Samiq Asəf oğlu Sadıxov () — Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası səhiyyə naziri (2024–2025)

Həyatı Samiq Sadıxov 1987-ci il yanvarın 8-də Naxçıvan şəhərində anadan olub. O, 2004–2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Həkim-pediatr ixtisası üzrə ali təhsil almışdır. O, 2010–2011-ci illərdə Ə. Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında internatura kursunu uğurla başa vurmuşdur. 2014–2016-cı illərdə Naxçıvan Muxtar Respublikası Göz Xəstəxanasında həkim-oftalmoloq vəzifəsində çalışmışdır. 2016-cı ilin yanvar-aprel aylarında həmin xəstəxanada bölmə müdiri vəzifəsini icra etmişdir. Daha sonra 2016–2017-ci illərdə Naxçıvan Respublika Xəstəxanasında bölmə müdiri, həkim oftalmoloq, 2015–2017-ci illərdə Ə. Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında həkim-oftalmoloq kimi fəaliyyət göstərmişdir. Samiq Sadıxov 2015–2017-ci illərdə Naxçıvan Dövlət Universitetində və Naxçıvan Tibb Kollecində müəllim kimi də çalışmışdır. 2009, 2015, 2016-cı illərdə Türkiyə Cümhuriyyətində, 2018-ci ildə isə Fransa Respublikasında iş yerində təcrübə kursları keçmişdir.

Siyasi karyerası 2017–2020-ci illərdə Samiq Sadıxov Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini icra etmişdir.

2020–2023-cü illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsinin direktoru vəzifəsində çalışmışdır.

12 aprel 2023-cü ildə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində səhiyyə nazirinin birinci müavini və nazir vəzifələrinin müvəqqəti icra edicisi təyin olunmuşdur.

31 may 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri təyin edilib.

01 dekabr 2025-ci ildə Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri vəzifəsindən azad edilib.

İstinadlar