Elvis Aaron Presli (; ) — amerikalı müğənni və aktyor.

Ölümündən qırx ildən artıq vaxt keçməsinə baxmayaraq Elvis Presli bu gün də dünyanın ən məşhur və tanınmış müğənniləri sırasındadır. Müğənni kimi onun rekordlarını (kasset satışı, pərəstişkar kütləsi və s.) hətta indi də dünyanın ən tanınmış estrada müğənniləri yalnız özlərinin ən şirin yuxularında "təzələyə" bilirlər. O, bütün dünyada bu gün də "rok-n-rollun kralı" kimi yad edilir.

Erkən həyatı (1935–1953)

Uşaqlıq illəri thumb|200px|right| Mississippi, Tupeloda Elvis Preslinin doğulduğu ev Elvis Presli 1935-ci il yanvar ayının 8-də ABŞ-nin Missisipi ştatının Tyüpelo şəhərində, Vernon və Qlədis Preslilərin ailəsində anadan olub (Elvis valideynlərinin hələ anadan olmadan Cess Qaron adı verdikləri əkiz qardaşını doğulduğu gün itirib). Preslilər ailəsi kasıbçılıq içində yaşayıb. Ailənin vəziyyəti gələcək müğənninin atası 1938-ci ildə saxta çek düzəltməkdə ittiham edilərək həbs olunandan sonra daha da ağırlaşıb (atası iki il həbsxanada yatıb). Uşaqlıqdan musiqi və din Elvisin ruhuna hakim kəsilib, kilsəyə baş çəkmək və kilsə xorunda oxumaq onun üçün yerinə yetirilməsi vacib həyati qanunlardan biri olub. Anası oğlunun davranışlarına ömrü boyu xüsusi diqqət yetirib və böyüklərə hörmət etməyin vacib olduğunu bir növ qanun kimi onun beyninə yeridib. Elvis 42 illik həyatında bu qanunu heç vaxt pozmayıb.

11 yaşı tamam olan gün gələcək "rok-n-roll kralı" gitara "hədiyyə" alıb. Dırnaqarası hədiyyə ona görə ki, bu gitaraya görə o öz velosipedi ilə vidalaşmalı olub. Yəqin elə həmin gün dünyada velosipedini itirən bir uşaq "ölüb", əvəzində isə bəşər tarixinin ən dahi müğənnilərindən biri – Elvis Presli dünyaya gəlib. Bu hədiyyəni alandan cəmi bir neçə ay sonra Elvis hər il keçirilən əyalət musiqi yarışmasında "Old Shep" (Qoca çoban) xalq mahnısının ifasına görə mükafata layiq görülüb.

Memfisdə 1948-ci ilin sentyabrında Preslilər ailəsi ailə başçısının – Elvisin atasının tezliklə özünə iş tapacağı ümidilə Memfisə (Tennessi ştatı) köçür. Məhz Memfisdə Elvis müasir musiqi ilə daha dərindən maraqlanmağa başlayır, radioda kantrini, ənənəvi estradanı, eləcə də zənci musiqisini (blüz, buqi-vuqi, ritm ənd blüz) dinləyir. O, həm də Memfisin Bil-strit məhəllələrinə tez-tez baş çəkir, burada qaradərili blüzmenlərin ifasına qulaq asır (təsadüfi deyil ki, Bi Bi Kinq Preslini hələ yeniyetməlik dövründən tanıyırdı), zəncilərin mağazalarından geyimlər alır. Hətta sonralar da onun geyimində zənci geyim üslubu açıq-aydın nəzərə çarpırdı.

