Kimberli Krenşou (; ) — Amerika vətəndaş hüquqları müdafiəçisi və tənqidi irqi nəzəriyyəsi üzrə alim. Krenşou, UCLA Hüquq Məktəbində və Kolumbiya Hüquq Məktəbində professor olaraq fəaliyyət göstərir və əsasən irq və gender məsələləri üzrə ixtisaslaşıb.
Krenşou interseksionallıq və ya interseksional nəzəriyyəni inkişaf etdirməsi ilə tanınır. Bu nəzəriyyə sosial identifikasiyaların, xüsusilə azlıq qruplarına aid olanların bir-biri ilə necə kəsişdiyini və bu kəsişmələrin ayrı-seçkilik, basqı və ya üstünlük sistemləri ilə necə əlaqəli olduğunu araşdırır. Onun işi interseksional feminizmi də əhatə edir, bu da gender, irq, cinsi oriyentasiya və iqtisadi vəziyyət kimi faktorların qadınların yaşadığı basqılara təsirini öyrənən feminizm istiqamətidir.
Həyatı və təhsili Krenşou 5 may 1959-cu ildə ABŞ-ın Ohayo ştatının Kanton şəhərində Marian və Uolter Klarens Krenşou ailəsində anadan olmuşdur. Uşaqlıqdan valideynləri onu dünyada müşahidə etdiyi maraqlı hadisələri müzakirə etməyə təşviq edirdilər. Bu vərdiş onun gələcək karyera seçimlərində mühüm rol oynadı. Kimberli, Kanton Makinli Liseyində təhsil almışdır. 1981-ci ildə Kornel Universitetində dövlət idarəçiliyi və Afrika-Amerika Araşdırmaları üzrə bakalavr dərəcəsi almışdır. Harvard Hüquq Məktəbindən 1984-cü ildə hüquq üzrə doktorluq (J.D.) dərəcəsi və 1985-ci ildə Viskonsin Hüquq Məktəbindən hüquq üzrə magistr dərəcəsi (LL.M.) almışdır.
Karyerası Viskonsin Hüquq Məktəbində təhsilini başa vurduqdan sonra, 1986-cı ildə UCLA Hüquq Məktəbinin professor heyətinə qoşulmuşdur.Ring, D. A. (2011). Crenshaw, Kimberlé Williams 1959–. In M. Mazurkiewicz (Ed.), Contemporary Black Biography (Vol. 88, pp. 30-32). Gale. Krenşou, tənqidi irqi nəzəriyyənin yaradıcılarından biri kimi tanınır və vətəndaş hüquqları, tənqidi irq araşdırmaları və konstitusiya hüququ üzrə dərs deyir. 2017-ci ildən etibarən UCLA-da "İrqi Tənqidi Nəzəriyyənin İnkişafı", "Vətəndaş Hüquqları", "İrq, Gender və Qadınların Cinayətləşdirilməsi üzrə İnterseksional Perspektivlər" və "İrq, Hüquq və Təsvir" kimi kurslar tədris edir. 1991-ci ildə Krenşou Ali Məhkəmənin hakimi Klarens Tomasın təsdiq dinləmələri zamanı Anita Hillin hüquq komandasına kömək etmişdir. 1991 və 1994-cü illərdə UCLA Hüquq Məktəbində tələbələr tərəfindən ilin professoru seçilmişdir. 1995-ci ildə Kolumbiya Hüquq Məktəbində tam professor vəzifəsinə təyin olunub və 2011-ci ildə İnterseksionallıq və Sosial Siyasət Araşdırmaları Mərkəzini təsis edib. 1996-cı ildə Krenşou Afrika-Amerika Siyasət Forumu (AAPF) adlı beyin mərkəzini yaradmışdır. Bu təşkilat struktur ayrı-seçkiliyin aradan qaldırılması və sosial ədalətin genişləndirilməsi istiqamətində fəaliyyət göstərir. O, Braziliyada Fulbrayt Kürsüsünün sahibi olub və 2008-ci ildə Stanford Universitetində Davranış Elmləri üzrə İnkişaf Mərkəzində təqaüd almışdır.
2001-ci ildə Krenşou BMT-nin İrqçilik üzrə Ümumdünya Konfransı üçün irq və gender diskriminasiyası üzrə əsas sənədin müəllifi olub. Həmçinin, ABŞ-da və dünyada qadınlara qarşı zorakılıq məsələlərini araşdıran bir neçə akademik və elmi qurumun üzvü kimi fəaliyyət göstərmişdir. 2020-ci ildə Krenşou Belçikanın KU Leuven Universiteti tərəfindən fəxri doktor adı ilə təltif olunub. O, bir neçə kitabın və elmi məqalənin müəllifidir. Onun Luka Çarlz Harris və Corc Lipsis ilə birlikdə yazdığı "The Race Track: How the Myth of Equal Opportunity Defeats Racial Justice" kitabı 2025-ci ilin dekabrında nəşr olunacaq.
Mükafatları və fəxri adları 1985: William H. Hastie Təqaüdçüsü 1991: UCLA Hüquq Məktəbində ilin professoru 1994: UCLA Hüquq Məktəbində ilin professoru 2007: Braziliyada Fulbrayt Kürsüsü mükafatı 2008: Alphonse Fletcher Təqaüdçüsü 2008: Stanford Universiteti, Davranış Elmləri üzrə İnkişaf Mərkəzində təqaüdçü 2015: Ms. Magazine tərəfindən "Ən İlhamverici Feminist" 2015: Ebony Magazine-in "Power 100" siyahısında 2016: Amerika Hüquq Vəqfinin (ABF) Görkəmli Alim Mükafatı 2017: Gittler Mükafatı 2021: Amerika Hüquq Məktəbləri Assosiasiyası (AALS) tərəfindən Ruth Bader Ginsburg Lifetime Service Mükafatı 2021: Amerika Hüquq Məktəbləri Assosiasiyasının Triennial Mükafatı 2021: Amerika İncəsənət və Elmlər Akademiyasına seçilmə
İstinadlar
Xarici keçidlər
"Intersectionality: The Double Bind of Race and Gender" , interview with Kimberlé Crenshaw, American Bar Association, Spring 2004. Dr. Kimberlé Crenshaw on Teaching Truthfully About U.S. History, from the Teach the Black Freedom Struggle online series.
Kateqoriya:Feminizm ilə əlaqəli insanlar Kateqoriya:ABŞ feministləri Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Los-Anceles Kaliforniya Universitetinin müəllimləri Kateqoriya:ABŞ hüquqşünasları