Qaraçöp Eli — Gürcüstan Respublikasının Kaxeti diyarının (gürcü: კახეთის მხარე) Saqareco bələdiyyəsi (gürcü. საგარეჯოს მუნიციპალიტეტი ) ərazisində milli ənənələr üzərində sıx qaynayıb-qarışmış azərbaycanlı əhalinin kompakt yaşadığı bölgə. Qaraçöp Eli Saqareco bələdiyyəsi ərazisinin şərqində, İori (gürcü: იორი, azərbaycan: Qabırrı) çayının sağ tərəfində yer alır.
Qaraçöp Elinin əhalisi Saqareco bələdiyyəsinə aid rəsmi adları Qazlar (gürcü: კაზლარი, rus: Казлари), Tüllər (gürcü: თულარი, rus: Тулярь, Тулари), Ləmbəli (gürcü: ლამბალო, ქვემო ლამბალო, rus: Ламбали, Ламбало), Keşəli (gürcü: ქეშალო, rus: Кешали, Кешало), Muğanlı (gürcü: მუღანლო, იორმუღანლო, rus: Муганли, Муганло), Çiçmatian (gürcü: წიწმატიანი, rus: Цицмадиань, Цицматиани), Düzəyrəm (gürcü: დუზაგრამა rus: Аграмь, Дузарама) və Baldoy (gürcü: პალდო, rus: Палдо) olan kəndlərində məskunlaşıb.
Gürcüstan Respublikasında əhalinin siyahıyaalma məlumatlarına əsasən, 2014-cü ildə həmin kəndlərdə daimi yaşayanların sayı 16871 nəfər olmuşdur.
Məskunlaşma tarixi İlkin yerləşmələr
left|259x259px|thumbQaraçöp Elində məskunlaşmaya XIX əsrin birinci qərinəsinin sonlarında başlanmışdır. Bu proses həmin dövrlərdə Rusiya İmperiyasının bölgədə həyata keçirdiyi köçürmə və yerli resursların İmperiyanın mənafelərinə uyğun istifadəsi siyasəti çərçivəsində baş tutmuşdur. 1830-cu illərdən başlayaraq o dövrdə yaradılmış Gürcüstan Quberniyasının əsasən Borçalı inzibati ərazisindən (rus: Борчалинская дистанция) rəsmi dövlət sənədlərində milliyyəti “tatar” adlandırılan türk-azərbaycanlı maldar ailələrin mövcud olan boş otlaq (qışlaq) sahələrindən istifadə məqsədilə Sığınaq (rus: Сигнахъ, gürcü: სიღნაღი) Qəzası ərazisinə köçürlməsinə başlanmışdır. Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra müsəlman-azərbaycanlı əhalinin əlverişsiz və həyat fəaliyyəti üçün az yararlı olan torpaqlara sıxışdırılması siyasəti aparılırdı. Sığınaq qəzasına azərbaycanlıların köçürülməsinin də həmin siyasətə uyğun həyata keçrildiyini demək mümkündür.
Əraziyə yeni gələnlər Qəzanın cənub-qərbində - Kodol inzibati sahəsində, özlərinin Qavrı adlandırdıqları İori çayının sahillərində kiçik kəndlər salınmaqla məskunlaşmışlar. Bugünkü qaraçöplülərin ulu nənə-babalarının regiona gəlişi və məskunlaşması mərhələli və nisbətən uzun dövrü əhatə edən proses olmuşdur. “Birinci dalğa” ilə gələnlər 1830-cü illərin əvvəllərində ərazidə Muğanlı, Tüllər-Keşəli və Çiçmatian kəndlərini salmışlar. İlk dövrdə Tüllər-Keşəli İorinin sağ sahilində, Çiçmatian isə sol sahilində çay yatağına yaxın məsafədə, hazırda regionda mövcudluğunu surdürən Şibliyani kəndinin bərabərində, Muğanlı çayın sağ tərəfində, demək olar ki, hazırkı mövqeyində yerləşmişdir. Həmin dövrdə Sığınaq-Tiflis yolunun üstündə, Muğanlının qarşı tərəfində eyni adlı poçt məntəqəsi yaradılmışdır.
Sözügedən dövrə aid rəsmi məlumatlarda Çiçmatian həm də Qaraman (rus: Карамани) adlandırılırdı. Bundan əvvəlki dövrə aid xəritələrdə və kifayət qədər təfsilatlı məlumatların yer aldığı mənbələrdə gələcək Qaraçöp Elinə aid ərazilərdə yaşayış məntəqəsi qeydə alınmamışdır.