1953-cü ildə məktəbi bitirən 18 yaşlı Elvis işə düzəlir və yük maşını sürücüsü işləməyə başlayır. Məhz bu dövrdə o, Sem Fillipsə məxsus səsyazma studiyasına baş çəkmək və gitarasının müşayiəti ilə cəmi səkkiz dollara bir neçə mahnı yazdırmaq qərarına gəlir. Bir nüsxədə, valın iki üzünə yazılmış "My Happiness" və "Thats When My Heartache Begins" mahnıları Elvisin anasına ad günü hədiyyəsi olur. Bu vaxt o, artıq musiqiçi olacağına qəti əmin idi. Sadəcə hansı janrda oxuyacağını – qospel və ya kilsə himnləri, yoxsa kantri ifa edəcəyini özü üçün hələ müəyyənləşdirməmişdi. Elvis buna qədər hətta klubda və bir neçə konsertdə də çıxış etmişdi. Fillipsin studiyasının katibi Preslinin ona maraqlı görünən göstəricilərini özü üçün qeyd edir ("İfanız hansı müğənninin ifasına daha yaxındır" sualına Presli o vaxt "Elə bir müğənni yoxdur!" cavabını verir). Elvis Fillips firmasına (firmanın o dövrdə əsasən zənci musiqisi yazan öz Sun Records studiyası vardı) müğənni lazım olduqda ona zəng etmələrini xahiş edir. Bundan sonra o iş alacağı ümidilə dəfələrlə studiyanın qapısının önündə durur (1954-cü ildə Elvis özü üçün daha bir val yazdırır).

Sun Recordsda yazdırdığı vallar (1954–1955)

"That’s All Right" thumb|right|240px|Presli canlı ifa zamanı 1954-cü ilin iyununda Sem Fillips Sun Records üçün bir neçə mahnı yazmaq fikrinə düşür. Bu məqsədlə o, tanıdığı gitaraçı Skotti Muru və kontrabasçı Bill Bleyki studiyaya dəvət edir. Vokalçı axtararkən Sem öz katibinin məsləhəti ilə Elvis Preslini sınaqdan keçirmək qərarına gəlir. Əvvəlcə ürəkaçan heç bir şey alınmır. Bununla belə studiyada beş həftə ərzində məşqlər davam edir. İyulun 5-də musiqiçilər "I Love You Because" balladısının yazılışından sonrakı fasilə zamanı "Thats All Right (Mama)" mahnısını ifa etməyə başlayırlar. Bu, Artur Krudapın blüz stilində kompozisiyası idi. Amma Presli, Mur və Blek onu tamamilə fərqli bir ritmdə ifa edirlər. Studiyada olan Fillips mahnını eşidər-eşitməz musiqiçilərdən ifa etdikləri bu mahnının nə mahnı olduğunu soruşur. Musiqiçilər heç özləri də nə ifa etdiklərini bilmədiklərini boyunlarına alırlar. Fillips onların mahnını yenidən ifa etmələrini istəyir və onu vala yazır. Bunun ardınca eynilə bu cür ifada Bill Monronun "Blue Moon Of Kentucky" hiti vala köçürülür. Bununla da Sem Fillipsin və Preslinin özünün dayanmadan axtardıqları həmin musiqi yaranır.

İlk sinqllar və çıxışlar

"Thats All Right" (arxa tərəfində "Blue Moon Of Kentucky") sinqlı 1954-cü il iyulun 19-da işıq üzü gördü və Memfis radiolarında ardıcıl səsləndirilməsi sayəsində iyirmi min nüsxəylə satıldı. İlk sinqlın formulasına uyğun (bir üzündə blüz, digər üzündə kantri) bir il ərzində "Good Rockin Tonight / I Dont Care If The Sun Dont Shine" (sentyabr, 1954), "Milkcow Blues Boogie / You Are A Heartbreaker" (yanvar, 1955), "Baby, Lets Play House / I Am Left, You Are Right, She Is Gone" (aprel, 1955), "I Forgot To Remember To Forgot / Mystery Train" (avqust, 1955) sinqlları işıq üzü gördü. Bütün bu mahnılar müğənninin istedadını birmənalı şəkildə təsdiq etməklə yanaşı, öz inkişafına görə Elvis Preslinin məhz Sun Recordsdakı işlərinə borclu olan rok-n-rollun klassik nümunələrinə çevrildilər. Qeyd etmək lazımdır ki, müğənninin ilk vallarındakı mahnılar rok-n-roll adlandırılmırdı (bu termin o dövrdə nadir hallarda işlədilirdi). Onlar kantrinin yeni növü kimi qiymətləndirilirdi. Bu səbəbdən Elvis Presliyə o illərdə "Hillbilli Kət" ("Hillbilly Cat". "Hillbilli" – kantrinin köhnəlmiş adlarından biri) ləqəbi verilmişdi. Preslinin ilk dövrlərdə oxuduğu mahnılar o dövrün radio dinləyicilərində çaşqınlıq yaratmışdı. Onlar mahnını ağ dərili müğənninin və ya zəncinin oxuduğunu müəyyən edə bilmirdilər (o zamanlar irqi ayrı-seçkilik Amerikanın Cənub ştatlarında adi həyat norması idi). Mahnının janrı da anlaşılmaz idi (kütləvi mahnılar əsrin əvvəlindən aydın tərzdə kateqoriyalara bölünmüşdü). Məhz Amerika mədəniyyətinin bütün elementlərinin bu cür sintezi Elvis Preslinin böyük xidmətlərindən sayılır.

