İnanmırsansa… — 1984-cü ildə rejissor Lütfi Məmmədbəyov tərəfindən ekranlaşdırılmış iki hissəli televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Mətanət Atakişiyeva,Ramiz Məlikov,İlham Əsgərov və Sitarə Novruzova ifa edirlər.
Məzmun Tamaşada hadisələr bir ailənin daxilində və ətrafında cərəyan edir. Qısqanclıq zəminində baş verən hadisələr xoşbəxt bir ailəni sarsıdır. Ekran əsərində Arzu (Mətanət Atakişiyeva) və Nüsrət (İlham Əsgərov) dostluq, inam, sədaqət, mərdlik və ədaləti qorumağa çalışırlar. Lakin Adilin həsəd və qısqanclığı ailədə təzadlar yaradır. Film-tamaşanın müqəddiməsi olaraq Adilin (Ramiz Məlikov)qəlbində şübhə və inamsızlıq hisslərinin oyanmasını göstərə bilərik. O ki qaldı kuliminasiya nöqtəsinə, o isə, şübhəsiz, Nüsrətin Adilin günahını boynuna götürərək azadlıqdan məhrum edilməsidir. Onu qeyd edə bilərik ki, tamaşada düyünlərin açılması, razvyazka məqamını aydın şəkildə görmürük. Gedişat getdikcə qəlizləşir, Adilin qəlbindəki kin-küdurət, ən əsası qısqanclıq hissi sönmək əvəzinə daha da alovlanırdı. Biz bunun final səhnəsində də şahidi ola bilərik.
Film-tamaşa haqqında 1984-cü ildə Azərbaycan Televiziyasında ədəbi mühitimizdə öz parlaq imzası ilə seçilən yazıçı Əlibala Hacızadənin qələmə aldığı iki hissəli televiziya tamaşası ekranlara çıxır. Tamaşa belə adlanır: "İnanmırsansa…" Əsər o zaman Azərbaycan televiziya məkanında bir-birindən maraqlı televiziya tamaşalarına ekran həyatı verən aktyor, rejissor Lütfi Məmmədbəyovun quruluşunda ekranlaşdırılır. Film-tamaşada izləyicilərə "Həyatda bir cür həqiqət var və bir insanın həyatı qədər önəmlidir, o nə bölünəndir, nə də ki bölən…O tək ünvanımız, yaşadığımız səbəbdir, o inamdır…" ideyaları təlqin edilir. Televiziya tamaşasının çəkilişləri Azərbaycan televiziyası studiyasında və Bakının Buzovna qəsəbəsində həyata keçirilmişdir.
Filmin heyəti
Rollarda Arzu — Mətanət Atakişiyeva
Adil — Ramiz Məlikov
Nüsrət — İlham Əsgərov
Tünzalə — Sitarə Novruzova
Sürücü — Rüstəm Əliyev
Gülbala — Adışirin Bağırov
Film üzərində işləyənlər Əsərin müəllifi: Əlibala Hacızadə
Quruluşçu rejissor: Lütfi Məmmədbəyov
Rejissor: Kərim Kərimov
Quruluşçu operator: Fərman Nəbiyev
Operatorlar: Elman Hüseynov, Elçin Əliyev
Quruluşçu rəssam: Oqtay Quliyev
Səs rejissorları: Fikrət Ağazadə, Vaqif İmanquliyev
Videoyazı Mühəndisləri: Asim Babayev, Adil Zeynalov, Rauf Kələntərov, Eldar Minbağırov
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:1982-ci ilin Azərbaycan filmləri