Sonrakı gəlişlər və yerdəyişmələr İlkin məskunlaşmalardan sonrakı dövrlərdə əraziyə tatar (azərbaycanlı) ailələrinin köçürülməsi davam etmişdir. 1830-cu illərin ikinci - 1840-cı illərin birinci yarısında gələnlər bölgədə Aşağı Ləmbəli və Əyrəm (Aqram) kəndlərini salmışlar. Aşağı Ləmbəli İorinin sağ sahilində, o dövrki Tüllər-Keşəlidən təxminən 3 kilometr cənub-şərqə doğru, bugünkü Qazlar kəndinə sağ tərəfdən yaxın ərazidə, Əyrəm isə İorinin sol sahilində, Kandaur və Şibliyani kəndlərinin aralarındakı məsafənin orta xəttinin çayı kəsdiyi mövqedə yerləşmişdir.right1853-cü ildə həmin bölgədə Qaraçöp Elinin insanları artıq 5 kənddə - Muğanlı, Tüllər (həm də Keşəli adlanırdı), Çiçmatian (Qaraman), Əyrəm və Aşağı Ləmbəlidə (sonradan Ləmbəli adlandırılmışdır) yaşayırdılar.
Eyni zamanda, kəndlərin bölgə ərazisində müəyyən yerdəyişmələri baş vermişdir. 1840-cı illərin ikinci yarısında Əyrəm (Aqram) bir necə kilometr şərq tərəfə, Kaçereti kəndinin cənub-qərbinə, o dövrdə Tiflis-Sığınaq poçt yolu üzərində yaradılmış Domfal poçt stansiyası yaxınlığına köçmüşdür. Bu kənd yeni ərazidə bir qədər sonra “Düzəyrəm” adlanmışdır.
Daha sonra, təqribən 1860-ci illərdə Keşəli Tüllərdən ayrılmış və çay sahilindən bir qədər cənub istiqamətə yerləşmişdir. 1890-cı illərdə bu kəndlərin hər ikisi İori çayının bir necə kilometr yuxarı sahillərinə, daha dəqiqi, İori və Çaylurinin qovuşağına yaxın əraziyə köçmüş, həm də Tüllər İorinin sol sahilində, Keşəli uyğun mövqedə - sağ sahildə yerləşmişdir. Sonrakı illərdə Tüllər İorinin sol sahili üzrə axın istiqamətində yerini dəyişdirmişdir. Kəndin yeni ərazisindən Kaçeretini Soyuqbulaq dəmir yolu stansiyası ilə birləşdirən yol keçmişdir. Keşəli isə zaman etibarılə bir qədər sonra İorinin sağ sahili boyunca eyni istiqamətdə yer dəyişdirmişdir.
1891-ci ildə Qaraçop Elinin kəndlərində 319 ev təsərrüfatı mövcud olmuş, sakinlərin ümumi sayı 2229 nəfər təşkil etmişdir. Bu göstəricilərin kəndlər üzrə bölgüsü aşağıdakı cədvəldəki kimi idi.