1954-cü ildən Presli, Mur və Bləkin (afişalarda onlar birlikdə "Blue Moon Boys" adlanırdılar) ilk birgə çıxışları başlayır. Həmin ilin sentyabrında Neşvill şəhərində məşhur "Grand Ole Opry" radio konsertindəki uğursuzluğa baxmayaraq "Blue Moon Boys"un çıxışları uğurla, yüksələn xətt üzrə davam edirdi. Onlar Cənuba, xüsusilə də Texas ştatına tez-tez qastrol səfərlərinə yollanırdılar. Hərdən Sun Recordsun parlamaqda olan ulduzları Conni Keş və Karl Perkins də onlara qoşulurdular. 1954-cü ilin oktyabrından musiqiçilər "Louisiana Hayride" şənbə radio konsertlərinin daimi iştirakçısına çevrilirlər. Məhz bu zaman Preslinin dayanmadan ombasını yırğalayıb emosional tərzdə əl-qol atması və bədən hərəkətləri etməsindən ibarət səciyyəvi xoreoqrafik səhnə davranışı yaranır. Bu davranış kütləni hədsiz dərəcədə coşdururdu.

Bu çıxışlar, eləcə də yeni sinqllar müğənninin şöhrətinin əvvəlcə bu bölgədə, 1955-ci ildə isə bütün ölkədə artmasına səbəb olur ("I Forgot To Remember To Forget" sinqlı "Billbord" jurnalının kantri kateqoriyası üzrə keçirilən hit-paradında 1-ci yeri tutur). Preslinin uğuru o vaxt kantri ulduzu Henk Snounu himayə edən işbaz cənublu polkovnik Tom Parkerin diqqətini cəlb edir. Parker işlərini idarə etmək üçün 1955-ci ilin avqustunda müğənni ilə müqavilə imzalamamışdan əvvəl, təxminən bir il ərzində Preslinin fəaliyyətini diqqətlə izləyir (düzdür, müqavilə imzalanandan sonra da Preslinin əvvəlki impresariosu Bob Nil bir il formal olaraq onun meneceri sayılır). Parker Sun Recordsun imkanlarının məhdud olduğunu yaxşı anlayırdı və bu səbəbdən daha iri şirkətlərə çıxış axtarırdı. Nəhayət, "RCA Records" müğənni ilə maraqlanmağa başlayır və 1955-ci il noyabrın 20-də Presli ilə müqavilə imzalayır ("RCA" cəld tərpənib Preslinin buna qədər yazdırdığı bütün mahnıların kataloqunu Sun Recordsdan 40 000 dollara alır. Bu pulun 5 000 dolları şəxsən Presliyə çatır).

Rok-n-rollun kralı (1956)

