Sofiya Antoniadis (yun. Σοφία Αντωνιάδη, ) — Yunan Bizans alimi. O, Leyden Universitetinin ilk qadın professoru, Hollandiyada ilk qadın humanitar elmlər professoru və karyerası ərzində Avropa universitetində vəzifə tutan azsaylı yunan qadınlarından biri olub.
Bioqrafiyası Antoniadis 31 iyul 1895-ci ildə Pireydə anadan olmuşdur. Onun ailəsi əslən Kritdən idi, Bizanslı Melissinosin ailəsindən idi. Onun atası Andreas Antoniadis Pireydə vəkil idi; anası Efrosini Leli isə Afinadan olan tanınmış ailədən idi. O, Yekaterina Diamantopolunun Yunan-Fransız Məktəbində dərslərə qatılaraq təhsil almışdır. Birinci Dünya müharibəsinin başlaması onun təhsilini yarımçıq qoydu, lakin o, Sarbonnada yunan və fransız ədəbiyyatını öyrənmək üçün Parisə getmişdir. O, 1920-ci ildə Klassika sahəsində dərəcə əldə etmişdir.
Fəaliyyəti Antoniadis 1922-ci ildə Yunanıstana qayıtmış və ilk əsəri "İbrahimin qurbanı" əsərini nəşr etdirmişdi. 1924–1926-cı illərdə Teatr Peşə Məktəbində Müasir Yunan Ədəbiyyatından mühazirələr oxumuşdu.
1929-cu ildə o, Dirk Kristian Hesselinqdən sonra Leyden Universitetində Erkən Xristian, Bizans və Müasir Yunan Dili və Ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. Noyabrın 13-də o, izdihamlı zalda qəbul çıxışı etmişdir; Rotterdamdakı yunan konsulu, həmçinin Hollandiya taxtının varisi şahzadə Juliana da Antoniadisin dərslərində iştirak etmişdir.
Hubert Pernotun rəhbərliyi altında o, 1930-cu ildə Paris-Sorbonna Universitetində "Luka İncili. Qrammatika və üslubu — Luka İncilinin öyrənilməsi" mövzusunda tezisini, həmçinin Müqəddəs Kitabın tərcüməçisi kimi Paskal haqqında dissertasiyasını nəşr etdirmişdir.
1935-ci ildə o, hollandiyalı Bizans alimi N. K. Hesselinqi əvəz edərək Leyden Universitetində erkən xristian, orta əsrlər və müasir yunan dili professoru vəzifəsinə seçilmişdir. 1951-ci ildə o, eyni kafedranın tam professoru və Leyden Universitetinin ilk qadın professor olmuşdur.
İkinci Dünya müharibəsi zamanı Antoniadis Yunanıstana qayıtmışdır. Müharibə vaxtı o, müqavimət hərəkatının üzvü olmuş və Sintaqmadakı Ksenofontos küçəsindəki evi onların görüş yerlərindən birinə çevrilmişdi.
1946-cı ildə o, Beynəlxalq Təhsil İnstitutunun Xəbərlər Bülletenində dərs deməyə hazır olduğunu bildirmişdir.
1948-ci ildə Amsterdam Universitetində Müasir Yunan Dili və Ədəbiyyatı kafedrasında işləməyə başlamışdır. 1955-ci ildə Venesiyada Yunan Bizans və Post-Bizans Araşdırmaları İnstitutunun direktoru olmuşdur. Venesiyada işlədiyi müddətdə o Flanqinian Məktəbi və San Corco dey Qreçi kimi binaların təmirinə töhfə vermişdir. O, Venesiyada təqaüd yaşına qədər işləmiş və 1966-cı ildə Afinaya qayıtmışdır. Antoniadis 25 yanvar 1972-ci ildə Afinada vəfat etmişdir.
İstinadlar