Cədvəl 1. 1891-ci ildə Qaraçöp Elinə aid kəndlərdə ev təsərrüfatlarının və yaşayanların sayı Kəndlər Ev təsərrüfatının (ailələrin) sayı Yaşayanların sayı KişilərQadınlarCəmi Çiçmatian (Qaraman) 22 87 40 127 Düzəyrəm 18 82 62 144 Keşəli 41 174 127 301 Ləmbəli 115 505 387 892 Muğanlı 81 293 201 494 Tüllər 42 182 116 298
Vahid məkana yerləşmə Kəndlərin böyüməsi ilə qarşılıqlı əlaqələrin genişlənməsi öz növbəsində nəqliyyat infrastrukturunun zəifliyi şəraitində onların məkanca yaxınlaşmasının məqsədəuyğunluğunu gücləndirmişdir. Bu amil XX əsrin birinci onilliyində Çiçmatian (Qaraman - hazırda Qaraçöp Elinin deyimində Qarabağlı) və Düzəyrəm sakinlərinin əvvəlki məkanlarını tərk edərək Muğanlının qərb tərəfinə, Keşəli, Ləmbəli, Tüllər sakinlərinin isə şərq istiqamətində sıra ilə Muğanlıya bitişik əraziyə yerləşmələrinə təkan vermişdir. Yeni məkanda kəndlər bir-birinə bitişik, bəzi yerlərdə hətta bir-birinin ərazisinə nüfuz etməklə yerləşmişlər. Buna uyğun olaraq, əslində, vahid yaşayış məntəqəsi yaranmışdır. Bu yaşayış məntəqəsindən ərazicə kənarda ancaq Ləmbəlinin əvvəlki yerləşdiyi əraziyə çox yaxın yerdə, ondan qopmuş olan kiçik Qazlar kəndi qalmışdır. Sözügedən yerdəyişmələr nəticəsində Qaraçöp Elinə aid kəndlərin yerləşməsi hazırkı mövqelərə uyğun vəziyyətə gəlmişdir. alt=“Qaraçöp” çeşnisi əl ilə toxunan Qaraçöp xalçaları|thumb|“Qaraçöp” çeşnisi əl ilə toxunan Qaraçöp xalçaları Qaraçöp Elinə aid kəndlərin regionda yerdəyişmələrinə vahid proses kimi yanaşdıqda, onun gedişində ancaq Muğanlının vəziyyəti “statik” olmuşdur. Digər kəndlərin yerdəyişmələri də, son nəticədə onların Muğanlının qərb və şərq istiqamətində zəncirvarı birləşmələrilə yekunlaşmışdır.
Qaraçöp Elinin həmin dövrdə ətraf ərazidə yerləşən kiçik Malakan kəndləri (bu kəndlər sonradan başqa ərazilərə köç etmişlər) ilə birlikdə əhatə olunduğu kənd icması də “İoro Muğanlı” adlandırılmışdır. Rusiya İmperiyası dağıldıqdan sonra “İoro Muğanlı”nın mövcudluğu da sona yetmişdir. Lakin Qaraçöpü bütünlüklə əhatə edən icmaya qeyd edilən adın verilməsi izsiz də ötüşməmişdir. Gürcüstanın türk əsilli olmayan sakinləri günümüzdə də vahid yaşayış məntəqəsi kimi Qaraçöpü Yor Muğanlı adlandırırlar.
Yeni yaşayış məntəqəsi yarandıqdan sonra orada birləşmiş kəndlərin əvvəlki adları işlənilməkdə davam etmişdir. Bu, vahid yaşayış məntəqəsinin böyüklüyü şəraitində insanların yaşayış yerlərini konkret surətdə müəyyən etmələri, səmt bildirmək, habelə yerli inzibatı və təsərrüfat idarəçiliyinin təşkilində istifadə baxımından zəruri idi. İnsanların yaşayış yerinə mənsubluğunun identifikasıyası sarıdan əvvəlki adlar kənddaxili təmaslarda istifadə edilmişdir.
İlk dövrdən başlayaraq kənarda hər bir sakin kataykonim kimi, başqa sözlə, özünün məkan mənsubluğu kodu olaraq, ancaq “qaraçoplü”nü qəbul edir. Vahid yaşayış məntəqəsində birləşmə sakinlərin birlik, təəssübkeşlik, həmrəylik hisslərini gücləndirmişdir. Eyni zamanda, qüvvələri birləşdirməklə infrastrukturun formalaşdırılması üçün imkan açılmışdır. Birgə tədbirlərin təşkili ilə kəndin su təminatı üçün İori çayından təxminən 15 km uzunluğunda qolun ayrılması, su dəyirmanlarının qurulması, suvarma kanalları şəbəkəsinin yaradılması mümkün olmuşdur. Nəticədə, Qaraçöpdə təsərrüfat fəaliyyəti dircəlmiş, heyvandarlıqla bərabər, bitkiçilik sahələrinin inkişafı da sürətlənmişdir. Bundan əvvəl zəhmətsevər qaraçöplülər çətinliklərə sinə gərərək, iqlim şərtləri çox da əlverişli olmayan və bununla əlaqədar olaraq özlərinin Ağlağan adlandırdıqları dumanlı, yağışlı dağ sahələrini yaylaqlarına çevirmişdirlər.
Birləşmə təmasları genişləndirməklə, həm də yüksək yaradıcılıq yönümlü xalçaçılığın inkişafına təkan vermişdir. Bu sahənin əsas məhsulu olan “Qaraçöp” çeşnisi əl ilə toxunan Qaraçöp xalçaları qlobal bazarda tanınmış brendlər sırasında yer almaqdadır.
