XI əsrə qədər Cənubi Qafqaz və tarixi Azərbaycan ərazisində hun və türk fəaliyyəti — hun və türk tayfalarının (xəzərlər, sabir türkləri və s.) və dövlətlərinin (Şimali Qafqaz hunları, Göytürk xaqanlığı, Xəzər xaqanlığı) Cənubi Qafqaza və tarixi Azərbaycana etdikləri yürüşlər, buralar ilə ticarət və mədəniyyət əlaqələri, buralarda məskunlaşması daxildir.
Tarixi
Erkən hun və türk yürüşləri
Şimali Qafqazda tarixən sabir, bulqar, avar, xəzər, abdel, eftalit, saraqur (sirurqur), onoqur (auanqur) kimi köçəri tayfalar yaşamışdır. Bu xalqların Hun-bulqar birliyi, sabir idarəçiliyindəki hərbi-siyasi birliyi mövcud olmuşdur. Azərbaycanlıların tarixi məskunlaşma ərazilərinə türklərin gəlişi hunların dövründə başlamış və daha sonra da türk köçləri davam etmişdir. Türk köçərilərinin daimi bir şəkildə bölgəyə təzyiqi Xəzər xaqanlığı dövrü üçün xarakterik idi, baxmayaraq ki, o dövrdə salınmış daimi türk məskənləri haqqında birmənalı məlumatlar yoxdur. Sasani dövləti şərqdə eftalitlər və türklərə qarşı, şimalda hunlar və xəzərlərə qarşı müharibələrdə qafqaz albanlarını istifadə edirdilər.Тревер, 1959, с. 237.
Hunlar, sabirlər və xəzərlərin Albaniyaya səfərləri və basqınları haqqında erkən orta əsrlərə aid, bir sıra məlumatlar vardır. Hunların Qafqazda mövcudluğu haqqında hələ eramızın II əsrinin II yarısında məlumat verilir. Hunlar Albaniyaya Dərbənd keçidi vasitəsilə III əsrin I yarısında, IV əsrin I yarısında və 395-ci ildə girmişdir. Albaniya, Dərbənd, Şirvan, Muğan və digər bölgələrə edilən hun basqınları V–VI əsrlərdə də davam etmişdir. Hun ordusunda xaylandurlar, bulqarlar, V–VI əsrlərdə isə sabir türkləri olmuşdur.
Yeğişe V əsrin 40-cı illərində və 460–462-ci illərdə xaylandurların Çoladan etdikləri hücumlar haqqında məlumat verir. Burada qeyd edilən xaylandurlar hunlarla eyniləşdirilir. Bizans müəllifi Panili Priskin qeydlərinə görə, hunlar V əsrdə Abşeron bölgəsinə hücum etmişdir. O, 448-ci ildə hun hökmdarı Attilanın düşərgəsində olarkən bu tayfanın Midiyaya hücumu barədə eşitmişdir. Hücum Böyük Qafqaz dağlarından edilmiş, geri qayıdarkən hunlar Sasaniləri aldatmaq üçün sualtı qayalarından alov qalxan başqa bir yoldan istifadə etmişdir. Bu, Abşeron yarımadası ola bilər. Erməni mənbələri (Yeğişe, Favstos Buzand (V əsr) və Gevond (VIII əsr)) hun, xəzər, sabir və digər türkdilli tayfaların Şirvana girməsini və buraya hücumlarını qeyd edir. 503-cü ildə sabirlər Cənubi Qafqaza və Albaniyaya hücum etmişdir.
532-ci ildə Albaniya, İberiya və bir sıra Bizans bölgələri hunlar daxil olmaqla, bir sıra Şimali Qafqaz tayfaları tərəfindən işğal edildi. VI əsrin ortalarında isə xəzərlər Albaniyaya hücum etdilər və böyük fəlakətlərə səbəb oldular. Moisey Kalankatlı "Alban ölkəsinin tarixi" əsərində yazır: "Ölkəmiz xəzərlərin hakimiyyəti altına düşdü; kilsələr və müqəddəs yazılar atəşə verildi. Sonra, şahənşah Xosrovun ikinci ilində, erməni təqviminin əvvəlində, Tanrının xaçının düşmənlərinin yırtıcı basqınlarını nəzərə alaraq, patriarxal taxtını Xora şəhərindən paytaxt Partava köçürdülər."Тревер, 1959, с. 230. Digər bir mənbəyə görə isə sabirlərin bir sıra hücumlarının nəticəsi olaraq, Alban katolikosluğu Çoladan Partava (qədim Bərdə) köçürülmüşdür.
Müdafiə tikililərinin qurulması
200px|thumb|left|İsgəndər Zülqərneyn Yəcuc və Məcucdan qorunmaq üçün, cinlərin köməyi ilə divar tikir. Falnamə.
