Əta ibn Əbu Rəbah (; ) və ya Əbu Məhəmməd Əta ibn Əbi Rəbah Əsləm əl-Qureyşi — Tabiin nəslinə mənsub Məkkə fəqihi, mühəddis və müfəssir.

Bioqrafiyası Osmanın xilafət illərində dünyaya gəlmiş və hicri 114-cü (732) ildə Məkkədə vəfat etmişdir.

Aişə, Əbu Hüreyrə, İbn Abbas, Əbu Səid əl-Xudri və Ümmü Sələmə başda olmaqla iki yüzədək səhabədən elm almışdır.

Əyyub əs-Sixtiyani, İbn Cüreyc, İbn İshaq, Əbu Hənifə, Əvzai, və digər görkəmli şəxsiyyətlər ona tələbəlik etmişdir.

O, təfsir, hədis, fiqh elmlərində, eləcə də təqvada dövrünün qabaqcıllarından hesab olunur.

"Ət-Təfsir" və "Qəribul-Quran" adlı iki əsəri mövcuddur.

Hədis elmindəki yeri

Tanınmış hədis tənqidçilərindən Yəhya ibn Məin, Əbu Züra və İbn Hibbanın "siqa" (etibarlı) olduğunu qeyd etdikləri Ətanın, başda Buxari və Müslim olmaqla, səhih hədis məcmuələrində bir çox rəvayəti yer almışdır. Bununla belə, Ətanın rəvayət etdiyi mürsəl hədislər, Yəhya ibn Səid, Əli ibn Mədini və Əhməd ibn Hənbəl kimi hədis alimləri tərəfindən Səid ibn Müseyyib və Mücahid kimi tabiinlərin mürsəlləri ilə müqayisədə zəif hesab olunmuş və o qədər də üstün tutulmamışdır. Bu isə daha çox Ətanın hər kəsdən rəvayət etməsi və bu mövzuda kifayət qədər diqqətli olmaması ilə izah olunur. Bundan əlavə, ömrünün sonlarına doğru yaddaş zəifliyi yaşaması səbəbilə, İbn Cüreyc və Qeys ibn Səid kimi bəzi tələbələri, rəvayət etdikləri isnadların qarışmaması üçün ondan artıq hədis yazmamışlar.

Buradan, Yozef Şaxtın irəli sürdüyü kimi, Ətanın son zamanlarında bəzi fikirlərinin əhəmiyyətini itirdiyi nəticəsi çıxmaz. Əslində Y. Şaxt, həm İbn Abbas, həm də İbn Ömər kimi səhabələr, eləcə də bir çox fiqh və hədis imamları tərəfindən elmi gücü və fəziləti təqdir olunan, Hicaz fiqh məktəbinin qabaqcıl nümayəndəsi olan Ətanın nüfuzu ilə bağlı şübhə yaratmağa çalışır. Eyni müəllif, çox güman ki, Ətadan gələn rəvayətlərə ümumi bir şübhə yaratmaq məqsədilə, onun rəy (şəxsi fikir) ilə hökm verməkdən çəkinməsi ilə bağlı rəvayətlərin uydurma olduğunu iddia edir.

Ətanın, nas (məti) olmayan mövzularda şəxsi ictihadına əsasən hökm verməsi, onun əsassız rəyə qarşı çıxmasına və ondan çəkinməsinə mane olmamışdır. Necə ki, rəy tərəfdarı kimi tanınan bir çox Sələf alimi də rəyə qarşı rəvayətlər nəql etmişdir. Yozef Şaxt, Ətanın sünnəyə münasibəti ilə bağlı da şübhə oyatmaq üçün onun Məhəmməd və səhabələrdən gələn xəbərləri dəlil kimi hansı səviyyədə istifadə etdiyini müəyyən etməyin çətin olduğunu və əgər istifadə etmişdisə, bunların çox güman ki, mürsəl hədislər olduğunu iddia edir.

Təxminən 200 səhabəni görmüş olan Əta kimi bir imamın, hədisləri dəlil kimi istifadə etməkdə mənfi mövqe tutması, üstəlik özü bir çox müsnəd və səhih hədis rəvayət etdiyi halda, ancaq mürsəl hədislərdən istifadə etdiyini düşünmək, həqiqətən mənasız görünür. Xüsusilə də nas olmayan bəzi məsələlərdə Ətanın şəxsi görüşlərini mənimsəyən əş-Şafii, tabiilər arasında Əta qədər hədisə bağlı qalan birisinin olmadığını bildirmişdir.

İstinadlar

Kateqoriya:Tabiinlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:İslam alimləri Kateqoriya:Raşidi xilafətindən olanlar Kateqoriya:VIII əsr şəxsləri Kateqoriya:Nubiyalılar