1915-ci ildə dərc olunmuş statistika məlumatlarına əsasən, Qaraçöpün vahid yaşayış məntəqəsində birləşmiş hissəsində yaşayanların sayı 4208 nəfər olmuşdur. Əhalinin kəndlər üzrə bölgüsü aşağıdakı kimi idi:
Cədvəl 2. Qaraçöp Elinin vahid yaşayış məntəqəsində birləşmiş hissəsində yaşayan əhalinin kəndlər üzrə bölgüsü KəndlərSayı (nəfər)Baldoy336Düzəyrəm396Çiçmatian (Qarabağlı)382Muğanlı690Keşəli575Ləmbəli1396Tüllər433Cəmi4208
Qaraçop Elində yaşayanların çoxalması yerli sakinlərin sayının təbii artımı ilə yanaşı, yeni köçmələrin hesabına baş vermişdir. Əraziyə Tiflis Quberniyasının digər qəzalarından, habelə Yelizavetpol (Gəncə) quberniyasından ayrı-ayrı ailələr və ailə qrupları halında köçmələr ardıcıl davam etmişdir. 1850-ci illərdən başlayaraq yeni gələnlər ərazidə artıq formalaşmış olan kəndlərdə məskunlamışlar. 1910-cu illərdə kəndlərin sırasına Baldoy da daxil olmuşdur. Baldoy Düzəyrəmin qərb tərəfində ona bitişik ərazidə yerləşmişdir.
Məskunlaşan əhalinin sosial mənsubiyyəti Tarixən Qaraçöp Elinə köçürülənlərin hamısı Xəzinə torpaqlarında yerləşdirilmişdir. Rusiya İmperiyasında bütün əhali sosial statusuna görə xəzinə kəndlisinə aid olmuşdur. Statistika məlumatlarına əsasən, Qaraçöp Elində yüksək çinli insanlar - mülkədar, bəy, ağa (rus: дворяне и высшее мусулманское сословия) olmamışdır. Qarçöpdə dünyaya göz açıb böyüyənlər bu məkanda xüsusi imtiyazlı sosial təbəqəyə aid olan insanlarla qarşılaşmamışlar. Belə mühit, şübhəsiz ki, qaraçöplülərin xarakterlərinin formalaşmasına öz təsirini göstərmişdir.
Qaraçöp Elində məskunlaşmanın ilkin qaynağını Borçalı və Gəncə-Qazax bölgələri təşkil etsə də, müəyyən zaman kəsiyində qaynayıb-qarışma nəticəsində burada sosial bir bütünlük ortaya çıxmışdır.
Bilindiyi kimi, coğrafi mühit böyük və kiçikliyindən asılı olmayaraq etnik və sosial qrupların sosial-psixoloji simasına, ruh halına təsir göstərir. Qaraçöpun nisbətən sərt iqlim şəraiti, su ilə təminatının məhdudluğu sakinlərdə dözümlülüyü, iqtisadi qənaətçiliyi aşılamışdır. Yerli iqtisadiyyat isə böyük ölçüdə heyvandarlığa əsaslanmışdır. Bu sahədə məşğul olan əhalinin böyük qismi yayda otla zəngin olan yaylaqlara köçmüş, payızın sonunda-qış yaxınlaşdıqda “aran” və ya “oba” (“ova”) dedikləri kəndə - daimi yerləşmə məntəqəsinə dönmüşlər. Bütün bunlar kənd sakinlərinin çətin həyat şəraitində yaşama qabiliyyətini gücləndirmişdir.
Yaşam və fəaliyyət mühitində xüsusiyyətlərin də təsiri ilə bağlı qaraçoplülərdə yüksək yurdsevərlik və cəsurluq hissləri formalaşmışdır. Xarakterdə bu xüsusiyyətlər zamanında öz obasını qorumaq üçün sakinlərə nizami ordu hissələrinin qarşısına çıxmağa və ciddi müqavimət nümayiş etdirməyə imkan vermişdir.
Keçən yüzilin ortalarına qədər Qaraçöp Elinin xarici aləmə çıxışı bir qədər zəif olub. Bu da yerli sakinlərin canlı danışıq dilinə başqa dillərdən və ləhcələrdən söz axınının qarşısını almışdır. Yerli ləhcə daha çox “milli” mənşəyini qorumuşdur. Görənək və gələnək, məişət həyatı məsələsində də eyni fikir söylənə bilər.
Əsas oykonimlərin mənşəyi