dövrlərində Mədinə rəhbərliyi tərəfindən axtarıldığı üçün Davud ibn Hüseyn əl-Mədəninin evində gizlənmiş və hicri 105-ci (723) ildə orada da vəfat etmişdir.

Təfsir və hədis elmlərindəki yeri Qətadə və Səllam ibn Miskin təfsiri ən yaxşı bilən şəxsin İkrimə olduğunu deyiblər. Abbas ibn Musab əl-Mərvəzi İbn Abbasın tələbələri arasında təfsirdə İkrimənin ən qabaqcılı olduğunu qeyd etmişdir. Əbu Hətim ər-Razi də İkrimə haqqında eyni fikirləri söyləmişdir. İkrimənin Bəsrədə olduğu vaxtlarda Həsən əl-Bəsrinin təfsir dərslərindən və fətva verməkdən imtina etdiyi bildirilmişdir. Həmçinin Qətadə o dövrdə siyəri də ən yaxşı İkrimənin bildiyini qeyd etmişdir.

Onun hədis elmindəki yeri haqqında müxtəlif dəyərləndirmələr vardır. Əyyub əs-Sixtiyani, Yəhya ibn Main, Əbül-Həsən əl-İcli, Əbu Hətim ər-Razi və Nəsai kimi hədis nəhəngləri onun "siqa" olduğunu söyləyiblər. Əhməd ibn Hənbəl İkrimənin rəvayət etdiyi hədislərdən dəlil olaraq istifadə edilə biləcəyini vurğulamışdır. Buxari də ətrafındakıların və eləcə də dostlarının İkrimənim rəvayət etdiyi hədislərə etibar etdiklərini demişdir.

Buna qarşılıq olaraq, Malikin İkriməni etibarlı (siqa) saymadığı və ondan hədis alınmamasını istədiyi irəli sürülmüşdür. Yəhya ibn Səid əl-Ənsari və Məhəmməd ibn Sirinin də onu yalançı adlandırdıqları nəql edilmişdir. Lakin Əbu Hətim ər-Raziyə görə, bu iki şəxsin İkriməyə qarşı olmalarının səbəbi ona etimadsızlıq deyil, onun bəzi fikirlərini qəbul etməmələridir. Bu qiymətləndirmələr sonrakı dövrlərdə də hədis mütəxəssisləri tərəfindən müzakirə olunmuşdur. İbn Hibban və İbn Ədi bildirmişlər ki, hədis imamları heç bir tərəddüd etmədən İkrimədən hədis rəvayət etmiş, səhih hədisləri toplayan müəlliflər onun rəvayətlərini əsərlərinə daxil etmişlərdir. Zəhəbi isə İkrimənin elmdəki şəxsiyyətinə işarə etdikdən sonra qeyd edir ki, o, yaddaşı səbəbilə deyil, bəzi görüşlərinə görə tənqid olunmuş, xəvaric görüşlərini mənimsəməkdə ittiham edilmişdir. Yekun olaraq, Malik ibn Ənəs istisna olmaqla ümumilikdə bütün hədis müxətəssirləri onu "siqa" hesab etmiş, "Kütübi-Sittə" müəllifləri başqa olmaqla İkrimənin rəvayətlərinə öz əsərlərdə yer vermişlər: təkcə Buxari "əl-Cəmius-səhih"ində İkrimənin 139 rəvayətini nəql etmişdir.

İrsi və mirası İbn Cərir ət-Təbəri, Munziri və İbn Məndə onun haqqında risalə və kitab qələmə almış, Məzruk ibn Həyyas isə doktorluq dissertasiyası yazmışdır.

Əsərləri Əbu Nuaym əl-İsfahani yazdığı bir rəvayətə görə İkrimə, Quranı bütünlükdə təfsir etmişdir. İbn ən-Nədimin də ona nisbət etdiyi "Təfsiru İkrimə" adlı əsəri ilə bunu təsdiqləsə də, əsərin dövrümüzə çatdığı haqqında heç bir məlumata rast gəlinməmişdir.

İstinadlar Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Tabiinlər Kateqoriya:Quran tərcüməçiləri Kateqoriya:Səhabələr Kateqoriya:İslam tərcümeyi-halı