Televiziya çıxışları və yeni mahnılar

1956-cı il Elvis Presliyə təkcə Amerikada deyil, həm də bütün dünyada şöhrət qazandırmaqla onun taleyində dönüş ilinə çevrildi. Preslinin "RCA"-da yazdırdığı ilk sinqlı duyğusal blüz kompozisiyası "Heartbreak Hotel" oldu. Mahnının buna qədər Sun Recordsda yazılan mahnılarla heç bir oxşarlığı yox idi. Bu, əvvəlcə "RCA" rəhbərliyini narahat edirdi. Amma onların əndişələri əbəs idi: sinql hit-paradda 1-ci yeri tutdu və milyon nüsxədən çox satıldı. Bunun ardınca "Blue Suede Shoes" və "I Want You, I Need You, I Love You" sinqlları və səsyazma tarixində ilk dəfə olaraq satışda milyon nüsxə həddini aşan "Elvis Presley" albomu işıq üzü gördü. Elə Amerikanı şoka salan və müğənniyə minlərlə amerikalı yeniyetmənin sevgisini qazandıran televiziya çıxışları da bu dövrə təsadüf edir. Gənc Elvisin musiqisi, geyim tərzi, səhnə hərəkətləri və özünü aparması – bütün bunlar adi kantri ifaçılarının, eləcə də Sinatra kimi estrada müğənnilərinin musiqisinə, davranışlarına bənzəmirdi. Bu vaxt Preslidə vulqarlıq, istedadsızlıq görən yaşlı nəsil böyük hay-küy qopardı (xüsusilə, Milton Berlin Elvisin 1956-cı ilin iyununda ilk dəfə "Hound Dog" mahnısını oxuduğu teleşousu neqativ reaksiya doğurdu). Bu, Elvisin üsyançı imicini formalaşdırdı. Halbuki müğənni özünü heç vaxt üsyançı saymırdı və onun bütün hərəkətləri təbii idi. O, necə varsa eləydi. Buna görə də o sevilirdi. Buna misal kimi əvvəlcə Presliyə onun şousunda yer olmadığını, sonralar isə müğənnini bir neçə veriliş dalbadal dəvət edib canlı efirdə Elvis Preslinin "doğrudan da alicənab birisi olduğunu" söyləyən televiziya aparıcısı Ed Sallivanı göstərmək olar.

1956-cı ilin yayında "Hound Dog / Dont Be Cruel" sinqlı, payızında isə müğənninin ikinci albomu – "Elvis" işıq üzü görür və onların hər ikisi hit-paradda 1-ci yeri tutur. Bu dövrdə artıq xaricdə vallar buraxan Presli dünya şöhrəti qazanmışdı (Presli həmişə ən stabil uğurları Böyük Britaniyada və Almaniyada qazanıb). Oktyabrda Amerikanın "Varyete" jurnalı Preslini "rok-n-rollun kralı" elan edir. Bu vaxtdan etibarən polkovnik Tom Parker Elvis Preslinin yeganə impresariosu olur.

Polkovnik Tom Parker thumb|left|200px|"His Hand In Mine" Parker şou-biznesdə kifayət qədər hörmətli və ciddi adamlardan idi. Özünün əvvəlcə ən əsas, sonralar isə yeganə müştərisi – Elvis Presli üçün o bütün danışıqlardan maksimum xeyir əldə etməyə çalışırdı və çox vaxt razılaşmalardan əldə olunan qazancın həcminə görə rekordlara imza atırdı. Presli ilə polkovnik arasında imzalanan müqaviləyə əsasən qazancın 50%-i şəxsən Elvisə çatır, 50%-i isə Parkerin kontorunun hesabına köçürülürdü. Polkovnik Preslinin musiqilərinə və şəxsi həyatına qarışmırdı. Onun təsərrüfat fəaliyyətinə heç bir məhdudiyyət qoyulmamışdı. Bəzi iddialara görə Presli Parkerin maliyyə işlərinə nəzarət etmədiyinə görə milyonlar itirirmiş. Bundan başqa gəlirin böyük hissəsindən vergi verilmirmiş. Müğənninin vəfatından sonra onun varislərinin bununla bağlı xeyli problemləri yaranmışdı. Tom Parker tarixdə ilk dəfə üzərinə Elvis Preslinin portretləri həkk olunan və ya sadəcə adı yazılan qələmləri, gitaraları, saatları, təqvimləri, geyimləri lisenziyalaşdırmaqla populyar musiqi ifaçısı atributikasının kütləvi istehsalına başlamışdır.

Çox illər sonra məlum olmuşdur ki, Tom Parker 1920-ci illərin sonlarında Hollandiyadan ABŞ-yə qeyri-qanuni yollarla gəlmiş, əsl adı Andreas Kornelius van Kuyk olan mühacir imiş, polkovnik rütbəsini isə o, 1948-ci ildə "almışdır". Elvisin sağlığında bu faktlar heç vaxt açıqlanmamışdı.

Kinodebüt və ordu (1956–1959)