Yaxın Şərqdə imperiya hakimiyyəti quranların əsas vəzifələrindən biri şimal sərhədlərini (Dəryal keçidi və Xəzər qapısı) skiflər və hunlar kimi şimal işğalçılarından qorumaq idi. Bu, Orta Şərqdə İsgəndər Zülqərneynin Yəcuc və Məcucdan qorumaq üçün, ilahi yardımla şimal sərhədlərini bağlaması ilə bağlı mifin ortaya çıxmasına səbəb olmuşdur.Mako 2010, pp. 50–51. Şimaldakı Dərbənd şəhəri Qafqaz Albaniyasının sahil şəhərlərindən biri idi. Eramızın əvvəllərindən başlayaraq çiçəklənmə dövrü keçsə də, şəhər IV əsrdə köçəri hücumlarının (alanlar və hunlar) başlaması ilə sərhəd məntəqəsi və "köçəri və aqrar həyat tərzi arasındakı simvolik sərhəd" rolunu yenidən qazanmışdır.*
Xəzər düzənliklərində hunların fəallaşması nəticəsində, Qafqazın Sasanilər və Bizans üçün strateji əhəmiyyəti artmışdır.Farrokh, 2019, p. 28–29. Şimali Qafqazdan Cənubi Qafqaza köçərilərin etdiyi hücumlar sadəcə Əsas Qafqaz silsiləsindəki keçidlər vasitəsilə edilmirdi, həmçinin Qara dəniz və Xəzər dənizi sahillərindən də edilirdi. Ən əlverişli marşrutlardan biri Xəzərin qərb sahili boyu düzənlik zolağı idi. Köçərilər çox vaxt Atropatenaya (tarixi Azərbaycan) qədər gəlib çıxırdılar. Sasanilər Cənubi Qafqazı ələ keçirdikdən sonra burada müdafiə qalaları tikməyə başladılar.Тревер, 1959, с. 267. Gilgilçay səddi, Beşbarmaq səddi, Dərbənd qalası və onun şimalındakı qala qalıqları belə tikililərdəndir. Samur çayının şimalında, Toprak-kala yaşayış məntəqəsinə yaxın olan qala da bunlara aiddir. Bu tikililər II Yezdəgird, I Qubad və I Xosrov kimi Sasani hökmdarlarının dövrünə aid edilir.Тревер, 1959, с. 268.
Sasanilər və Bizans arasında imzalanan, 561-ci il müqaviləsinə görə, Bizans Sasanilərə pul ödəməli idi. Pulun çox hissəsi Qafqaz keçidlərini və dağ aşırımlarını gücləndirmək və qorumaq məqsədilə verilirdi. Müqavilənin birinci bəndi qeyd edirdi: "Farslar Xorutzon dərəsi və Kaspi qapısı vasitəsilə, hunların ("Οϋννους" hunlar), alanların ("’Αλανους") və digər barbarların Roma torpaqlarına keçməsinə mane olmalıdır."Gadjiev, 2008, p. 13–14. Bu dövrdə "Siyasiciyyə", "Siyasicin", "Siasikin" və ya "Nişastaq" adlandırılan, Sasani sərhəd qoşunları I Xosrovun qoyduğu qaydaya əsasən, "əsgər mülkləri" ilə təmin edilmiş, nəticədə yeni yaşayış məntəqələri salınmışdır. Bu qoşunun əsgərlərinin çoxu Sasanilər imperiyasının şimal bölgələrindən, xüsusilə Gilandan gəlirdi.Farrokh, 2019, p. 28–29.
Sasanilər tərəfindən, miqyasına görə möhtəşəm olan Dərbənd müdafiə sisteminin yaradılması qonşu Göytürk xaqanlığından müdafiə məqsədi daşıyırdı. Sasanilərlə Göytürk xaqanlığı arasında gedən mübarizə ipək ticarətində inhisarçılıq, eləcə də bazarlara və karvan yollarına nəzarət uğrunda idi. Sasanilər ticarət vasitəçisi olmaqdan və öz ərazilərindən keçidə icazə verməkdən imtina edirdilər. Xaqanlıq Bizansla birbaşa ticarət məqsədilə, Şimali Xəzər sahillərindən və Zaqafqaziya çöllərindən Qara dənizə keçən, İpək Yolunun şimal hissəsinə çıxış əldə etmək üçün hərbi əməliyyatlara başlamaq qərarına gəldi. Bu, 569-cu ilin sonu, 570-ci ilin əvvəllərində baş verdi. 571-ci ildə isə Sasani hökmdarı I Xosrov üçün əlverişli şərtlərlə sülh müqaviləsi imzalandı.Gadjiev, 2008, p. 14–15.
Qafqaz Albaniyası ərazisində yaradılmış və möhkəmləndirilmiş hərbi mərkəzləri olan müdafiə sistemləri Sasanilərin Cənubi Qafqazda yeganə belə layihələri idi. Bu quruculuq fəaliyyəti Sasanilərin şimal mövqelərini möhkəmləndirmiş, eyni zamanda yerli şəhərlərin inkişafına kömək etmişdir.Gadjiev, 2017, p. 128–129.
