Komondor — uzun tüklü kürkü ilə tanınan, Macarıstana məxsus çoban iti cinsi. Tarixən mal-qara və əmlakın qorunması üçün istifadə edilmişdir. Görünüşünə görə bəzən "süpürgə itləri" adlandırılan komondor, Macarıstanın milli xəzinələrindən biri hesab edilir.
Tarixi Komondor, XII–XIII əsrlərdə Macarıstana köç edən türkdilli köçəri kuman xalqı tərəfindən gətirilmişdir. Cinsin adı olan "komondor" ifadəsi "Kuman iti" mənasını verir. Komondorun mənşəyi Tibet itlərinə gedib çıxır və bu cins Asiyadan Avropaya kuman xalqı ilə birlikdə gəlmişdir. İlk dəfə 1544-cü ildə yazılı olaraq qeyd edilən komondor 1673-cü ildə Yan Amos Komenski tərəfindən daha geniş təsvir edilmişdir.Komondor, kuvasz. Ujváriné Lukács Ildikó.
Komondor İkinci Dünya müharibəsi zamanı ciddi təhlükə ilə üzləşmişdir. Almaniya və SSRİ işğalçı qüvvələri fermalara və evlərə girərkən bu itlərin müqavimət göstərməsi səbəbilə çox sayda komondor öldürülmüşdür. Buna baxmayaraq, cins müharibədən sonra bərpa edilmiş və bu gün də mal-qara qoruma itləri arasında əhəmiyyətli yer tutur.
Xüsusiyyətləri Komondorlar böyük və güclü bədən quruluşuna malikdir. Erkəklərin hündürlüyü 70–80 sm, çəkisi isə 50–60 kq arasında dəyişir. Dişi fərdlər nisbətən kiçik olub, 65–70 sm hündürlüyə və 40–50 kq çəkiyə sahibdir. Onların başı geniş, burnu və dodaqları isə qaradır. Quyruğu bir qədər əyilmiş vəziyyətdə olur. Komondorun ən diqqətçəkən xüsusiyyəti uzun, qalın və ağ rəngli kürküdür. Kürk uzunluğu 20–27 sm-ə çatır. Balaca komondorların kürkü yumşaq və tüklü olsa da, zamanla sərtləşir və bu proses iki il davam edir. Bu qalın kürk yırtıcılardan qorunmaq və sərt hava şəraitinə qarşı izolyasiya təmin edir. Komondorlar sakit, güclü və qoruyucu təbiətə malikdirlər. Onlar ailələrinə qarşı mehriban və sadiq, yad insanlara isə ehtiyatlı davranırlar. Ailəsini qorumaq üçün təhlükə hiss etdikdə cəsarətlə mübarizə aparır. Komondorlar mal-qara və digər ev heyvanlarını qoruma instinktlərinə sahibdirlər, lakin sərhəd tanımayan heyvanları qəbul etmirlər. Gündüzlər ətrafı diqqətlə izləyən komondor, gecələr ərazini dolaşır və yad insanlara qarşı ayıq-sayıq davranır.
Təlimi Komondorların böyük ölçüsü və gücü səbəbindən erkən yaşda itaətkarlıq təlimi vacibdir. Ən ideal təlim dövrü 4–8 ay arasıdır. Təlim prosesində müsbət motivasiya və əyləncəli yanaşma vacibdir, çünki komondorlar darıxdıqda inadkar ola bilirlər. Sahibinin qəddar davranışı bu itlərdə aqressiv davranışların yaranmasına səbəb ola bilər. Sosiallaşma prosesinə erkən başlamaq, onların yad insanlara və heyvanlara qarşı daha balanslı davranış sərgiləməsinə kömək edir.
Mədəniyyətdə Komondor 1996-cı ildə "Beck"in "Odelay" albomunun üz qabığında əks olunmuşdur. Fotoqraf Con Ludviq tərəfindən çəkilən və bir maneəni aşan komondoru təsvir edən bu şəkil, cinsin ən tanınmış simvolik görüntülərindən biridir. Bu cins həm xarakteri, həm də görünüşü ilə öz mədəni və tarixi əhəmiyyətini qorumaqdadır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İt cinsləri Kateqoriya:Çoban itləri