Emil İosifoviç Kitelman () — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu. Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının keçmiş üzvü.
Klub karyerası Emil Kitelman 1 noyabr 1983-cü ildə Bakı şəhərində anadan olub. Atası milliyətcə yəhudi, anası isə rus əsillidir.
8 yaşında ikən "Neftçi" klubunun Uşaq-Gənclər İdman Məktəbində futbolla məşğul olmağa başlayıb. Peşəkar futbolçu karyerasına 1999-cu ildə, Azərbaycan Yüksək Liqasında çıxış edən "Xəzər Universiteti" klubunda start verib. 2001–2002 mövsümündə "Şəfa"nın heyətində çempionat oyunlarında 20 oyun keçirib, 1 qol vurub. Yeganə qolunu 1:1 hesablı bərabərliklə yekunlaşan görüşdə "Neftçi"nin qapısından keçirib.
2002-ci ildə ailəsi ilə İsrailə köçməli olan Kitelman, futbolçu karyerasına bu ölkədə davam edib. Burada yaşadığı 4 il müddətində ölkənin aşağı liqa təmsilçiləri — "Makkabi Herzliya", "Sektsiya Nes-Siona" və "Makkabi İroni Kfar-Yona"da çıxış edib.
2006-ci ildə Bakıya geri dönür və "Olimpik" klubu ilə müqavilə bağlayır, lakin "Təyyarəçilər"in heyətində cəmi 3 oyunda forma geyinmək şansı qazanır. 2011-ci ilədək futbolçu karyerasına davam edən Kitelman, bu müddət ərzində "Masallı", "Bakılı", "Muğan", "MOİK Bakı" və "Neftçi İSM" klublarının şərəfini qoruyub.
Milli karyerası Kitelman, Azərbaycanın 19 yaşlılardan ibarət milli komandasının üzvü olub. O, 2001-ci ildə 19 yaşlılardan ibarət millinin heyətində Avropa çempionatının seçmə mərhələsində 2 oyun keçirib.
Şəxsi həyatı Emilin böyük qardaşı Mixail də peşəkar futbolçu olub. Karyerasının böyük hissəsini Azərbaycanda keçirmiş futbolçu, yarımmüdafiəçi və müdafiəçi mövqelərində çıxış edib.
Emil, 2010-cu ildə Anarə adlı azərbaycanlı xanımla ailə həyatı qurub.
Bakı Biznes Universitetinin Menecment fakultəsində təhsil alıb.
İstinadlar
Xarici keçidlər “Birdən gördük ki, başı şüşəyə dəydi” – Müsahibə Gencaile.az
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Viləş Masallı FK futbolçuları Kateqoriya:Muğan Salyan FK futbolçuları Kateqoriya:MOİK Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:Bakı Biznes Universitetinin məzunları Kateqoriya:İsrail futbolçuları