Yerli hökmdarların təyin edilməsi
thumbnail|right|Qoşa qala qapılarında Şirvanşahlar gerbi: İki şir və onların arasında bir öküz başı. X əsr tarixçisi Həmzə İsfahani Xosrov Ənuşirəvan tərəfindən təyin edilən hakimlər arasında Şirvanşahı (şirlər şahı) qeyd edirdi. İlk Şirvanşahlar Sasanilər tərəfindən, dağ keçidlərini mühafizə etmək üçün təyin edilmişdir. İlk Şirvanşahlar haqqında kifayət qədər məlumat mövcud deyil, ancaq yerli əhalidən yox, Sasanilərdən təyin edildikləri fikirləşilir. Onların təyin edilməsində əsas məqsəd köçəri türk tayfalarının hücumundan şimal sərhədlərini qorumaq idi.
IX əsrdə İbn Xordadbeh qeyd edir ki, ilk Sasani hökmdarı I Ərdəşir Qafqazda müxtəlif şah titulları təyin etmişdir: Azərbazkan şah, Baraşkan şah (ehtimal ki, Balasakan şah), Allan şah (Muğan), Ərmin şah, Filan şah. Bunlar arasında Şiriyan şah da var idi. Şimaldan yürüş edən türklərə qarşı müdafiəni təşkil etmək üçün yerli hakimlərin təyin edildiyi mülklərin yaradılması və Xəzərsahili vilayətlərin əhalisindən istifadə edərək yeni məskunlaşma yerləri yaradılması Xosrov Ənuşirəvanla əlaqələndirilir. IX əsr müəllifi əl-Bəlazuriyə görə, Xosrov Ənuşirəvan bu şahlıqları təyin etmişdir: "Qabh dağının xaqanı, yəni, Sərir ölkəsinin sahibi (Sahib əs-Sərir) Vəxrarzan şah, həmçinin Təbərsəran şahı Filan şah, Curcanşah titullu Ləkz şahı, hal-hazırda mövcud olmayan Məsqət hökmdarlığının şahı, Liranşah titullu Liran şahı və Şirvanşah adlanan Şirvan şahı onların arasında idi. O, Buxxa və Zirihgəranın hakimlərini təyin etdi. Qabh dağı ölkələrinin şahlarını təyin edərək, onlarla sülh bağlayaraq, üzərlərinə vergilər qoydu."
X əsr tarixçisi Həmzə İsfahani qeyd edir: "Kəsra (Nuşirəvan)… hər yerdə bir sərkərdə təyin edərək, onlara qoşun dəstələri və… miras keçən torpaq sahəsi ayırmışdı; həmin sərkərdələrin nəsilləri indiyədək şəhər divarlarının qarşısındakı ərazini qoruyurlar. Bundan başqa o, xüsusi fəxri geyim nümunəsi müəyyən etmişdi. Məlik səviyyəsinə qaldırılmış bu sərkərdələr həmin geyimlərin üzərində nəqş edilmiş xüsusi rəsmlərə görə Vəxranşah (qabanlar şahı), Şirvanşah (şirlər şahı), Filanşah (fillər şahı), Alanşah (qarğalar şahı) adlanırdı. Onlardan birinə isə gümüş tağ bağışlamışdı. Sərirşah adı da buradan gəlir."
Ərəblər Şirvanı işğal edəndə, burada hakim olan Şəhriyarla və ya titulu Şəhr-Varaz ("dövlətin qabanı") olan şəxslə qarşılaşmışdılar. Ad və titulun Sasanilərə tabe olan Şirvanşaha aid olduğu fikirləşilir. Ehtimal edilir ki, ərəb hakimiyyətinin başlanmasından IX əsrin I yarısına qədər ərəblər Şirvanşahları hakimiyyətdə saxlamışdır. Şirvanşahlar xəzinəyə vergi verir, xəzər-ərəb müharibələrində iştirak edirdilər. Xəlifənin digər vassalı olan Arranşah da xəzər-ərəb müharibələrində iştirak etmişdir.
Sasani—türk müharibəsi
620-ci illərdə Qafqaz Albaniyası Bizans və Sasanilər arasındakı yeni müharibənin qızışdığı yer idi. Bu müharibə üçün Bizans imperatoru I İrakli türk müttəfiqlərini köməyə çağırmışdır. Moisey Kalankatlı yazırdı: "Bu vaxt ərzində o, bütün Bizans torpaqlarını öz hakimiyyətini altına alıb ordu toplayır ki, şimal-şərq ölkələrinə yolu bağlayan böyük Qafqaz dağlarında yarıq açmaq üçün kömək etsin və Çola qapılarını açdırıb çoxlu Barbar qəbilələrini içəriyə buraxaraq onların köməyilə məğrur İran şahı Xostova qalib gəlsin." 626-cı ildə Albaniya türk-xəzər işğalına məruz qaldı. Bu zaman türklər Xəzər keçidlərindən keçib, Dərbənd istehkamlarına hücum etdilər və cənubda Partava (qədim Bərdə) çatdılar. Bərdəni tutub, İberiyaya tələsdilər və Tiflisi mühasirəyə aldılar.Тревер, 1959, с. 241.
thumb|left|upright|Qərbi Göytürk döyüşçüsü, VI–VII əsrlər.