"Artuş və Zaur" — azərbaycanlı yazıçı və jurnalist Əli Əkbərin (Ələkbər Əliyev) 2009-cu ildə nəşr olunmuş romanı. Roman bakılı erməni Artuş ilə azərbaycanlı Zaurun Qarabağ münaqişəsi fonunda cərəyan edən sevgi hekayəsindən bəhs edir. Həm homoseksual münasibət, həm də erməni-azərbaycanlı yaxınlığı kimi iki tabu mövzuya toxunduğu üçün kitab Azərbaycanda geniş müzakirəyə və qalmaqala səbəb olmuş, nəşrindən bir neçə həftə sonra kitab mağazalarından yığışdırılmışdır.

Nəşri Müəllifin sözlərinə görə, Azərbaycanın iri nəşriyyatlarının heç biri romanı çap etməyə razı olmamışdır: bəziləri əsəri biabırçı hesab etmiş, bəziləri isə nəticələrindən çəkinmişdir. Kitab 2009-cu ilin əvvəlində Ulan-Batorda yerləşdiyi bildirilən nəşriyyatda çap olunmuşdur. Romanın tirajı 500 nüsxə olmuşdur. Bu, Əli Əkbərin altıncı kitabı idi. Bəzi müşahidəçilər romanın adının Qurban Səidin "Əli və Nino" romanının adını xatırlatdığını qeyd etmişlər.

2012-ci ildə roman Niderlandda nəşr olunmuşdur. Həmin vaxt müəllif artıq İsveçrədə yaşayırdı.

Quruluşu Roman altı hissədən ibarətdir, sonuncu hissə "Qız qalası" adlanır. Hər hissə İmadəddin Nəsiminin rədifi "erməni" sözü olan qəzəlindən bir parça ilə başlayır.

Personajlar Zaur Cəlilov — bakılı azərbaycanlı jurnalist, qeyri-hökumət təşkilatı fəalı. Artuş Saroyan — Zaurun məktəb yoldaşı, münaqişə zamanı yeniyetmə ikən Bakını tərk etməli olmuş erməni jurnalist. Şota — cütlüyə kömək edən gürcü həmkarı və dostu.

Süjet Artuş və Zaur Qarabağ münaqişəsindən əvvəl Bakıda eyni məktəbdə oxuyur və bir-birinə qarşı hisslər bəsləsələr də, bunu gizlədirlər. Münaqişə başlandıqdan sonra erməni əhalisinin böyük hissəsi kimi Artuşun ailəsi də Bakını tərk edir və gənclər ayrılmalı olurlar.

İllər sonra hər ikisi jurnalist kimi Tbilisidə keçirilən konfransda yenidən görüşür və hisslərinin dəyişmədiyini anlayırlar. Onlar Potidə simvolik nikah mərasimi keçirirlər. Sonra Zaur İrəvana konfransa gedir, lakin Artuş hakimiyyətdən ehtiyat edərək onunla görüşməkdən imtina edir. Bakıya qayıdan Zaur radikal qrupun hücumuna məruz qalır və televiziyada özünü ittiham edən bəyanat verməyə məcbur edilir. Artuş güləş çempionatını işıqlandıran erməni jurnalistləri ilə Bakıya gəlir, gizlicə Zaurla görüşür. Onların axtarışına başlanır və gələcəklərinin olmadığını anlayan iki gənc Qız qalasından atılaraq intihar edir.

Qarşılanması Kitab Bakıda "Əli və Nino" kitab mağazaları şəbəkəsində satışa çıxarılmış və ilk üç həftədə tirajın təxminən üçdə biri satılmışdır. Mağaza şəbəkəsinin sahibi Nigar Köçərli romanı cəmiyyət üçün "yaxşı bir sillə" adlandırmışdır. Bəzi kitab satıcıları kitabın tez satıldığını bildirmişdir.

Oxucuların rəyləri fərqli olmuşdur: bəziləri əsəri əxlaqa hücum və müəllifin diqqət çəkmək cəhdi kimi qiymətləndirmiş, digərləri isə Qarabağ münaqişəsi kimi ağrılı mövzuya sevgi hekayəsi vasitəsilə toxunulmasını təqdirəlayiq saymışdır. Özlərini "milli sosialist" adlandıran bir qrup şəxs mağazalara gələrək satıcıları hədələmiş və kitabın satışdan çıxarılmasını tələb etmiş, internet forumlarında isə kitabın yandırılmasına çağırışlar edilmişdir.

Əli Əkbər bildirmişdir ki, romanla "iki stereotipə qarşı müharibə" başlayıb: azərbaycanlıların insanlarda erməni kökü axtarması və xoşlamadıqları adamı homoseksual adlandırması. Onun fikrincə, homoseksual və ya erməni olmaq deyil, korrupsiya, vicdansızlıq və xəyanət utancverici haldır.

Satışdan yığışdırılması 2009-cu il martın 10-da "Əli və Nino" mağazalar şəbəkəsinin sahibi Səbail rayon polis idarəsinə çağırılmış və ona kitabda prezident əleyhinə ifadələrin olduğu bildirilərək romanın satışdan çıxarılması tələb olunmuşdur. Martın 11-də mağaza müvəqqəti bağlanmış, həmin gün keçirilməsi nəzərdə tutulan kitabın təqdimatı ləğv edilmişdir. Mağazalar fəaliyyətini bərpa etdikdən sonra kitab artıq satışda olmamışdır. Müəllif Azadlıq Radiosuna bildirmişdir ki, polis onu romanda prezident İlham Əliyevə edilən istinadlarla bağlı sorğu-suala tutmuşdur.

Həmçinin bax Azərbaycanda LGBT hüquqları Əli və Nino

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan mədəniyyəti Kateqoriya:2009-cu ilin romanları Kateqoriya:Azərbaycan dilində romanlar Kateqoriya:Azərbaycan romanları Kateqoriya:LGBT ədəbiyyatı Kateqoriya:Azərbaycanda LGBT Kateqoriya:2007-ci ilin romanları Kateqoriya:Azərbaycan haqqında kitablar Kateqoriya:Ermənistan haqqında kitablar Kateqoriya:LGBT romanları Kateqoriya:Sevgi romanları